Gülsüm xanımla sosial şəbəkədə tanış olduq. Yazılarımı, xüsusui ilə də “Türmə əhvalatları” silsiləsindən olan hekayətləri oxuduğunu dedi. Söhbətimiz davamlı olaraq bir neçə dəfə təkrarlandı. Mənə aydın olan bu oldu ki, bu xanım kimdirsə, türmə həyatına yaxından bələddir. Onun mülahizələri, mənimlə həmsöhbət olması ürəyimcə idi. Bir dəfə isə ürəyimdəkiləri virtual söhbətimizdə dilə gətirdim:
– Siz naşı adama oxşamırsız, deyəsən yaxın adamlarınızdan həbsxana həyatı yaşayanlar olub.
– Hə, ona bənzər bir şey var, – yazdı. Və əlavə də etdi ki, istəyirəm siz dustaq qadınların həyatından da yazasız. Onların da arasında şərlənən, bilməyərəkdən cinayət törədənlər var.
Razılaşsam da, bu işin bir qədər çətin olacağını da dedim:
– Axı mən bunu edə bilmərəm. Mən içəridəki qadınları heç görmədim. Kiminlə eyni cəza evində oldumsa, onların həyat hekayətlərini dinlədim, yazdım. Həm də qadınlar haqda yazmaq düzgün olmaz, onlar özü də buna razılıq verməz.
– Mən sizə kömək edərəm, rahatsız olma, şərti adlarla təqdim edərsiz.
Razılaşdıq ki, görüşək.
– Münasib vaxt tapan kimi özüm sizə xəbər edəcəm, – dedi.
Və çox keçmədi ki, həmin münasib vaxt tapıldı. Gülsüm xanım məni Sumqayıt şəhərinə dəvət etdi:
– “Şərq bazarı”na yaxın bir yerdə zəng edərsən.
Nömrəsini də verdi.
Görüşəcəyimiz gün vədələşdiyimiz yerdə oldum. Yol boyu üzünü görmədiyim Gülsümün çöhrəsini, oturuşunu, duruşunu gözümün önündə canlandırırdım. Onu gah xeyli yaşı olan, gah da orta yaşlı xanım kimi təsəvvür edirdim. Bütün təsəvvürlərimdə o yaraşıqlı bir xanım olaraq gözlərimin önündə olur, mənimlə söhbət edirdi.
Görüş yerinə çatdıqda onu gördüm. Zəng etməyə ehtiyac olmadı. O da məni tanımışdı, şəkillərimi görmüşdü. Mən isə onun FB-dəki profilində öz şəkil yerinə solmuş gül şəkli qoyduğunun fərqinə gördükdə vardım. Bu xanım dolu bədənli olsa da, çox yaraşıqlı idi. Lakin gözlərindəki qüssə onun sifətinin tamam solğun görüntüsünü əks etdirirdi. Eynən profilinə qoyduğu şəkil kimi idi. Bu qadın kədərə bürünmüşdü, sanki. Amma səsində bu heç hiss olunmadı…
Salaqmlaşıb, hal-əhval tutduqdan sonra Gülsüm xanımın təklifi ilə dəniz sahilindəki çay evlərindən birinə gedəsi olduq.
– Açıq havada oturaq…
Razılaşdım. Çay sifariş verdik. Yenə də söhbət o insanlardan getdi ki, həyatlarını bilərəkdən və bilməyərəkdən zindanda keçirir, həyatlarının rəngini qaraya boyayırlar.
Hiss edirdim ki, əsas mövzuya gəlmək istəyir. Elə ona görə də dilləndim:
– Gülsüm xanım, siz mənə dustaq həyatı yaşamış xanımlarla tanış edəcəyinizi demişdiz.
– Hə, biri ilə. Lazım gəlsə, tanıdığım bəziləri də var, onlarla da söhbət edərəm, razılıq versələr, görüşərsiz, – dedi.
Özünü yaxından tanımaq istədim:
– İşləyirsizmi?
Heç yerdə işləmədiyini dedi. Amma bir vaxtlar işləyirmiş, hətta vəzifə sahibi də olub.
