Xəbər verdiyimiz kimi, bayramdan bir neçə gün öncə Akademik Milli Dram Teatrında (AzDrama) teatrın direktoru ilə aktyorlar arasında qalmaqal yaşanmışdı. Teatrın məşhur aktyorları direktor İsrafil İsrafilovun fəaliyyətindən və iş prinsiplərindən narazı olduqlarını bildiriblər.
Xalq Artisti Nürəddin Mehdixanlı Fraqment.Az saytına verdiyi qısa açıqlamada hadisəni təsdiqləyib və kollektivin direktora qarşı çıxdığını deyib: “Bəli belə bir hadisə olub. Kollektivin bir neçə üzvü teatrın direktoruna qarşı qəti şəkildə narazılığını bildirib. Kollektiv teatrın rəhbərliyini düzgün iş prinsipləri tutmamaqda ittiham edib. Orada mən də öz fikirlərimi çatdırmışam, rəhbərliyin düzgün işləməməsindən narazılığımı bildirmişəm. Mənim vəziyyətimin pisləşməsi məsələsinə gəldikdə isə bunlar düzgün məlumat deyil. Mübahisə zamanı mən də öz fikrimi bildirmişəm”.
Qeyd edək ki, teatrın direktoru İsrafil İsrafilov Yeni İl Bayramı ilə əlaqədar aktyorları təbrik etmək üçün foyeyə dəvət edib. Direktorun çıxışı zamanı xalq artisti İlham Əsgərov etiraz edib və direktorun qarşısındakı mikrofonu götürüb. Daha sonra, aktyorlar da direktora etiraz edib. Etiraz edənlər arasında Nürəddin Mehdixanlı, Füzuli Hüseynov, Abas Qəhrəmanov da olub. Deyilənlərə görə, İlham Əsgərov bir neçə aktyorun köməkliyi ilə sakitləşdirilib. Daha sonra Nürəddin Mehdixanlı direktora qarşı çıxış edib.



