“Rusiya qoşunlarının Suriyadan çıxarılmasına əvəz olaraq Moskva və Ər-Riyad arasında neft razılaşmasının olduğu barədə iddialar düzgün deyil”.
“Reuters” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Abdel əl-Cubeyr bildirib.
Rusiya qoşunlarının Suriyadan çıxarılmasını müsbət qiymətləndirən səudiyyəli nazir ümid etdiyini bildirib ki, bu hadisə Cenevrədə siyasi prosesin sürətlənməsinə xidmət edəcək və Bəşər Əsəd rejimini güzəştə getməyə məcbur edəcək.
Xatırladaq ki, fevralın 16-da Rusiya və Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) bir neçə iştirakçısı yarım il ərzində neft hasilatını dondurmaq barədə razılaşıblar. Razılaşmaya qoşulan ölkələrin payına dünya neft hasilatının 70 faizi düşür.
Martın 15-dən başlayaraq isə Rusiya Suriyadakı hərbi birləşmələrinin əsas hissəsini çıxarmağa başlayıb.




