
“Azərbaycanda istehsal olunan məhsullara Polşada az rast gəlinir. Biz çox istərdik ki, indiki dönəmdə Azərbaycan məhsullarının Avropa ölkələrinə ixracatı artırılsın və biz müştərilərimizə öz məhsullarımızı təqdim edək”.
Bunu “Azərfaks”a açıqlamasında Polşada yaşayan azərbaycanlı iş adamı Şövqi Vaqifoğlu deyib. Onun sözlərinə görə, Avropa bazarında əsasən “Azərsun Holdinq”in istehsalı olan “Azərçay”a və “Gilan Holdinq”in məhsulu olan “Jalə” şirələrinə rast gəlinir: “Bizim Polşadakı fəaliyyətimiz çoxşaxəlidir. Avropa ölkələrinə müxtəlif meyvə-tərəfəz məhsulları ixrac etməklə yanaşı, restoran biznesilə də məşğuluq və bu işi getdikcə daha da inkişaf etdirməyə çalışırıq. Təəssüflə qeyd etməliyəm ki, restoranlarımızda müştərilər təbii şirələr və ya digər içki növləri sifariş edəndə biz müxtəlif xarici ölkələrdə istehsal olunan məhsulları təqdim edirik. Bu məhsullar sırasında Gürcüstanda istehsal olunanlar da var və mən sizə deyim ki, gürcü malları hazırda Avropaya daha çox ixrac olunur. Öz məhsullarımızdan isə yalnız “Jalə” şirələrini əldə edə bilirik. Açıq demək lazımdır ki, Avropaya ixrac olunan “Jalə” şirələri keyfiyyət baxımından çox yüksəkdir və müştərilərimiz təbii şirələr sifariş edərkən biz onlara çox rahatlıqla “Jalə” təqdim edirik. Lakin əldə etdiyimiz məhsullar tələbatı tam ödəmir. Yaxşı olar ki, “Gilan” Polşaya göndərdiyi məhsulların çeşidini artırsın. Çaylardan isə yalnız “Azərçay”ın adını çəkə bilərəm. Onun da çox yüksək keyfiyyəti var və bu brend artıq Avropa bazarlarında öz yerini möhkəmləndirir”.
Adıçəkilən məhsullardan başqa Polşa bazarında digər Azərbaycan məhsullarına rast gəlinmədiyini deyən Ş.Vaqifoğlu yerli şirkətləri ixracat məsələlərinə ciddi diqqət ayırmağa çağırıb: “Niyə biz qonşu ölkələrdən geridə qalmalıyıq? Məgər bizim xarici bazarlara çıxarmaq üçün azmı məhsulumuz var? Niyə bu gün Avropa ölkələrində, konkret olaraq Polşada “Gilan” marketləri olmasın? Yaxud, “Azərsun Holdinq” gəlib Polşada “Bazarstore” mağazalar şəbəkəsi yarada bilməzmi? Mən əminəm ki, adıçəkilən şirkətlər təkcə ölkə daxilində deyil, həm də Avropa ölkələrində də uğur qazanmaq imkanındadırlar. Hesab edirəm ki, bizim şirkətlərin “xarici ölkələr” əhatəsinə təkcə MDB məkanı daxil olmamalıdır. Avropanın böyük bazarlarına çıxmaq lazımdır. Gəlsinlər Polşaya, biz onlara lazımı köməkliyi göstərməyə hazırıq. Biz maraqlıyıq ki, Azərbaycan məhsulları ilə işləyək, müştərilərimizə üzərində “Made in Azerbaijan” yazılmış məhsullar təqdim edək. Təkcə “Azərçay”la, “Jalə” ilə kifayətlənmək olmaz axı. Başqa şirkətlərimiz də öz məhsullarını xaricə çıxarmalıdırlar. Bu artıq dövrün tələbidir. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə, Polşa bazarına çıxmaq və ya bu bazarda möhkənmək istəyən istənilən şirkətlə işləməyə hazırıq. Yetər ki, gəlsinlər”.



