
Xəbər verdiyimiz kimi, mayın sonunda ABŞ-ın dövlət katibi Con Kerri Cenevrədə xəstəxanaya düşüb. Velosiped sürərkən yıxılaraq xəsarət alan dövlət katibini vertolyotla Cenevrə xəstəxanalarının birinə çatdırıblar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi dövlət katibinin vəziyyəti barədə məlumat verib: “Onun vəziyyəti sabitdir. Xəsarət nəticəsində dövlət katibi huşunu itirməyib”.
Məlumata görə, dövlət katibi Fransanın Syenze şəhərində velosipedlə gəzinti zamanı yıxılıb, ayağından xəsarət alıb. Fransanın bu şəhəri İsveçrə sərhədində yerləşir və Cenevrənin 50 km-dədir.
Mayın 30-da C.Kerri İsveçrədə İranın xarici işlər naziri Cavad Zəriflə 6 saatlıq görüş keçirib. Bir gün sonra isə Fransa şəhərində velosiped gəzintisinə çıxıb. Xarici mətbuatın yazdığına görə, bu velosiped 10 ildir C.Kerrinin istifadəsindədir.
Musavat.com isə bu günə qədər rəsmi səfərlərdə, tətil zamanı yıxılan, xəsarət alan, seçiciləri qarşısında bu səbəbdən pərt olan siyasətçilərin siyahısını tərtib edib. Onların bir neçəsini nəzərinizə çatdırırıq.
Bu ilin əvvəlində İtaliyanın sabiq baş naziri xoşagəlməz halla üzləşib. Bir neçə il əvvəl vanna otağında duş qəbul edərkən yıxılaraq kəllə-beyin travması alan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bu dəfə ictimaiyyət qarşısında yıxılıb. “İrəli İtaliya” siyasi hərəkatının yaradıcısı və sədri 78 yaşlı siyasətçi də bu məqsədlə Liqura bölgəsinin mərkəzi şəhəri Kenovada görüş keçirib.

O, çıxışı zamanı partiyasından namizəd olan Covanni Toti üçün dəstək istəyib. Berluskoni həmçinin, Solçu Demokrat partiyanın sədr müavinini və baş nazir Matteo Renzini tənqid edib. Çıxışını tamamlayan sabiq baş nazir kürsüdən enərkən özünü nizamlaya bilməyib və yıxılıb. Mühafizəçiləri və partiya nümayəndələrinin köməyi ilə qalxan Berluskoni ayağı altına qoyulan əşyanı havaya qaldıraraq “məni yıxan bu solçu oldu” deyə zarafatla vəziyyəti yumşaltmağa çalışıb.
Bu ilin fevralında Efiyopiyadan qayıdan Zimbabvenin prezidenti qorxudub. 90 yaşlı Robert Mugabe paytaxt Hararedəki çıxışından sora pilləkənlərdən düşərkən yıxılıb. O, hava limanında zimbabvelilərə səslənib. Çıxışından sonra o maşına doğru gedib.

Pillələkənlərdən düşəndən sonra yaşlı dövlət başçısı müvazinətini itirib və yerə yıxılıb.
Bu ilin fevralında 91 yaşını qeyd edən prezidentin köməyinə mühafizə xidməti və köməkçiləri gəliblər. Lakin diqqət çəkən məqam mühafizəçilərin ağır tərpənərək prezidentə köməkdə ləngiməsi olub.
Dəstəklə yerdən qalxan Mugabe limuzininə mindirilərək aparılıb.
Qeyd edək ki, bənzər hadisə 1994-cü ildə Türkiyə prezidenti olan Süleyman Dəmirəlin də başına gəlib. O, kürsüdən enərkən müvazinətini itirərək səndələmişdi Bu zaman mühafizə xidmətinin rəisi Şükrü Çuxurlu özünü qabağa ataraq onun köməyinə yetişmişdi.
Bu ilin martında ABŞ Prezidenti Barak Obama Vaşinqtonda təyyarədən çıxarkən trapdan yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. Prezident sürahidən tutaraq tarazlığını qoruya bilib. Daha sonra o, trapla aşağı düşərək onu gözləyən zabitləri salamlayıb. Prezident Obama Floridadan Vaşinqtona qayıdırmış.

Daha bir yıxılma hadisəsi isə bu ilin yanvar ayında Parisdə terror əleyhinə keçirilən həmrəylik mitinqi zamanı müşahidə olunub. 1 milyon 300 min insanın qatıldığı mitinqdə 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri iştirak ediblər. Müxtəlif dinlərin nümayəndələrinin qatıldığı aksiyaya terrora məruz qalmış “Charlie Hebdo” nəşrinin əməkdaşları da qoşulub.


Mitinqə qatılan Danimarkanın baş naziri Helle Torninq-Şmitt pilləkəndən düşərkən yıxılması diqqətdən yayınmayıb. Həmçinin Almaniya kansleri Angela Merkelin Fransa prezidenti Fransua Ollandla səmimi görüşü də aksiyanın maraqlı anı olub
2014-cü ilin yanvarında Almaniyanın kansleri Angela Merkel dağ-xizəkçilik kurortunda yaralanıb. İnsident İsveçrədə baş verib.
“Xanım kansler bayram günü yamacda sürüşərkən yıxılıb. Onun çanaq sümüyündə çat yaranıb və Angela Merkel yıxılarkən güclü şok yaşayıb. Xanım kansler bu həftəyə planlaşdırılmış bir neçə görüşü təxirə salmalı olub”, – Almaniyanın baş nazirinin mətbuat katibi Ştefen Zaybert deyib.
2012-ci ildə ABŞ-ın prezidenti Barak Obama seçicilərlə görüş zamanı zala daxil olarkən həyəcanlı anlar yaşayıb. Həmin ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq Floridada seçicilərlə görüşən Obama tribunaya yaxınlaşan zaman ayağı sürüşüb və az qalıb ki, yıxılsın. Özünü itirməyən Obama əlini yerə qoyaraq ayağa durmağa çalışıb. Qalxan zaman isə ətrafa gülümsəyən prezident nitqinə başlayıb.
2012-ci ildə də Avstraliyanın baş naziri Culiya Gillard Hindistan səfəri zamanı xoşagəlməz qəza ilə üzləşib. Gillard Yeni Dehlidə Mahatma Qandinin məzarını ziyarət edərkən üzü üstə yerə yıxılıb. Qəflətən yıxılan Gillardı yaxınlıqda olan şəxslər köməklik göstərərək yerdən qaldırıblar.
Heç bir xəsarət almayan baş nazir dikdaban ayaqqabının qurbanı olduğunu deyib. “Əgər dikdaban ayaqqabı geyinsəniz, belə torpağa girib qalar. Siz onu çıxartmağa çalışsanız da çıxmaz və nəticə də gördüyünüz kimi olar”.
Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan da 4-5 il əvvəl baş nazir olan zaman atdan yıxılıb.





