Pənah Hüseyn: “Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsi heç də xaricin dediyi ilə oturub-durmur”
Bəzi siyasi ekspertlər iddia edir ki, Qərbin, beynəlxalq təşkilatların Azərbaycanda müxalifətə lazımi dəstək verməməsinin səbəblərindən biri də müxalifət partiyaları arasında gərginlik, münasibətlərin düşmənlik həddində olmasıdır. Belə hesab edilir ki, bu vəziyyətdə müxalifətin hakimiyyətə gəlişi daxili intiriqaları iqtidara daşıya və nəticədə Qərbin də buradakı maraqlarına təhlükə yarana bilər. Qərb dairələrini çəkindirən də budur.
Bəs deyilənlər nə dərəcədə əsaslıdır?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd olunan fikirlərin həqiqəti əks etdirmədiyini, həmin şərhlərin hakimiyyətin illərdir apardığı təbliğatın təsiri altında verildiyini düşünür: “Bütün bunlar iqtidaryönlü təbliğatın ştamplarıdır, müxalifət əleyhinə olan əkstəbliğatdır. Prinsip etibarilə müxalifətin bir araya gəlməsinin xaricdən idarə olunması şəklində qoyulması yanlışdır. Azərbaycan müxalifətinin ən azı əhəmiyyətli bir hissəsi heç də xaricin dediyi ilə oturub-duran müxalifət deyil. Azərbaycan müxalifətinin bir araya gəlməsi ölkədə ictimai-siyasi fəallığın dirçəlməsi ilə həll olunacaq məsələdir. Getdikcə ictimai-siyasi fəallıq yüksəlir və bu prosesin özü Azərbaycan müxalifətini birləşdirəcək və müxalifət bir araya gələcək”.