Qabil Hüseynli: “Yerli ermənilərin qarabağlı Seyran Ohanyana və onun partiyasına münasibətindən çox şey asılı olacaq”
Bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın partiyasının adı bəlli olub. Bu barədə informasiyanı Ermənistanın “Jamanak” qəzeti xəbər yayıb. Qəzet yeni partiyanın adının “Üçüncü Respublika” olacağını bildirib.
Qeyd edək ki, Üçüncü Respublika Partiyasının yaradıcısı Ermənistan Prezident Administrasiyasının sədr müavini Viktor Dəlləkyandır. O, bir müddət öncə tutduğu vəzifədən imtina edib. Dəlləkyanın bu vəzifədən imtina etməsinə səbəb Seyran Ohanyanın onunla işbirliyinə icazə verməsi olub. Üstəlik, prezident Serj Sərkisyanla keçmiş müdafiə nazirinin münasibətlərinin pozulması Dəlləkyanın daha qəti addım atmasına səbəb olub. Maraqlı məqam odur ki, partiyaya bütün maliyyə dəstəyi Rusiyadan gələcək.
Politoloq Qabil Hüseynlinin fikrincə, Seyran Ohanyanın siyasətə gəlişi qarşıdakı dönəmdə Ermənistanda siyasi həyatın qarışacağını şəksiz edir: “2-5 aprel müharibəsindən sonra cəmiyyətdən çox ciddi iradlar aldı. Azərbaycan ordusunun həmin savaşda erməni ordusu üzərində qələbəsinin əsas günahkarı kimi də Seyran Ohanyanı qələmə verməyə başladılar. Bu, həm də Serj Sərkisyanın özünün taktikası idi. Sərkisyan aprel uğursuzluğu ilə bağlı cəmiyyət qarşısında məsuliyyət daşımamaq üçün əlində olan təbliğat ruporları vasitəsilə ordu quruculuğunda yola verilmiş səhvləri, döyüş əməliyyatları zamanı ordunun rüsvaycasına mövqeləri qoyub qaçmasının bütün günahlarını Seyran Ohanyanın üzərinə yıxdı. Əlbəttə, burada həqiqət payı var. Çünki müdafiə naziri kimi o, həmin döyüşlərə görə ciddi məsuliyyət daşıyırdı. Amma bu, bütün Ermənistan cəmiyyətinin günahı idi. Çünki Serj Sərkisyan elə bir rejim qurub ki, o rejimdə iqtisadi və siyasi həyatın bütün sahələrinə hökmranlıq edən Qarabağdan çıxmış, yerli ermənilərin dili ilə desək, gəlmələrdir. Bu gəlmələr yerli ermənistanlıların bütün sahələrdəki fəaliyyətini minimuma endiriblər. Bu isə cəmiyyətdə ciddi etirazların əsas səbəblərindən biridir. Həm də Qarabağ klanı belə hesab edir ki, cəmiyyətdə bu klanın nüfuzdan düşməsinin əsas səbəbkarı Serj Sərkisyandır və Sərkisyanı əvəzləyəcək bir şəxs guya bu klanın imicini təzələyə bilər, onu xalqın gözündə yenidən nüfuza mindirə bilər. Hətta bu fikri ilk dəfə keçmiş prezident Robert Köçəryan irəli sürmüşdü və Köçəryan bu niyyətdə idi. Amma Köçəryanın vaxtıilə hakimiyyətdə olması, əvvəl Moskva tərəfindən müdafiə edilib sonra müdafiənin geriyə çəkilməsi onu siyasi həyatda gücsüz etdi və nəticədə yarışa qoşulmaqdan imtina elədi. İndi Seyran Ohanyan Rusiyanın gözündə favorit sayılan və eyni zamanda Rusiyadakı erməni iş dairələri tərəfindən ciddi müdafiə edilən şəxslərdən biridir. O, Üçüncü Respublika adlı siyasi partiya yaratmaqla belə ümid edir ki, ətrafına böyük elektorat toplaya biləcək və Sərkisyanı ya mitinqlər yolu ilə, ya da seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırıb yerinə özü gələcək. Hətta bir dəfə onun həyat yoldaşı Ruzanna Ermənistan jurnallarının birinə müsahibəsində demişdi ki, həyat yoldaşı Seyran daha böyük hədəflərə layiqdir”.
Politoloq qeyd etdi ki, Seyran Ohanyanın ölkənin birinci postuna göz dikməsi artıq hiss edilməkdəydi və bu durum Serj Sərkisyanla münasibətlərin gərginləşməsinə təsir edirdi. İndi Seyran Ohanyan niyyətlərini gizlətmir, siyasətə qoşulduğunu bəyan edir: “Onun yaratdığı deyilən partiya haqqında müxtəlif həqiqət və yarımhəqiqətlərdən ibarət fikirlər söylənir. Amma bir fakt aydındır ki, bu, rusiyayönümlü partiya olacaq və Seyran Ohanyan da Rusiyaya sədaqətini sübut etmiş, Rusiya tərəfindən qəbul edilən simalardan biridir. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini istəyir. Amma hakimiyyət dəyişikliyinə gedilərkən yenidən Qarabağ mənşəli, Qarabağ müharibəsinin iştirakçısı olan əli qanlı erməninin hakimiyyətə gəlməsini daha çox arzulayır. Bu meyarlara isə Seyran Ohanyan cavab verir. Rusiyanın qənaətincə, Qarabağ mənşəli erməni daha çox millətçilik duyğularına malik olanlardır və bu səbəbdən də Ermənistanda hakimiyyəti başqalarına nisbətdə daha uğurla və Rusiyanın istəklərinə uyğun idarə edə bilər, sülh danışıqları prosesində daha kompromissiz mövqe nümayiş etdirə bilər. Beləliklə də Qarabağ problemi həll olunmamış vəziyyətdə qalar”.
Q.Hüseynlinin sözlərinə görə, yəqin ki, Seyran Ohanyan çox da uzun olmayan bir müddətdən-təxminən bir ildən sonra siyasi həyatı qarışdıra biləcək hərəkətlərə başlayacaq. Sərkisyanın açıq tənqidinə keçəcək, mitinqlər təşkil edəcək, ətrafına KİV-i, keçmiş döyüşçüləri cəlb eləməyə çalışacaq: “Seyran Ohanyanın partiyasının böyük maliyyə vəsaiti olacaq. İndidən söyləmək çətindir ki, yüz faiz uğur qazanacaq, bunu bu gün dəqiq söyləmək çətindir. Çünki partiya elan edilib, amma partiyanın bundan sonrakı quruculuğu, elektoral bazasının yaradılması, yerli ermənilərin inamını qazanmaq üçün çox işlər görülməlidir. Yerli ermənilərin qarabağlı Seyran Ohanyana və onun partiyasına münasibətindən çox şey asılı olacaq. Amma bir faktı xüsusi vurğulamaq olar ki, Ermənistan siyasi həyatı çox da uzaq olmayan dövrdə yenidən qarışacaq və siyasi qarşıdurmalar meydanına çevriləcək. Sərkisyan hakimiyyətə gəldiyi zaman 1 mart qırğınına bənzəyən qırğınlar da gözlənilir. Növbəti ilin yazında keçiriləcək parlament seçkilərində yəqin ki, Seyran Ohanyan və partiyası da meydanda olacaq”.