Möhlət Müslümov: “Atam mənə ilk dəfə tar alanda ağladım”
“Yeni Müsavat”ın bu dəfəki müsahibi xalq artisti, tar ifaçısı Möhlət Müslümovdur.
M.Müslümov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib. O, S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Dövlət Milli Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosentidir.
Tanınmış ifaçı eyni zamanda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir.
M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir.
Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanıb. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Rumıniya, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanıb.
Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılıb. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır.
M.Müslümov 2000-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2006-ci ildən prezident mükafatçısıdır.
Müsahibim söhbətə tarla ilk tanışlığından başladı:
|
““Kor-peşman geri qayıdanda məktəbin müdiri atamı arxadan çağırıb mənim musiqi duyumumu yoxlamaq istədiyini bildirdi”
|
– Tarla ilk tanışlığım göz açdığım ailədən başladı. Tarı yaxından görməmişdim, lakin atamın tara vurğunluğu var idi. Atam o dövrün tar ifaçılarını çox sevirdi. Bizim uşaqlıq dövrümüzdə televiziya yox idi, muğamı, musiqiləri yalnız radiodan dinləyirdik. Uşaqlıq yaddaşı güclü olur, yadımdadır ki, tar musiqisi səslənəndə bacımla mən sakit dayanırdıq, atam da musiqini böyük həzlə dinləyirdi. Bax, elə o zamandan tara marağım yaranmışdı.
Ailəmizin tar almağa imkanı yox idi. Yoxsulluq, çətinlik buna imkan vermirdi… Anam danışardı ki, iki yaşımda, təzə dil açan vaxtlarımda radioda Qulu Əsəgərov “Bəyənmir” mahnısını oxuyanda tavanı gətirib anama verib “oxu” demişəm. Anam da deyib ki, “ay bala, axı mən oxuya bilmirəm…” Anam deyərdi ki, onda mən ağlamağa başlamışam, bu zaman anam nəsə oxuyub və mən də sakitləşib ona qulaq asmışam.
Beləliklə, valideynlərim musiqiyə olan bu cür həvəsimi görüb mənə oyuncaq gitara almışdılar.
“Atam mənə tar alanda aləti öpüb ağlamışdım”
Musiqi duyumum, ritm istedadım yaxşı olduğundan sonralar öz-özümə nağara da ifa etməyə başladım. 5 yaşımda artıq nağara çalmağı bacarırdım. Lakin tara olan məhəbbətim məni rahat buraxmırdı. Hər zaman “tar istəyirəm” deyib arzumu bildirirdim. Atam ilk dəfə mənə tar alıb gətirəndə çox kövrəldim. Yadımdadır, onda tarı öpüb ağladım. O hadisə heç vaxt xatirimdən çıxmaz…
|
“Biz hətta beton da qarışdırırdıq. Elə bir vaxt gəldi ki, artıq ümidimi üzdüm ki, daha tar çala bilməyəcəm”
|
O vaxtı mən bilmirdim ki, gələcəkdə hansı sənətin sahibi olacam. Biz anadan olanda nüfuz kağızımıza yazılmırdı ki, gələcəkdə əməkdar, yaxud xalq artisti olacağıq. Bu, Allah-taalanın işi, alın yazısıdır. Qazanılan yalnız istedad sayəsində olur. Xalq səni sevməsə, dövlət səni qiymətləndirməsə, bunları əldə edə bilməzsən. Bütün bunları mən gördüm, həm xalqım, həm də dövlət tərəfindən kifayət qədər dəyərləndirildim, sevildim…
Beləliklə, tarla tanışlığım başladı. O vaxtdan bu yana 50 ildir bu tar qucağımdadır. Bu illər ərzində mən tarı gəzdirmişəm, tar məni gəzdirib. Mən elə fərz edirəm ki, tarıma hər zaman baş ucalığı gətirdim, eyni zamanda tar da mənə başı ucalığı gətirdi… Bu tarla dünyanı gəzdim.
|
““Səid Rüstəmov hirslə əlini stola çırpıb Ramiz Mirişliyə dedi ki, görürsən, ay Ramiz, bu vicdansızları?!”
|
– İlk müəlliminiz kim olub?
