Qüdrət Həsənquliyev: “Biz, Xankəndi üzərində də Azərbaycanın dövlət suverenliyini bərpa edəcəyik”
“Bu gün xalqımızın başını uca etmiş Ali Baş Komandanın 60 illik yubileyidir. Əlbəttə mən də Sahibə xanım, sizin və digər deputat həmkarlarımın təbriklərinə qoşuluram”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclaısnda deyib. Millət vəkili əlavə edib ki, dünyada 200-dən artıq xalq dövlət müstəqilliyinə nail ola bilib: “Amma o xalqların heç də hamısı hüquqi, mülki cəmiyyət qura, hüquqi dövlət yarada bilməyib. Bu çox çətin bir prosesdir. Amma müstəqillik illərində, o cümlədən mərhum Prezident Heydər Əliyevin, İlham Əliyevin liderliyi ilə xalqımız böyük uğurlara imza atıb. Əminəm ki, onun başlatdığı islahatlar uğurla davam edəcək və biz daha güclü, daha modern bir ölkə olacağıq. Vaxtilə ölkəmizin ağır günlərində biz, İlham Əliyevi silahdaş kimi Heydər Əliyevin yanında gördük. Ölkəmizin neft strategiyasının müəyyənləşməsində, həyata keçirilməsində onun böyük xidmətləri oldu. Bu gün də beynəlxalq hüququn ayaqlar altına atıldığı, dünyanın parçalandığı dönəmdə regionda siyasi konyukturaların çətin şərtləri altında biz görürük ki, İlham Əliyevin vaxtilə həyata keçirdiyi missiyanı bu gün Mehriban xanım həyata keçirir. İlham Əliyevlə çiyin-çiyinə çətinlikləri dəf etməklə məşğuldur. Mən əminəm ki, onun başlatdığı islahatlar uğurla nəticələnəcək. Biz, Xankəndi üzərində də Azərbaycanın dövlət suverenliyini bərpa edəcəyik. Mən, bütün təbriklərə qoşuluram, Prezidenti və onun ailə üzvlərini təbrik edirəm və əminliyimi ifadə etmək isəyirəm ki, siyasi partiyaların və xalqımızın da ona verdiyi dəstəklə xalqımızın qarşısında duran çətin və mürəkkəb problemləri də uğurla həll edəcəyik”.
Əli Zülfüqaroğlu




