Prezident Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək. Ərdoğan BƏƏ-yə iki günlük səfərindən sonra fevralın 14-də Misirə rəsmi səfər edəcək.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan dəvət əsasında 12-13 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə, 14 fevral 2024-cü il tarixində isə Misir Ərəb Respublikasına rəsmi səfərlər edəcək.
Prezident Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına fəxri qonaq qismində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə qatılacaq.
Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin, vətəndaş cəmiyyətlərinin, beyin mərkəzlərinin və media nümayəndələrinin, iş adamlarının bir araya gəldiyi sammitdə Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək.
Prezident Ərdoğanın sammit münasibətilə iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri də gözlənilir.
Nuranə Məmmədova






