“Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq”.
Bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.
“Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, həmçinin Bakı və İrəvanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir”, – deyə Putin vurğulayıb.
Ermənistan prezidenti isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, həmçinin digər həmsədr ölkələrə təşəkkürünü bildirib: “Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Münaqişənin həllində hədə və güc yolunun tətbiqi qəbul edilməzdir. Biz bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik”.