– Qonşuluqda bir kişi var idi. O, Ermənistandan Bakıya təzəcə köçmüşdü. Atamdan da yaşca böyük idi, özü də fəhlə işləyirdi, çox gözəl insan idi. Həmişə danışardı ki, Ermənistanda Səid Rüstəmovun tələbəsi olub. O kişi görürdü ki, mən tarla gedib-gəlirəm, mənə rəqsləri öyrətməyə başladı. “101” rəqsini ilk dəfə mənə o öyrətmişdi.
Bildiyiniz kimi, həmin dövrlərdə maddi sıxıntı var idi, hər yerdə kasıbçılıq hökm sürürdü. Buna görə atam məni musiqi məktəbinə gec apardı. Əgər dərslər sentyabrda başlayırdısa, mən payız aylarında dərsə getməli oldum. Məktəbdən atama dedilər ki, gec müraciət etdiyimizdən məni qəbul edə bilməyəcəklər. Kor-peşman geri qayıdanda məktəbin müdiri atamı arxadan çağırıb mənim musiqi duyumumu yoxlamaq istədiyini bildirdi. Məni yoxladılar, onda gördüm ki, hamısı gülümsəyir. Atama dedilər ki, bu uşağı qəbul edirik. Beləliklə, gec də olsa 18 saylı musiqi məktəbinə daxil oldum.
İlk müəllimim Nadir Hüseynov oldu. Oranı bitirdikdən sonra sənədlərimi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə verdim. O dövrdə bu məktəb bütün Şərqdə barmaqla sayılan musiqi ocaqlarından biri idi. Tanınmış korifey sənətçilərin əksəriyyəti bu kollecdə dərs deyirdilər. Çox arzusunda idim ki, tanınmış bəstəkar və ifaçı Adil Gərayın sinfində təhsil alım. Lakin məni gənc kadr olan Məmmədağa Kərimovun sinfinə verdilər. Buna baxmayaraq onun sinfində təhsil aldığım müddətdə Adil Gərayın, Kamil Əhmədovun da dərslərinə gedib onlardan nəsə öyrənməyə çalışırdım.
|
“Polşadakı konsertdə Şopenin əsərini çalanda fikirləşirdim ki, yəqin məni ayaqüstə alqışlayacaqlar. Amma onun öz vətənində əsərini çalmaq meşəyə odunla getmək kimi bir şey imiş”
|
O dövrdə biz indiki gənclərdən fərqli olaraq sənətçiləri böyük maraqla izləyirdik. Onların geyiminə, yerişinə, hətta yol gedərkən aləti hansı əlində tutduqlarına belə fikir verirdik. Biz onlara pərəstiş edirdik.
Onu da qeyd edim ki, mənim bu sənətdə idealım həmişə Əhsən Dadaşov olub. Gəncliyimdə Əhsən Dadaşov, Hacı Məmmədov, Bəhram Mənsurovu görmüşəm.
Sonra iş elə gətirdi ki, təyinatla Xaçmaza göndərildim. O dövrdə belə bir qanun var idi ki, təyin olunan yerə getmədən ali məktəbə sənəd verə bilməzdik. Beləliklə, bir müddət Xaşmazdakı musiqi məktəbində çalışdım.
Sonra isə hərbi xidmətə gedəsi oldum. Əsgərlikdə sənətdən xeyi kənarda qaldım. Vaxt keçdikcə barmaqlarım qaydadan düşürdü, musiqidən uzaqlaşırdım. Hərbi xidmətdə biz hətta beton da qarışdırırdıq. Elə bir vaxt gəldi ki, artıq ümidimi üzdüm ki, daha tar çala bilməyəcəm. Lakin inadkarlığım buna qalib gəldi və hərbi xidməti bitirib Konservatoriyaya gəldim.
|
“Vasif Adıgözəlov dedi ki, Möhlət, bizi işə saldın, polşalı musiqiçilər əsərdə muğam olan hissəni axtarırlar”
|
Zamanında bura daxil olmaq üçün 9 imtahan verməli idik. Bunlardan 6-sı musiqi fənnidən idi, 3-ü isə humanitar fənlərə aid idi. Mən 7-ci imtahandan, yəni SSRİ tarixindən kəsildim. Bundan sonra tamamilə ruhdan düşdüm, öz–özümə dedim ki, “daha Konservatoriyaya getməyəcəm”. Bir qədər özümə gələndən sonra sənədlərimi o dövrkü İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verməyə çalışdım.
