Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib ki, Mariupol limanı artıq taxıl daşınması üçün istifadə olunmağa başlayıb.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
“Biz artıq taxıl ixrac edirik”,-deyə Puşilin bildirib.
Xatırladaq ki, Puşilin aprel ayında açıqlamışdı ki, yaxın zamanlarda Donbassdan Mariupol dəniz ticarət limanı vasitəsilə Rusiyanın digər bölgələrinə taxıl tədarükünə başlanacaq.
O, aprelin 14-də kənd təsərrüfatı naziri Dmitri Patruşev, tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin müavini Valeri Leonov və respublikanın müvafiq idarələrinin rəhbərləri ilə birlikdə Mariupola səfər edib. Nümayəndə heyətinin üzvləri şəhər limanında taxılın saxlanması və ötürülməsi üçün yanalma körpüləri və sahələrinə baxış keçirib, daha sonra Donbassda istehsal olunan taxılın dəniz yolu ilə ixracının təşkili ilə bağlı müşavirə keçiriblər.
“Biz artıq bərpa edilmiş imkanlardan tam istifadə etməyə və Mariupol Dəniz Ticarət Limanının bərpasını davam etdirməyə hazırıq. Bu yolla yolları və keçid məntəqələrini boşaltmaq mümkün olacaq ki, bu da onlar üçün növbələri azaltmağa kömək edəcək”,-deyə Puşilin qeyd edib.
Yeganə