– Mən ali təhsilli müəlliməm. Uzun müddət müəllim, məktəb direktorunun müavini, şəhər təhsil şöbəsində metodist və digər vəzifələrdə çalışmışam. Dostlar, əhatəmdə olan həmkarlar, elə düşünürdüm ki, məni heç vaxt tək qoymaz. Amma sonradan elə təkləndim ki…
Öyrənirəm ki, subaydır, ailə həyatı qurmayıb. Atası məktəbli olarkən dünyasını dəyişib. Anasını isə yaxınlarda itiriblər. Hazırda atasından qalma evdə qardaşı və qardaşının ailəsi ilə yaşayır. Gəlin işlədiyinə görə qardaşı uşaqlarına baxır…
– Bəs özünüz niyə işləmədiniz? Yaşınız o qədər də çox deyil, ailə qurmaq…
Sözümü kəsdi:
– Gələn ay 35 yaşım tamam olacaq. Sənə haqqında deyəcəyim qadın mənəm. 29 yaşım olanda bir səhvimin ucundan bütün karyeramı alt-üst etdim. Həbs olundum və düz 3 il yarım cəza çəkdim. Ailə qurmağa gəldikdə isə, yəqin ki ailəm heç vaxt olmayacaq. Dul kişiyə gedib başqa qadından olan uşağına da baxa bilmərəm. İnanmıram ki, ürəyimdə sevgi hissləri cücərə bilsin. Belə yaxşıdır. Qardaşımın balalrı mənə ana deyir. Bibi sözündən çox xoşum gəlir, amma nədənsə mənə ana dedilər.
– Bəs analarına nə deyirlər?
– Analarını rusca, “mama” deyə çağırırlar.
Təbəssümü də gözəldir. Qardaşı balalrından danışır, amma ana şəfqəti ilə, ana mehri ilə. Mövzuya qayıdıram:
– Yaxşı Gülsüm xanım, danışın, necə oldu, niyə o səhvi etdiz? Gənc idiz, gözəlsiz, karyera, yüksəliş…
Armudu stəkanı dodaqlarına aparır. Soyumuş çayı birnəfəsə içir. Solfetlə boyasız dodaqlarını qurulayır. Ona çay süzürəm. Təşəkkür edir. Görürəm ki, söhbətə təkan vermək çətin gəlir. Amma danışır:
– Mən evdə gəlinə də dedim. Dedim ki, tapacam bu adamı və bütün olanları danışacam. Qoy yazsın. İnan, bütün yazılarının səmimiliyinə inanmışam. Cəza evlərində olanların əksəriyyəti günahsızdır… – bir qədər fikrə gedir, sonra əlavə edir: – Cinayətləri olsa da belə… Sadəcə bizim hüquq–mühafizə işçilərimiz maraqlanmır, tədqiqat aparmır ki, bu adam necə oldu bu cinayəti törətdi? Onu nə vadar etmişdi buna? Sosial bəla, əxlaqsız zaman, imkanlı adamın zəif olana quldar münasibəti və o qədər bilmədiyimiz, görmədiyimiz səbəblər…
Mən də bir səhvin qurbanı oldum. Amma buna görə mən mütləq həbs olunmalı idim? Axı gənc idim, təhsilim vardı, işimdə qüsur heç yox idi. Düzdür, həsəd edənlər, gözü götürməyənlər də vardı. Amma bunun mənim həbsimə səbəb olacaq tərəfləri yox idi. Lakin işim dolaşdıqdan sonra, hər gün zəng edib mənə “sabahın xeyir, gecən xeyrə qalsın” deyənlər yox oldu. İşdən çıxmağımı gözləmədilər, yerimə keçmək üçün vasitələr axtardılar, adam tapdılar. Həyasızlıq edənlər də oldu: “Eşitmişəm, işdən çıxırsan, bəlkə danışasan, yerinə məni qoysunlar, hörmətini də edərik”. Dedim, bu vaxta qədər hansınızdan “hörmət” gözləmişəm?
Gülsüm xanım danışığına ara verdi. Bu dəfə çayı ehmal-ehmal içdi. İllər öncənin xanım-xatını, vəzifə sahibi olan xanım kimi, dodaqlarının ucuna yaxınlaşdırdığı stəkana şərəf verirdi sanki.