Məqsədim yalnız diplom almaq idi… İmtahanlara bir ay qalmış “Kommunist” qəzetində bir elana rast gəldim. Elanda bildirilirdi ki, İncəsənət İnstitutunda, Konservatoriyada və İdman İnstitutunda qəbul zamanı ixtisasdan “5” qiymət alınlara digər fənlərdən güzəşt olunacaq. Yenidən sənədlərimi Konservatoriyaya vermək qərarına gəldim. Və bir ay evdə xeyli məşqlər etdim.
Beləliklə qəbul imtahanını Səid Rüstəmov və Ramiz Mirişli qəbul edirdi. O zaman mənim 22 yaşım var idi. Digər imtahan verənlərdən yaşlı idim. Əsərlərimi ifa etdim. Səid Rüstəmov ağır təbiətli insan idi. Hər şeyə gülümsəmirdi. Lakin mən ifa etdikcə hiss edirdim ki, onun üzü gülür. Və birdən səhnədən məni öz yanına çağırdı. Məndən hansı məktəbi bitirdiyimi və yaşımı soruşdu. Bir qədər yaşlı olduğumu görəndə sual etdi: “Niyə bu cür ifa ilə indiyədək Konservatoriyaya gəlməmisən?” Dedim ki, Səid müəllim, mən bir dəfə gəlib sənədlərimi verdim, lakin tarixdən kəsildim”.
Bunu eşidəndə Səid müəllim hirslə əlini stola çırpıb Ramiz Mirişliyə dedi: “Görürsən, ay Ramiz, bu vicdansızları?! Mən bu uşağa bu dəqiqə Konservatoriyanın diplomunu verib məzun edərəm. Bu cür istedadlı oğlanı heç nədən kəsiblər”. Səid Rüstəmov mənə bildirdi ki, imtahanlar zamanı mənə hər cür köməklik edəcək.
Allah ona rəhmət eləsin, 9 imtahanın hamısında gəlib başımın üstündə dayandı. O, bütün imtahan götürən müəllimlərə xahiş edirdi ki, mənə yüksək qiymətlər yazılsın. Allah sevdiyi bəndələrinə həmişə kömək edir. Bu baxımdan mənim də bəxtimə yaxşı insanlar çıxdı. Bu insanlar elə ən birincisi görkəmli bəstəkar və gözəl insan Səid Rüstəmov idi. Beləliklə, Konservatoriyaya daxil ola bildim.
|
“Kanadada qastrol səfərində idim. Gecə qaldığım oteldə, qonşu otaqda musiqi səsləri eşitdim. Kimsə gitarada nələrsə çalırdı. Dözməyib tarımı da götürüb qonşu otağın qapısını döydüm. Tanışlıqdan sonra məlum oldu ki, Amerikanın ən məşhur gitaristləridir. Məndən vətənim və əlimdəki tar barəsində soruşdular. Onlarla musiqi deyişməsinə başladım. Axırda mənə məğlub oldular”
|
Maddi imkansızlıq məni çox üzürdü, işləməli idim. Buna görə elə həmin ildən məni Asəf Zeynallı adına musiqi məktəbinə işə götürdülər. Çox gənc müəllim idim. Demək olar ki, tələbələrdən seçilmirdim.
