Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında “Normandiya formatı” çərçivəsində növbəti telefon danışığı olub.
“112.ua” saytının verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko həmkarlarına bildirib ki, Debaltsevoda baş verənlərin guya Minsk sazişinə uyğun olduğu barədə rəy yaratmaq doğru deyil. O, razılaşmaların bundan sonra da pozulması ehtimalına qarşı dəqiq qarantiyalar işlənib hazırlanmasını zəruri sayıb. Tərəflər razılaşıblar ki, ATƏT-in xüsusi monitorinq missiyasının atışmaların olduğu zonalara səfərlərinə şərait yaradılmalıdır və yalnız tam atəşkəsə nail olduqdan sonra ATƏT-in müşahidəçiliyi ilə ağır texnika və reaktiv atəş sistemlərinin təmas xəttindən çıxarılmasına başlanmalıdır. P. Poroşenko bütün əsirlərin buraxılmasını tələb edib.
Prezidentlər bu məsələlərin həlli üçün xarici işlər nazirləri səviyyəsində öz fəaliyyətlərini əlaqələndirməyi qərara alıblar. Ukrayna tərəfi burada da israr edib ki, bu diskussiyalara həm təmas xəttinə, həm də Ukrayna-Rusiya sərhədinə sülhməramlı qüvvələrin cəlb olunması məsələsi də daxil edilsin.



