Virtualaz.org saytı “Assosiated Press”ə istinadən xəbər verir ki, hazırda Havay adalarında Yeni il tətilində olan Barak Obama evlənməyə hazırlaşan iki gəncə problem yaradıb.
Belə ki, ABŞ ordusunun kapitanı Natali Heymel və onun nişanlısı Edvard Meloe toy mərasimi üçün əvvəlcədən Havaydakı qolf klubunda yer sifariş veriblər. Ancaq Havay adalarına istirahətə gedən Obama həmin qolf klubunda qolf oynamaq istəyib.
Heymel və Meloe arasında toy mərasimi ötən bazar gününə təyin edilibmiş. Evlənməyə hazırlaşan gənclər Obamanın həmin kluba qolf oynamağa gələcəyindən xəbər tutaraq ona da toy dəvəti göndəriblər.
Ancaq Obama administrasiyasından onların dəvətinə nəzakətlə rədd cavabı verilib. Daha sonra toya az qalmış Heymel və Meloeyə xəbər veriblər ki, prezident qolf kluba gələcək və bu səbəbdən gənclər toyun keçirilməsi üçün başqa yer tapmalıdır.
Bəylə gəlinin qohumlarının dediyinə görə, evlənməyə hazırlaşan gənclər bundan stess keçiriblər. Toy mərasimi tələsik başqa yerə keçirilib.
Barak Obama bu əhvalat haqda eşidəndə şəxsən bəylə gəlinə zəng edərək onlara yaşatdığı narahatlığa görə üzr istəyib. Gəlinin bacısı deyib ki, onlar prezidentən inciməyiblər. Çünki toy mərasimi zamanı ABŞ prezidentinin yeni evlənənlərə zəng vurması mərasimi daha yaddaqalan edib.
“O, telefonla danışanda çox gülməli və xoş idi” – gəlinin bacısı bildirib.