Tanınmış ustad xanəndə, muğam bilicisi Nəriman Əliyevin sinfində konsertmeyster işləməyə başladım. O dövrdə Nəriman Əliyevin sinfində çalışmaq böyük şərəf idi. İndiki xalq artistlərinin çoxu o zamanlar hələ tələbə idilər. Elə fərz edirəm ki, onun sinfində çalışmağım 2-3 akademiya bitirməyimə dəyər. Onda muğamları daha dərindən öyrəndim. Muğam aləmində ən qəliz predmetləri mənə Nəriman müəllim öyrətdi.
Bununla paralel mən tanınmış sənətçilərin dərslərində otururdum. Hər birindən yeni bir şey öyrənməyə çalışırdım. İndikindən fərqli olaraq, onda eşitdiyimiz musiqini yazmaq imkanımız qətiyyən yox idi. Biz eşitdiklərimizi beynimizə yazırdıq. O zamanlar mən çox böyük məktəb keçdim. İndinin özündə də mən hələ də o məktəbdən yaralanıram.
– Daha çox bəstəkar əsərlərinə, yoxsa muğamlara üstünlük verirsiz?
– Doğrudur, hazırda da mən notla olan əsərlərə müraciət edirəm. Qara Qarayevin bəstəkar oğlu Fərəc Qarayev mənim üçün “Xütbə, müğam və surə” əsərini yazdı. Əsər ilk dəfə Amsterdamda səsləndirildi, daha sonra digər qastrol səfərlərinə bu əsəri layiqli şəkildə təqdim etdim.
Firəngiz Əlizadənin bir çox əsərlərində çıxış etmişəm. Deməyim budur ki, notla ifanı lazımi şəkildə bilməyim bu cür əsərləri lazımi şəkildə təqdim etməyimə böyük kömək oldu.
Muğam gəldikdə isə, deyərdim ki, muğam dəryadır, necə deyə bilərəm ki, mən bu dəryanın yaxşı üzgüçüsüyəm. Onu hələ də öyrənirəm. Bunu öyrənib bitirmək olmur.
“Hər xörəyin öz qaşığı var…”
– Bəzən şahidi oluruq ki, gənc ifaçılar yeri gəldi-gəlmədi xarici əsərləri tar üçün transkripsiya edir, ifasında istədiyi improvizasiyalara müraciət edir. Bunu necə qarşılayırsız?
– Mən tamamilə bunun əleyhinəyəm. Hər xörəyin öz qaşığı var. Əgər yenilik edilirsə də bu gərək lazımi səviyyədə və professional şəkildə edilsin. Belə olmayan halda tar cılızlaşmış olur, musiqimiz bərbad vəziyyətə düşür.
Xarici ölkəyə ilk səfərim Polşadan başlayıb. Repertuarımda Şopenin valsı, Motsartın əsəri və Vasif Adıgözəlovun “ Qərənfil“ əsəri idi. “Qərənfil”i elə müəllifin özü ilə hazırlamışdıq. Yəni royal arxasında məni müşayiət edən Vasif Adigözəlov idi.
Deyim ki, bu əsər fortepiano üçün köçürülmüşdü, lakin heç kim ifa etməmişdi. Mən onda Vasif müəllimdən icazə aldım ki, əsərin orta hissəsində bir qədər muğam ifa edim. Vasif müəllim mənə dedi ki, “Möhlət çal, amma axı mən ora muğam əlavə etməmişəm”. Vasif müəllim mənim xətrimi çox istədiyindən buna razılıq verdi.
|
“Hərdən yanıma tələbə gətirib deyilər: “Möhlət müəllim, buna tar öyrədin, gələcəkdə toylarda saz çalıb pul qazana bilsin”. Belə valideynlərə məəttəl qalıram”
|
Onda mən elə fikirləşirdim ki, Şopenin vətənində onun əsərini tarda ifa etsəm onlar üçün çox maraqlı olar. Hətta gözləyirdim ki, buna görə məni ayaqüstə alqışlayacaqlar.
“Şopenin əsərini onun vətənində ifa etmək meşəyə odun aparmaq kimi bir şeydir”
Lakin ifa edərək zala nəzər salanda gördüm ki, onlar sadəcə gülümsəyirlər. Motsartın əsərini də ifa edəndə eyni halla qarşılaşdım.
