
Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu müddəti cari ilin oktyabr ayının 1-dən başa çatacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a bildiriblər ki, müraciət etmiş şəxslərə imtahan və müsahibə zamanı sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısının və digər zəruri məlumatların əks olunduğu “Yaddaş kitabçası” təqdim edilib, müsabiqənin prosedurları barədə müvafiq izahlar verilib.
“Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.
Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcəkdir.



