
Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandirlərindən olmuş Nizami Şahmuradov bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçmiş XTPD-çilərin sosial durumu ilə bağlı mərbuat konfransı keçirib.
N.Şahmuradov 1995-ci ilin 17 mart hadisələri zamanı həbs edilən XTPD-çilərdən Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun ömürlük həbs cəzası aldıqlarını xatırladıb və onların əfv olunmaları üçün dövlət başçısına müraciət hazırladıqlarını bildirib.
O, hər üç keçmiş döyüşçünün səhhətlərində ciddi problemlər olduğunu, həkimlərin sözlərinə isnadən onların həbsdə saxlanmalarının həyatları üçün təhlükəli olduğunu vurğulayıb.
Bununla yanaşı N.Şahmuradov azadlıqda olan XTPD-çilərin də, sosial problemləri həlll edilmədiyi üçün, çətinliklər yaşadıqlarını nəzərə çatdırıb. Belə ki, keçmiş döyüşçülər veteran vəsqələrini ala bilmirlər, onlara döyüşlərdə iştiraklarını təsdiqləyən sənədlər verilmir.
Buna görə də müharibə əlillərinə tətbiq edilən güzəştlərdən istifadə edə bilmirlər. İşə düzəlmək məsələsində XTPD-çi olduqları məlum olan kimi iş verməkdən imtina olunur. Yalnız sürücülük vəsiqəsi olanlar sürücülük etməklə ailələrinə çörəkpulu qazana bilirlər.
Bundan başqa, N.Şahmuradov göstərdikləri şücaət və igidliklərə baxmayaraq, XTPD-dən olan şəhid və qazi ailələrinin adlarının da “kölgə”yə düşdüyünü təəssüflə xatırladıb… (“Turan”).