Elə ki, “Qərənfil”i ifa etdim, daha böyük alqışlarla qarşılaşdım. Konsertdən sonra polşalı musiqiçilər həmin əsərin klavirini məndən istədilər. Notları verəndə gördüm ki, vərəqələyib nəsə axtarırlar. Onda Vasif müəllim mənə dedi ki, “sən bizi işə salmısan, onlar muğam olan hissəni axtarırlar”. O, musiqiçiləri başa saldı ki, muğam olan hissə notda yoxdur. İfa olunan taristin improvizasiyasıdır”.
Bu zaman onlar məndən xahiş etdilər ki, bir az muğamdan danışım. Onlar hətta xahiş etdilər ki, Polşada iki saatlıq muğamla bağlı konsert də verim. Həmin dövrlər gənclik çağlarım idi. Yəni enerjimin aşıb-daşırdı.
Buna görə həmin dəqiqə razı oldum. Vasif müəllim bir qədər narahat oldu ki, gənc olduğumdan bunun öhdəsindən gələ bilmərəm. Lakin inadkarlığım sayəsində iki gündəcə 7 əsas muğamı hazırlayıb konsertə çıxdım. Hətta yadımdadır ki, muğamı dinləmək üçün digər şəhərlərdən də təyyarə ilə gələnlər var idi.
Onlar muğamı dinləməyə, onunla yaxından tanış olmağa gəlirdirlər. Konsertdə tamaşaçılar musiqimizi ayaq üstə alqışlayır, hətta ağlayanlar da var idi. 22-23 yaşlı bir ifaçı üçün bu, böyük nailiyyət idi. Bax, elə o zaman qəti qərar gəldim ki, artıq muğama daha çox vaxt ayırım. Şopen, Motsart biz musiqiçilər üçün lazımdır, lakin əsasən öz bəstəkarlarımızın əsərlərini ifa etməliyik. Şopenin əsərini onun vətənində ifa etmək meşəyə odun aparmaq kimi bir şeydir. Biz öz musiqimizi daha çox təbliğ etməliyik. Mən nə qədər Polşa əsərini əla ifa etsəm də, onu polyak musiqiçisi kimi çatdıra bilmərəm.
“Əvvəllər muğamı folklor musiqisi adlandırırdılar”
Bizim gəncliyimizdə tar üçün çox az əsərlər yazılmışdı. Buna görə çəkinmədən tanınmış bəstəkarlarımızdan tar üçün də musiqi yazmalarını xahiş edirdim. Yalnız Hacı Xanməmmədov, Ramiz Mirişli, Səid Rüstəmov, Süleyman Ələsəgərov bu alət üçün bir neçə əsər yazmışdı.
Əvvəllər muğamı folklor musiqisi də adlandırırdılar. Bir dəfə Alim Qasımovla beynəlxalq bir tədbirdə çıxış etdik. Onda tanınmış amerikalı musiqiçi bizə yaxınlaşıb soruşdu: “Niyə muğamı folklor musiqisi adlanıdırısınız? Muğam professional musiqidən belə ucada dayanan musiqidir”. Bunların hamısını gənc yaşlarımda görürdüm, fikirləşirdim ki, biz muğamımızla bütün dünyanı ayağa qaldıra bilərik.
İndi şükürlər olsun ki, muğama böyük qiymət var. Buna səbəbkar isə Mehriban Əliyevadır. O, muğama analoqu olmaya dəyər verdi. Çox təəssüflər olsun ki, bütün bunları rəhmətə gedən korifey sənətkarlarımız görmədi.
Muğamı sintez edib estrada, pop, caz çalsınlar. Lakin mütəxəssis rəyi mütləq lazımdır.
