
Ramazan ayında “ölü günlərini” yaşayan biznes sahələri hansılardır? Vüqar Bayramov: “Bu ay imkanlılara imkansızların vəziyyətini daha yaxından hiss etməyə imkan verir…”
Mübarək Ramazan ayının gəlişi ilə müsəlman ölkələrində inanclı insanların həyat tərzində dəyişiklik yaranıb, bəzi vərdişləri aradan qalxıb. Toyların olmaması isə bir çox sahələri tamamən iflic vəziyyətə salıb. Bu haqda bir qədər sonra…
Hələliksə iqtisadçı Vüqar Bayramovun Ramazan ayı ilə bağlı maraqlı iqtisadi təhlili barədə. Bu barədə sosial şəbəkədəki statusunda yazan iqtisadçı bildirir ki, Ramazan ayı imkanlı insanlara məhz maliyyə baxımdan imkansızların vəziyyətini daha yaxından hiss etməyə və yaşamağa imkan verir: “ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınması üçün xərcləyirlər. Bu rəqəm uyğun olaraq Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Bununla yanaşı, dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəskin yoxsulluq həddində yaşayır. 783 milyon insan isə hətta içməli su tapa bilmirlər.
İnkişaf etmiş ölkələrdə bir xanım həyatı boyunca, sadəcə, kosmetik məhsulların alınması üçün 30 min dollardan çox pul xərclədiyi halda, Afrikanın və Asiyanın bəzi ölkələrində uşaqlar qida çatışmazlığından dünyalarını dəyişirlər. Qiymətləndirmələr göstərir ki, qənaət yolu ilə kosmetikaya xərclənən vəsaiti iki dəfə azaltmaqla dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayını ən azı 30 faiz azaltmaq mümkündür. Deməli, dünyada bir tərəfdə 100 milyardlarla vəsaiti kosmetikaya xərcləyən imkanlı şəxslər, başqa tərəfdə isə gündəlik adi su və çörək tapa bilməyən və sayı milyarddan az olmayan insanlar var. Ramazan ayı məhz dünyadakı bu qeyri-bərabərliyi hiss etməyə, kasıbların yanında olmağa təşviq edir”.
Gözəllik salonları… Ağlamalı vəziyyətdə: “qadınlar toydan-toya bəzənirlər…”
Amma bunlarla yanaşı, yazının girişində dediyimiz kimi, bəzi sahələr Ramazan ayı boyunca ciddi kriz yaşayır. Bu da birbaşa toy sektoru ilə bağlıdır. Gözəllik salonları, kirayə maşın, kirayə paltar sahəsi, taksi xidməti, eləcə də ziyafət geyimləri mağazaları… bir ay boyunca “ölü günləri”ni yaşayacaq. Əməkdaşımız “Neftçilər” metrosu həndəvərindəki bir neçə gözəllik salonunda olub. Onlardan bəziləri artıq “illik təmir” adı altında ustalarını məzuniyyətə buraxıb, bəzilərində isə müştəri yoxluğundan ciddi əziyyət çəkdikləri müşahidə olunub.
Salonlardan birində çalışan Hicran Zeynalova bildirdi ki, bir neçə ildir ki, orucluq ayı başlanan kimi işçilər bir aylıq məzuniyyətə çıxır. Müsahibimizin sözlərinə görə, bir neçə il öncəyə qədər hər orucluq ayında gözəllik salonu fəaliyyət göstərirmiş. Belə ki, həmin vaxt müştərilər az da olsa, salona müraciət edirdi: “Gündəlik saç düzümü, saç kəsimi, manikür, pedikür üçün gələnlər vardı. Amma ildən-ilə ölkədə oruc tutanların sayı artdığından, hətta qadınlar da bu ayda özlərinə qulluq etməyə ərinirlər. Həm də bu il orucluq ayı iyuna düşdü. İnsanların çoxu istirahətdə, digər tərəfdən də toylar, şənliklər olmur. Bizim qadınlar da ancaq toydan-toya özlərinə bəzək verirlər”.
