Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə Moskva Bakı və İrəvana özünün “birtərəfli” qərarını sırıya bilər. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, amerikalı diplomat və analitik Riçard Kozlariç erməni portalına müsahibəsində bildirib.
Kozlariç qarşıdakı görüşlə bağlı üç mümkün variantı qeyd edib: “Birincisi, bu, Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında ayrıca formatda təşkil olunan silsilə görüşlərdən biridir. Çevrələr müxtəlifdir, ancaq təşkilatçılıqdan əlavə başqa məqsədlər bəlli deyil. İkincisi, bu görüş Vyanadakı sammitin davamı ola bilər. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən ruslar bəyan etmişdilər. Lakin ruslar hələ ki, Sankt-Peterburq görüşünün Minsk Qrupu prosesi ilə bağlı olduğu barədə hər hansı bəyanat verməyiblər. Nəhayət, üçüncüsü, istisna deyil ki, Moskva Azərbaycan və Ermənistana özünün “birtərəfli qərarını” sırımağa çalışacaq. Moskva bununla göstərməyə çalışacaq ki, bu regionda dominant güc olaraq qalmaqdadır. Əgər həqiqətən də belədirsə, o zaman Rusiya ya ermənilərin, ya da azərbaycanlıların mövqeyini müdafiə eləməlidir. Hər iki tərəfi qane eləmək mümkün deyil”.
Keçmiş diplomat fikrini ümumiləşdirərək deyib ki, hələ ki, görüşün hədəfini dəqiq müəyyən eləmək mümkünsüzdür. “Hətta görüşdən sonra da çox şey qeyri-müəyyən qala bilər” – o əlavə edib.