Bir dəfə Kanadada qastrol səfərində idim. Gecə vaxtı qaldığım oteldə, qonşu otaqda musiqi səsləri eşitdim. Kimsə gitarada elə şeylər çalırdı ki, yata bilmədim. Anladım ki, kimdirsə “Orta Mahur” muğamı üstündə improvizasiya edir. Dözməyib tarımı da götürüb qonşu otağın qapısını döydüm. Onlarla tanış olanda bildim ki, bunlar Amerikada ən məşhur gitaristlərdir. Məndən vətənim və əlimdəki tar barəsində soruşdular. Onlarla musiqi deyişməsinə başladım. Axırda mənə məğlub oldular. Bundan sonra “Segah” muğamını çaldım. Xarici musiqiçilər muğamdan çox təsirlənmişdilər. Onlar dedilər ki, çaldıqları öz gözlərindən düşdü. Çox istəyirdilər ki, muğam haqqında yeni nəsə öyrənsinlər.
“Xarici ölkələrdən iş təklifləri gəlirdi…”
– Bir neçə il öncə muğamda durğunluq yaranmışdı. Bir sənətçi kimi o dövrü necə yaşadız?
– Doğru buyurursuz, həmin vaxtları içi mən qarışıq çox sənətkar musiqini sanki ürəyimizdə dəfn etmişdik. Elə sanırdıq ki, hər şey sona yetib. Hətta bunu fikirləşəndə ağlayırdım da. Öz-özümə fikirləşirdim ki, “ilahi, bu qədər bu sənətdə əziyyət çəkdim, bu da axırı?…”.
O vaxtları mənə bir çox xarici ölkələrdən, o cümlədən Kanadadan, Almaniyadan, Fransadan, hətta Türkiyədən iş təklifi gəlirdi. Həmin periodda xeyli sənətçi Türkiyəyə köçdü. Ailəmə, vətənimə çox bağlı olduğum üçün gedə bilməzdim. O qədər kasıblamışdım ki, benzin pulum olmurdu, maddi imkanım çox pis idi. Qastrol səfərləri, tədbirlər də yox idi. Aldığımız məvacib bizi çətinliklə görürdü. Lakin səbir edirdim. İnanırdım ki, sonda hər şey yaxşı olacaq.
Heydə Əliyev hakimiyyətə gəldikdən sonra sənət aləminə, mədəniyyət işçilərinə qarşı diqqət yaranmağa başladı. Sənətçilərimiz hər zaman onun qayğısı ilə əhatələnirdi. Artıq tez-tez tədbirlərə dəvət olunurduq. Səhnə paltarımız bəzən aylarla əynimizdən çıxmırdı. Konsert bitəndən sonra Heydər Əliyev səhnə arxasına keçib bizi təbrik edəndə biz daha da ruhlanırdıq.
Hazırda Heydər Əliyev təqaüdçüsüyəm, xalq artisti adını almışam, dövlət tərəfindən mənzillə təmin olunmuşam, Milli Konservatoriyanın professoruyam. Bundan artıq nə gözləyə bilərəm?
“Ərdəbilin küçələrində rahat gəzə bilmirəm”
– Bildiyimizə görə, Təbrizdə ustad dərsləri keçmisiniz. O günləri necə xatırlayırsiz?
– Arazın o tayında da mənə qarşı böyük hörmət var. Ərdəbilin küçələrində rahat gəzə bilmirəm. Hər kəs məni saxlayır, sənətimə olan sevgisini bildirir. Bakıda olanda belə o taydan mənə xeyli sayda məktublar gəlir, televiziya vasitəsilə onlar bizim sənətimizi, yaradıcılığımı izləyirlər.
Bizimkilər orda 35 milyondurlar. Ola bilməz ki, biz 9 milyon olaraq içimizdə dahi, korifey sənətçilər, istedadlı insanlar olsun, amma orda yox.
“…taristlərin əlindən alətləri alınıb başlarında sındırılırdı”
Lap qədimdən bizim xalqımızı sıxırlar. Xalqımızın başına həmişə oyunlar gətirilib. Biz Sovet hakimiyyəti altında olsaq da ruslar bizim musiqimizi, muğamımızı, dilimizi əlimizdən ala bilmədilər. Lakin o tayda İran Azərbaycan dilində nə məktəb, nə də bir təhsil ocağı açmaq istəmir. Güneydə tar məktəbimiz də yoxdur. Fars, Şiraz tarının məktəbi olduğu halda, bizim tar məktəbinin yaranmasının həmişə qarşısı alınıb. Hətta taristlərin əlindən alətləri alınıb başlarında sındırılırdı. Bu səbəbdən çox zaman tədbirləri gizlincə evlərdə keçirirlər.
