Polşanın müdafiə naziri Mariusz Blaszczak 96 Apache helikopterinin alınması üçün ABŞ ilə qiymət danışıqlarına başladıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Blaszczak, X hesabında etdiyi paylaşımda ABŞ Konqresinin Polşaya sözügedən hərbi texnikanın satışını təsdiqlədiyini bildirib.
ABŞ Konqresinin təsdiqinə də toxunan Blaszczak, “ABŞ Konqresindən 96 ədəd radar və silahlarla birlikdə Polşaya Apache helikopterinin satılması üçün razılıq aldıq. Qiymət danışıqlarına başlayırıq” ifadəsini işlədib.
Blaszczak qeyd edib ki, prosedurlar tamamlanana və tədarük edilən helikopterlər Polşaya çatdırılana qədər ABŞ ordusu Polşaya Apaçi helikopterlərini öz ehtiyatlarından tədarük edəcək.
Polşa hökuməti Rusiya-Ukrayna müharibəsindən sonra ölkənin ordusunu gücləndirmək üçün atdığı addımların bir hissəsi olaraq bu Apaçi helikopterlərini ötən il almağa qərar verib.
Şayəstə Hüseynova





