Varşava Belarus helikopterlərinin sərhədi pozması ilə bağlı məlumatları Minskə təhvil verib. Elchi.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Avqustun 4-də Polşa Respublikasının Minskdəki səfirliyi Belarus Respublikasının Xarici İşlər Nazirliyinə 2023-cü il avqustun 1-də iki Belarus hərbi helikopteri tərəfindən Polşanın hava məkanının pozulması faktını təsdiqləyən ətraflı məlumat təqdim edib”, – deyə nazirlik bildirib.
Bəyanatda deyilir ki, Minskə verilən məlumatlar əvvəllər Xarici İşlər Nazirliyi və Belarus Müdafiə Nazirliyi tərəfindən ifadə edilən mövqeyə ziddir. Varşava Minski mövqeyinə yenidən baxmağa və iki ölkə sərhədində bütün təxribatları dayandırmağa çağırıb.
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi respublika rəhbəri Aleksandr Lukaşenkonu mühafizə edən helikopterlərin Polşa sərhədini pozması ilə bağlı ittihamları rədd edib.
Avqustun 1-də Polşada Belarus helikopterlərinin hava məkanını pozması barədə məlumat verilib. Ölkənin Müdafiə Nazirliyi Minskin bununla da “NATO-nun şərq cinahına” qarşı təxribat törətdiyini iddia edib.
Havar Şəfiyeva