Orda tara o qədər məhəbbət var ki, çala bilən, bilməyən bu aləti öz evinin divarından asır. Bir dəfə mənə sual verdilər ki, bunun mənası nədir? Bildirim ki, o insanlar öz kökünü, kimliyini sübut etmək üçün tarı evində saxlayır.
İndi artıq vəziyyət bir qədər dəyişib. Bu gün Güneydən xeyli sayda tar ifaçıları gəlib burda məndən dərs alırlar.
Bir dəfə orda olarkən bir müsahibəmdə bildirdim ki, “məni nə zaman dəvət etsələr, orda pulsuz ustad dərsləri keçməyə hazıram”. Buna görə mənə təklif gəldi və mən orda bu dərs keçdim.
– Daha çox hansı muğam sizi təsirləndirir?
– Bir dəfə televiziyada “Segah” muğamını ifa etdim. İfama baxanda xeyli kövrəldim. Elə bu zaman Zəlimxan Yaqub mənə zəng edib soruşdu: “Ay Möhlət, niyə bu “Segah” adamı belə kövrəldir?”. Cavabında dedim ki, xalqımızın başı o qədər bəlalar çəkib ki, istər-istəməz muğamda bu öz əksini tapıb.
Biz itirdiyimiz Təbriz, İrəvan, Dərbənd və s. bölgələrdə nələr olduğunu yalnız kitablardan oxuyuruq. Lakin 1990-cı il hadisələri, Qarabağ dərdini görən sənətkar əlbəttə ki, ah-nalə ilə çalıb oxuyacaq”.
Bəlkə də bizim kimi ikinci bir xalq yoxdur ki, bu qədər əzilsin, əzablar çəksin. İnşallah millətimiz bundan sonra yaxşı günlər görər.
– Fəxr etdiyiniz tələbəniz varmı?
– Əlbəttə ki, var. İş burasındadır ki, mən zəif tələbəmlə də fəxr edirəm. Ola bilsin ki, o zəif tələbə gələcəkdə yaxşı uğur qazana bildi.
– İndiki gənclərin məşqləri siz qane edirmi?
– İndiki gənclər demək olar ki, çox az məşğul olurlar. Vaxtilə biz gənc olanda 7-8 saat məşğul olurduq. Şəxsən mən cavanlıqda heç bir kinoya, teatra getməzdim, yalnız tarımla məşğul olurdum. Yəni bizim gənclik belə idi. Qollarımızda, barmaqlarımızda daima mazol olardı. Bunlar olmasaydı indi bu səviyyəyə gəlib çata bilməzdik.
“Bu sənət iynə ilə gor qazmaq kimi bir şeydir”
– Müasir gəncliyin hansı xüsusiyyətlərini bəyənmirsiz?
– İndiki gənclər sənətə gələndə məqsədli gəlirlər. Fikirləşirlər ki, “mən gələcəkdə nə qədər qazana biləcəm, nə edim ki, tez şöhrətlənim?” və s.
Bu sənət iynə ilə gör qazmaq kimi bir şeydir. Gərək hər şeyi qram-qram əldə edəsən, 3-5 ilə sənət öyrənmək olmaz. Hərdən yanıma bir tələbə gətirib deyilər: “Möhlət müəllim, buna tar öyrədin, gələcəkdə toylarda saz çalıb pul qazana bilsin”. Valideynlərin bu ideyalarına lap məəttəl qalıram. Bu, sənətə olan hörmətsizlkidir. O tələbəyə, uşağa artıq mən dərs keçə bilmərəm.