Müsahibimizin sözlərinə görə, ümumən son vaxtlar insanlar maddi çətinliyə görə gözəllik salonuna getməyi izafi xərc hesab edirlər. Belə ki, çox vaxt toy-şənliyə getməyə hazırlaşan qadın evindəcə, bacardığı formada özünü qaydaya salıb gedir: “Fikirləşir ki, gedib salona 20 manat verməkdənsə, fenlə saçımı burum, makiyajı da sadə edim. Amma salonda bəzənmiş qadın evdə özünü bəzəmiş qadından dərhal fərqlənir. İndi hər varlı kişi öz həyat yoldaşına, sevgilisinə bir salon açıb, onu orda oturdur. Bizim bir çox ustalarımız da təzə salondu deyə bir də görürsən, axışıb ora gedir. Tezliklə də geri qayıdırlar. Çünki salon rəhbərinin bu sahədən başı çıxmayanda tezliklə ustanı da bezdirir, oradakı işçiləri də. Salon rəhbəri ya gündəlik normanı çox qoyur, ya da ustaya başları çıxmadığı halda göstərişlər verir. Bir-iki ay salonu işlədirlər, müştəri yığa bilməyəndə də qapını bağlayıb gedirlər”.
“Şalvar ayağı kəsmək, yubka beli düzəltməklə ailə dolandırmaq olmaz…”
Bu mövsümdə dərzilərin də işi zəif gedir. Dediklərinə görə, toy mövsümü zamanı qadınlar daha çox paltar tikdirir, ya da düzəltdirir. “Gənclik” metrosu həndəvərində, üzərində “Qadın atelyesi” yazılmış məkana daxil olub, onların da problemlərini öyrənməyə çalışıram. Gözlədiyim kimi, dərzi müsahiblərim bu aralar daha az gərginliklə çalışır.
Usta Adilə xanım 30 ildir ki, dərzidir. Zarafatla deyir ki, nə yaxşı, indi keyfiyyətsiz paltar tikən tekstil firmaları var. Yoxsa dərzilər ac qalardı: “Elə gün olmaz ki, əlində mağazadan aldığı paltarla içəri girməyə qadın olsun. Paltara baxırsan, materialı yaxşıdır, pis də tikilməyib. Amma çiyin ölçüsü belə, bel isə yanlara uyğun gəlmir. Ona görə də bəzən paltarı söküb əvəzinə yenisini tikməli oluruq. Vaxtilə ancaq varlılar sifarişlə paltar tikdirərdilər. Camaat ”Volodarski” fabrikinin mallarını keçirirdi əyninə. Amma indi fabrik yox, yaxşı paltarın da qiyməti bahadır. Ona görə adamlar ucuz və ürəkləri istəyən kimi olsun deyə, dərziyə gəlirlər”.
Adilə xanım daha çox bir neçə uşaq bağçası ilə əməkdaşlıq etdiklərini dedi. Onun sözlərinə görə, həmin bağçalar şənliklər, bayramlar üçün ildə bir neçə dəfə mərasim keçirir ki, bu zaman da xüsusi qiyafələrə ehtiyac duyurlar: “Onların sifarişini qəbul edirik. Ancaq həmin vaxt yaxşı pul qazana bilirik. Amma yubka ayağı kəsməklə, şalvar qısaltmaqla dolanmaq mümkün deyil”.
“Camaat toydan çıxır, əhvalı xoşdur, evə taksi ilə getmək istəyir”
Taksi sürücüsü Nizaməddin də deyir ki, bu ay onlar üçün də sıxıntılı keçəcək. 3-cü mikrorayon dairəsində qərar tutan müsahibim toy mövsümündə müştərilərin aşıb-daşdığını söyləyir: “Toydan xoş əhvalda çıxan adam evinə avtobusla, metro ilə qayıtmaq istəmir. Çox vaxt da qiymət söhbəti eləmir. Bizim dayandığımız həndəvərdə isə şadlıq sarayları az deyil. Elə gün olur ki, 100 manat qazancımız olur. Amma indi yay bir tərəfdən, orucluq o biri tərəfdən, şəhərdə də adamlar azalıb”.
Nizaməddin bəyin sözlərinə görə, qış ayları yayla müqayisədə daha az gəlirli sayılır. Çünki qışda qaranlıq düşən kimi insanlar evinə çəkilməyə üstünlük verir: “Yayda isə adam elə hey gəzmək istəyir. Maşınsız gəzmək də xoş deyil. Amma bu ay işlər yaxşı getmir. Heç bilmirəm, maşının aylıq kreditini necə verəcəyəm”.