– Axı siz özünün necə oldu tutuldunuz? Nə idi günahınız? Axı Azərbaycanda qadını çox nadir halda tuturlar. Yəni onun cinayəti o qədər ağır olmalı, özü cəmiyyət üçün yarasız və təhlükəli olmalıdır ki, onu qandallasınlar. Ya da vətənə xəyanət və sair olsun. Siz nə günahın sahibi idiz?
Gülsüm xanım suallarımın ard-arda düzülməsinə iradını bildirdi:
– Yaman səbirsiz adamsız. Axı dedim, danışacam. Mən özümü günah sahibi bilirəm. Amma məni həbs etməyə bilərdilər…
Gülsüm xanım nə çəkinir, nə kimsədən ehtiyat edirdi. Sumqayıt böyük şəhər olsa da, Bakı deyildi. Çay içməyə gələn insanların demək olar hamısı bizim stola tərəf baxır, günün bu vaxtında qadının kişi məclisində – çay evində oturmasını qəbul edə bilmirdi. Hər halda reaksiyalardan bunu duymaq heç də çətin deyildi.
– Yox, səbirsiz deyiləm. Səndən ötrü bir qədər nigaranam. Axı burada tək qadın sənsən, bütün stolların arxasında oturanlar kişidir.
– Nə edək bəs? Mənə bura yaxşıdır. Təmiz havası var. Kimə görəsə gedib özümü bağlı yerə salan deyiləm ki… Xoşum gəlmir qapalı yerdən..
Bu onun bir müddət həbsxana həyatı yaşamasından da irəli gələ bilərdi. O hissləri çox yaşamışam, 10 saylı CÇM-də olanda açıq havada gəzmək belə mənə əsəb gətirirdi. Tikanlı məftillərlə qurşaqlanmış hündür daş hasarların o tərəfindəki həyat adama əlçatmaz görünürdü. “Görəsən orada insanlar indi necə nəfəs alır, nə düşünür, nə yeyirlər?” – düşüncəsi adamı tərk etmir. Başqa bir planetdə yaşayırsan, sanki. Qapalı mühitdə qalmaq məni necə bezdiribsə, indinin özündə belə, lap sərt qış havası olsa da, maşınımın pəncərələrini açıq qoyuram. O da qala dar bir otaqda, kamerada olasan, bu, doğurdan da bezdiricidir.
– Hər halda düşündüm ki, adamların stolumuza tərəf baxması səni sıxır, narahatsan.
– Yox, elə deyil. Mənim üçün burada sizdən başqa heç kəs yoxdur. Hər kəs öz dünyasının sakinidir. Mənim dünyamın, mənim həyatımın bugünkü hissəsində siz və bütün ömrüm boyu mənimlə olacaq keçmişim var. Mən o keçmişlə bu gün də birgəyəm, amma o keçmişi bu gün sizə danışmağın yolunu arayıram. Düzmü edirəm? Məni tanıyanların hamısı həbsimin necə baş verdiyini soruşur. Bunu bilsələr belə, sanki danışmağa başqa mövzuları yoxdur. Hələ istintaqın gedişində müstəntiq də, hakim də, dövlət ittihamçısı da sual verdi ki, necə oldu cinayətkar şəbəkənin üzvünə çevrildin. Cavab verdim, danışdım, heç nəyi gizlətmədim. Qohum, tanış da, qonşu da bildi. Amma olanların üstünə olmayanları da qoydular, danışmaqdan bezmədilər. Vicdanları bilər…
Gülsüm xanım danışdıqca stolun üstündəki salfeti barmağına dolayır, sanki üzük düzəldir, salfetin düyünlənən yerini üzük qaşına bənzədir, sonra yeni bir salfet götürür, təkrar edir. Qəfildən gözlərimə baxır. Bu vaxta qədər mən tərəfə baxanda baxışları çiynimin üstündən uzaqlara dikilirdi.
– Mən yoruldum sizə “siz” deməkdən… gəl belə edək, keçək “sən”ə.
Bununla da müraciətimizə bir qədər də doğmalıq əlavə olundu.
