Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü barədə məlumat yayılıb. Ermənistan KİV-ləri görüşün bu il avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Brüsseldə baş tutacağını iddia edib.
Xatırladaq ki, bundan əvvəl yayılmış məlumatlarda görüşün Moskvada Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə keçiriləcəyi bildirilmişdi.

Brüsseldəki növbəti görüş barədə Elchi.az-a danışan politoloq, “Müstəqil Mətbuat” İctimai Birliyinin rəhbəri Elçin Xalidbəyli bildirib ki, ABŞ və Qərb Rusiya ilə amansız, həm də güzəştsiz rəqabət aparır. Bu rəqabət yalnız Ukrayna savaşı üzərindən deyil, həm də Cənubi Qafqaz regionunda da davam edir:
“Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin də vasitəçilik etməsinə məhz ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti konteksində yanaşmaq daha doğru olardı.
Məsələ ondadır ki, ABŞ və Qərb Şarl Mişelin vasitəçiliyi sayəsində Rusiyanı Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən kənarlaşdırmaq niyyəti güdür. Çünki, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan bu prosesdən Kremlin kənarlaşdırılması, Rusiyanın ümumiyyətlə, regiondan sıxışdırılıb, çıxarılmasının başlanğıcı ola bilər. Və hazırda Qərb siyasi dairələri əsasən, Ermənistanın Rusiyadan qoparılmasına cəhd göstərirlər.
Maraqlıdır ki, Qərb artıq bu məsələdə müəyyən uğurlar qazanmağa da başlayıb. Belə ki, Rusiya və Ermənistan arasındakı münasibətlərdə kifayət qədər ciddi çatlar yaranıb. Rəsmi İrəvan Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı intensivləşdirib. Kreml bundan həm narazı, həm də qəzəblidir.
Bütün bunları nəzərə aldıqda, Rusiya siyasi dairələri və mətbuatının Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçiriləcəyi barədə yaydığı məlumatların boşa çıxarılması maraqlı prosesdir. Çünki, həmin görüşün əvvəlcədən elan edilmiş tarixdə Moskvada deyil, məhz Brüsseldə keçilməsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına və mövqelərinə sarsıdıcı zərbədir”.
Analitikin qənaətincə, belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı sülh danışıqları prosesində oyundankənar vəziyyətə salmaq üzrədir:
“Belə davam edərsə, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ümumiyyətlə, arxa plana keçirilmiş olacaq. Sülh danışıqlarında avanqard moderator status Brüsselin əlinə keçəcək. Nəticədə, Rusiya sülh danışıqlarında vasitəçilik funksiyalarını tədricən itirməyə başlayıb.
Təbii ki, rəsmi Bakı üçün Brüsseldə və ya Moskvada görüşün keçirilməsi o qədər də prinsipial əhəmiyyət daşımır. Əsas məsələ odur ki, rəsmi Bakının konkret hədəfləri mövcuddur və onların heç birisindən geri çəkilmək niyyətində deyil. Görüşün Moskvada və ya Brüsseldə keçirilməsindən asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları masasının arxasında geopoloitik iradə sahibi olacaq. Çünki, Ukrayna savaşı Rusiyanı ciddi şəkildə zəiflədib. Eyni zamanda, indiki situasiyada Kremlin Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə, əməkdaşlığa və tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var.
Digər tərəfdən, Ukrayna savaşının dünyada yaratdığı situasiya, Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi məkanında yaratdığı enerji böhranı da Azərbaycan Prezidentinin əlini maksimum səviyyədə gücləndirən önəmli faktirdur. Çünki, hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində əvəzolunmaz partnyor statusuna da sahiblənib. Ona görə də, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının şərtlərini diqtə edən tərəf olacağı qətiyyən şübhə doğurmur”.
E.Xalidbəyli qeyd edib ki, 44 günlük II Qarabağ savaşındakı tarixi qələbə ilə yanaşı, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatının son nəticələri də Prezident İlham Əliyevə hərbi-siyasi üstünlüklər qazandırıb:
“Ermənistan baş naziri Nikol Paşinyan istənilən halda, Azərbaycan Prezidentinin sülh danışıqları masası arxasındakı güclü mövqeyi qarşısında aciz durumdadır. Və erməni baş nazirin Azərbaycan liderinin diqtə etdiyi şərtləri qəbul etmək məcburiyyətində olduğu qətiyyən şübhə doğurmur.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan qarşısında təklənmiş, xarici müttəfiqlərini və himayədarlarını itirmiş Ermənistanın Brüssel görüşündən növbəti siyasi-diplomatik məğlubiyyətlə ayrılacağını ehtimal etmək olar. Yəqin ki, bu görüşdən sonra Cənubi Qafqazda sülh prosesinə yönəlik addımların daha da intensivləşə bilər. İndiki situasiyaya görə rəsmi İrəvandan ciddi şəkildə narazı olan Kremlin Brüssel görüşündən sonra Ermənistana münasibətdə daha sərt davrana biləcəyi də qətiyyən istisna deyil. Yəni, Ermənistanın “qara günləri” hələ irəlidədir”.
Yeganə






