Bu gün “Ölkə.Az” informasiya portalının bir yaşı tamam olur. Həmkarlarımızı təbrik etmək və bir illik fəaliyyətlərinə dair fikirlərini öyrənmək məqsədilə saytın baş redaktoru Məmməd GÜLMƏMMƏDOVLA əlaqə saxladıq. Baş yazar AİM.Az-a açıqlamasında rəhbərlik etiyi media quruluşunun fəaliyyəti ilə bağlı bunları söylədi:
“Ölkə.Az” analitik informasiya portalı 2014-cu ilin iyulun 15-də fəaliyyətə başlayıb. Azərbaycanda qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan “Ölkə.Az” saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc edilir. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv, tərəfsiz və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytımızın işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilirlər”.
Baş redaktor diqqətə çatdırdı ki, bir il ərzində “Ölkə.Az” geniş oxucu auditoriyası qazana bilib:
“Məhz bunun sayəsində sayt qısa müddət ərzində bir sıra uğurlara imza atıb. Həmin uğurlardan biri də Ölkə.Az-ın ilin ən yaxşı informasiya portalı müsabiqəsində “İnformasiya və xəbərlər” nominasiyasında “NETTY 2015″ Azərbaycan Milli İnternet Mükafatına layiq görülməsidir. “Ölkə.Az” vətəndaş jurnalistikasına da geniş yer ayırır. Belə ki, redaksiyanın əlaqə vasitələri ilə oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya istər telefon, istər e-mail, istərsə də sosial şəbəkələr üzərindən operativ məlumat vermək imkanları var.”
M. Gülməmmədov vurğuladı ki, saytın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-lər, hüquq-mühafizə orqanları ilə aktiv şəkildə əməkdaşlıq edir:
“Ölkə.Az” 14 saat ərzində fasiləsiz yayımı ilə daim oxucularını ölkəmizdə və dünyada baş verən haqdisələrlə isti-isti tanış etməkdə davam edir. Oxucularımızın diqqəti bizim ən böyük uğurumuzdur!”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu bir ildə gözlədiklərindən də yaxşı nəticə əldə ediblər:
“Buna əməkdaşlarımızı düzgün seçməyimiz və komandamızı yaxşı təşkil etməyimiz səbəb oldu. Bir də, sağ olsunlar dostlarımız ciddi dəstək göstərdilər. Bizi yeni deyil, köhnə yaranmış bir portal kimi qəbul etdilər”.
Biz də AİM.az kollektivi olaraq başda baş redaktor Məmməd Gülməmmədov və məsul redaktor Qafqaz Ömərov olmaqla “Ölke”.az-ın bütün kollektivini təbrik edirik. Onlara tükənməz uğurlar və tutduqları yolda möhkəm iradə arzulayırıq.
Ad gününüz mübarək, əziz həmkarlar!
ELCHİ.Az



