BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi bildirib ki, bir qrup naməlum şəxs təşkilatın Qəzza zolağındakı müəssisəsindən yanacaq və tibbi avadanlıq oğurlayıb. Elchi.az xəbər verir ki, bu barədə BMT missiyası “X” sosial şəbəkəsində yazıb.
“”UNRWA” -ya dünən Qəzza zolağı Administrasiyasının Səhiyyə Nazirliyinə aid olduğu iddia edilən yük maşınlarında olan bir qrup naməlum şəxsin agentliyin Qəzza şəhərindəki binasından yanacaq və tibbi ləvazimatları çıxardığı barədə məlumat daxil olub”, – deyə bəyanatda deyilir.
“UNRWA” əməkdaşlarının artıq oktyabrın 13-də Qəzzadakı qərargahlarından təxliyə olunduğu və o vaxtdan bəri missiyanın anklavdakı ofisinə giriş imkanı olmadığı bildirilir. Bəyanatda “UNRWA”-ya məxsus yanacaq və digər resursların filiallarda sırf humanitar məqsədlər üçün saxlanıldığı və onlardan hər hansı başqa məqsədlə istifadə edilməsinin qəti şəkildə pisləndiyi açıqlanır.
Bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatı BMT və “UNRWA”-nı İsrailin fələstinliləri Qəzza zolağından çıxarmağa məcbur etmək cəhdlərinə qarşı tədbir görməyə çağırıb.
Havar Şəfiyeva






