İsrail və HƏMAS arasında atəşkəsin 4-cü günündə girov mübadiləsi başa çatıb. HƏMAS 11 girovu azad etdiyi halda, İsrail buna cavab olaraq 33 fələstinli məhbusu azad edib. Tərəflər atəşkəs rejiminin iki gün uzadılması barədə də razılığa gəliblər. İsrail bu gün azadlığa buraxılması gözlənilən israilli məhbusların adlarının siyahısını aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsraillə HƏMAS arasında baş verən qarşıdurmalarda 4 günlük “humanitar pauza”nın son günündə qaynar inkişaf yaşanıb.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Həmas və İsrail arasında aparılan vasitəçilik səyləri nəticəsində “humanitar fasilənin” daha 2 gün uzadılmasına dair razılıq əldə olunub.
HƏMAS Telegram hesabından verdiyi açıqlamada Qətər və Misirlə eyni şərtlərlə “humanitar fasilənin” daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyini təsdiqləyib.
Bu barədə Ağ Evdən də açıqlama verilib. Ağ Ev sözçüsü İsrail və HƏMAS arasında atəşkəsin 2 gün daha uzadılması qərarını təsdiqlədiklərini və qərarı alqışladıqlarını bildirib.
Nuranə Məmmədova






