Panik atak – qorxu (ölüm qorxusu və s.), sıxıntı kimi hisləri özündə birləşdirən tutma şəklində meydana çıxan narahatlıqdır. Tutma anında xəstə öləcəyini, ürəyinin dayanacağını fikirləşir, yıxılacağını düşünür.
Axar.az xəbər verir ki, panik atak xəstəliyi haqqında bu sözləri psixiatr Bəxtiyar Mustafayev deyib. O bu xəstəliyə bütün yaşlarda rastlaşmanın mümkünlüyünü vurğulayıb:
“Tutma 10 dəqiqə içində maksimum həddə çatır, yarım saat sonra yüngülləşir. Bəzən 1 saat da çəkə bilər. Tutmadan sonra şəxs özünü çox yorğun, tükənmiş hiss edərək tək qalmaqdan qorxur. Panik atakın əsas əlamətləri aşağıdakılardır:
1. Ürəyin sürətlə, yerindən çıxacaqmış kimi döyünməsi
2. Tərləmə (üşümə)
3. Titrətmə
4. Nəfəs almaqda çətinlik çəkmə, boğulma qorxusu
5. Baş fırlanması, yıxılacağını fikirləşmə
6. Ürəkbulanma, qarın ağrısı
7. Nəfəsi kəsilmək, aldığı havanın bəs etməyəcəyini düşünmək
8. Döş qəfəsində sıxıntı, ağrı
9. Özünü hiss edə bilməmə, öz-özünə yadlaşma hissi
10. Ətrafındakıların gerçək olmadığını fikirləşmə
11. Ölməkdən qorxmaq
12. Dəli olacağını, ağlını itirəcəyini fikirləşmək, ətrafındakılara zərər vermə qorxusu
Panik atak əksər hallarda səbəbsiz meydana çıxır, stressli həyat tərzi panik ataka meyillilik yarada bilər. Cəmiyyətdə yayılma faizi yüksəkdir. Əsasən, 20 yaşlarda başlamaqla bütün yaşlarda rast gəlinir bu hala. Daimi təsir altında olan, özünə qapanıq insanlarda, özünü günahkar hiss edən, problemləri çox fikirləşən, mükəmməlliyi sevən xarakterə sahib olan insanlarda daha çox rast gəlinir.




