
Rusiya prezidenti Vladimir Putin iyulun 13-də Omsk vilayətində Hərbi Desant təlim mərkəzinin 4 mərtəbəli kazarmasının uçması nəticəsində ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq, məlumatlandırılır.
Rusiya prezidenti müdafiə naziri Sergey Şoyquya xəsarət alanlara lazımı tibbi yardımın göstəriləməsi barədə tapşırıq verib.
Xatırladaq ki, hadisə nəticəsində 18 hərbçi ölüb, 19-u yaralanıb, 5-nin isə axtarışı davam etdirilir.
* * * 11:11
Dağıntılarda Hava Desant Qoşunu təlim mərkəzinin hərbçiləri və dəmiryol briqadası işləyir.
Hadisənin başvermə səbəblərinin araşdırılması üçün Sergey Şoyqunun əmri ilə Omsk şəhərinə Rusiya Müdafiə Nazirliyinin komissiyası yola düşüb.
Məlumata görə, ümumilikdə dağıntılar altından 32 hərbçi çıxarılıb. Onlardan 18-i həlak olub, 19-u tibbi müəssisələrə yerləşdirilib. Daha 3 hərbçi təlim mərkəzinin sanitar hissəsinə müraciət edib.
Regionun hüquq-mühafizə orqanları ehtimal edir ki, dağıntıya təmir işləri zamanı qaydalara əməl olunmaması səbəb ola bilər.
* * * 10:15
Rusiyanın Omsk şəhərində hərbi kazarmanın uçması nəticəsində on iki nəfər ölüb.
“Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti dağıntılar altında qalıb və xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.



