Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.
Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlovsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsülla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Xatırladaq ki, yanvarın 6-da virtualaz.org saytında “Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı” başlıqlı yazı dərc olunmuşdu (yazını bu linkdən oxuya bilərsiniz).
Yazıda Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimovun ailəsinin Ə.Məhərrəmov tərəfindən aldadıldığı və 6050 manatlarının mənimsənildiyi bildirilirdi.
Ə.Məhərrəmov İsmayıl Kərimova özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edərək onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul almışdı.
Qeyd edək ki, Ə.Məhərrəmovun saxlanılması xəbərini report.az saytı yayıb. Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən hazırda Ə.Məhərrəmovun səlahiyyətlərini QSC-nin mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunduğu bildirilib.