“Qışda dərsə pencəklə gedirdim…”
Gəncliyimdə o qədər kasıb idim ki, Asəf Zeynallı adına məktəbə pencəkdə getməli olurdum. Tez-tez xəstələnirdim. Hətta bir dəfə bərk xəstələnib əməliyyat da olunmuşam. Buna baxmayaraq mən yalnız sənətim, tarım barədə düşünürdüm. Bilirdim ki, indi sənəti öyrənsəm, gələcəkdə uğur qazana bilərəm. Yəni bu eşqlə dərslərə gəlirdik. Bax indi bu amil indiki gənclərdə yoxdur
– Bu gün Konservatoriyanın tar fakültəsini bitirən onlarla gənci toylarda saz çalan görürük.
– O gördüyünüz tarist yaxşı tar çala bilsəydi elə toyda da tar çalardı. Onlar öz yollarını tapa bilməyənlərdir. İstedadlı gənc hər yerdə özünə yol açmağı bacarır. Zəif ifaçılardı ki, gedib əllərinə türk sazı götürürlər. Onlar özləri bu yolu seçirlər və deyim ki, başqa yolları da yoxdur. Konservatoriyanı bitirən on tələbədən bəlkə biri istedadlı olur. Hər şey insanın öz bacarığından asılıdır.
– Əslən bakılısınız, indiki və köhnə Bakını müqayisə etsəniz hansı fərqlər var?
– Bakının indiki gözəlliyi məni valeh edir. Bakımız günü-gündən gözəlləşir, bu, məni çox sevindirir. Bir dəfə Amerikada səfərdəyəm. Geri vətənə dönəndə Bakı mənə Amerikadan dəfələrlə gözəl gəldi.
Təbii ki, xoşlamadığım məqamlar da var, məsələn, indi şəhərdə 5 milyondan çox adam yaşayır, yollarda tez-tez tıxac olur, istədiyin yerə rahat və vaxtında gedib-gələ bilmirsən.
– Övladınız Rüstəm sizin yolunuzu davam etdirir, ata və müəllim kimi hansı hissləri keçirirsiniz?
– Mən şəxsən onun tar sənətini seçməsinə razı deyildim. Ay yarımlıq Mərakeşə qastrol səfərinə getmişdim. Atam fürsətdən istifadə edib Rüstəmi musiqi məktəbimə yazdırıb. Səfərdən geri dönəndə gördüm ki, oğlum artıq musiqi dərslərinə gedir. Təbii ki, atamın sözündən çıxa bilməzdim. Beləliklə, oğlum da mənim yolumu seçdi. Musiqiçi kimi deyərdim ki, onun lazımi qədər istedadı var və çox tərbiyəli övladdır.
“Musiqimizə cılızlıq gətirirlər”
– Hər gün televiziya ekranlarında yeni bir müğənni görürük. Hətta belə bir fikir də yaranıb ki, müğənni olmaq üçün təhsilə o qədər də ehtiyac yoxdur.
– Bu, biabırçılıqdır. Yadımdaydı ki, o dövrdə müğənnilərə, xanəndələrə qarşı ciddi senzura var idi, yalnız əsl musiqiçi ekrana çıxa bilərdi. İndi xırıltılı səsi olan da özünə müğənni, xanəndə deyir. Bunlar musiqimizə cılızlıq gətirirlər. Repertuarları da bərbad vəziyyətdədir.
Oxuduqlarının da hansı ölkənin musiqisi olduğunu anlaya bilmirsən… Deyim ki, onların heç biri tarixdə qalmayacaq. Bu hər bir sahədə olub və olacaq da. Belələri gəldi-gedərdi. Kim ki, layiqli, istedadlıdır, yaddaşlarda yalnız o qalacaq.
– Tardan küsdüyünüz anlar olubmu?
– O qədər olub ki… Bir də görürsən ki, havanın dəyişməsi nəticəsində tar səhnədəcə kökdən düşür. Buna görə əsəbiləşib tarımı dəfələrlə kənara atmışam. Bəzən onun canlı olduğuna inanırsan…
Xalidə Gəray
P.S. Müsahibədən sonra M.Müslümovla birlikdə Vasif Adıgözəlovun bəstələdiyi “Qərənfil” əsərini ifa etdik.