– Amma sənə özüm danışacam. Özü də sənin bu yazının qəhrəmanı tək mən olmayacam, qadınlarımızın hamısı olsun, qoy bu yazıda onların hər biri öz günahlarını görsün, etiraf etsin…
Gülsüm xanım ətrafa boylandı, yaxın-uzaq stollara nəzər saldı. Sonra yenə də söhbətinə davam etdi:
– Məni qohumlarım tutdurdu, desəm, yalan olmaz. Mən indi onları qınayıram, düzdür, amma özümü daha çox qınaq, günah sahibi kimi görürəm. Heç kəsi məcbur edib nəyəsə təhrik etmirlər. Düzdür, şirinlikləşdirmə, təsir etmə, aldatma olur. Amma dirəniş göstərib, zor tətbiq etmə hallarına təsadüf etmədim.
Gülsüm xanımın nə vaxt əsas mövzuya qayıdacağını gözləmək məni bezdirib artıq. Sözünü də kəsmək istəmirəm. Narazı qalmağımı isə nə iləsə bildirməliyəm. Amma buna ehtiyac qalmır. Xanım danışır:
– Demək, mən təhsil şöbəsində işləyirdim, metodist idim. Mənə hörmət edir, xətrimi istəyirdilər. Şəhərimizdə keçirilən dövlət tədbirlərinə dəvət olunurdum, bəzilərinin hətta təşkilatçısı da mən olurdum. Hər kəs məni daha qabaq cərgədə görürdü. Elçilərim qapıdan boynubükük qayıdırdı, karyeramı quracaqdım. Belə bir vaxtda qohum-əqrəba da çox olur. Hələ İrandan gələn qohumlarımızı demirəm. Onlar çox imkanlı idi. Bakıya gəldikdə bahalı otellərdə qalırdılar. Arada vaxt tapıb bizə də gəlirdilər. Hədiyyə, parça və ətriyyat, həna və sair gətirərdilər. Biz də onları pis qarşılamırdıq. Tacir idi qohumumuz, ticarətlə məşğul idi. Bir gün xanımı ilə bizə gəlmişdi. Mən evdə idim, sağollaşıb işə gedərkən qonağımız dedi ki, qızım, bu parçanı, filan yerdə adam var, zəng edim, yolunun üstündədir, ver ona. Yeni gəlmişdilər, rahatsız olmasınlar, deyə razılaşdım: – Nə olar, çatdıraram, – dedim. Elə də böyük bükülü deyildi. Apardım, idarənin qarşısında cavan bir oğlanla yaşlı qadın dayanmışdı. Parçaya baxdılar, dedilər ki, bu nümunədir. Yaxşı satılsa, deyərəm, gətirərsən. Bunu siz bilərsiz, dedim, mən sadəcə qohum xahiş etdi deyə gətirdim. Beləliklə, təxminən 3-4 gündən sonra həmin qadını idarənin qarşısında gördüm. Dedi ki o parçadan yenə gətir. Dedim, mən alverçi deyiləm, kiminlə danışmısansa de, gətirsin. Qohum isə artıq iki gün idi ki İrana qayıtmışdı. Evdə anama dedim, anam dedi, əlaqə saxlasalar, deyərəm. Bir həftə sonra qapımızı döydülər. Tanımadığımız adamlar 5 top parça gətirmişdi. Dedilər, bunu sizə göndəriblər, zəng edib aparacaqlar. Beləliklə, mən özüm də bilmədən iki cinayətkar şəbəkənin vasitəçisinə çevrildim. Qaçaq yolla gələn parçaları zəng edib həmin qadına çatdırırdım. Qadın mənə pul verirdi. Mən o pulları parçanı gətirənlərə verirdim. Üstündən götürüb bizə də verirdilər. Anam götürürdü, zəhmətimizin haqqıdır, deyirdi. Hər dəfə də verilən pul maaşımdan çox olurdu. Sonradan gələn qaçaq malların içərisində İran hənası, xurma da olurdu. Və mən də onları həmin qadına çatdırırdım. Bizim üçün də bağlama qoyulurdu. Amma satış üçün göndərilən bağlamalar bizə göndərilənlərdən fərqli rəngdə, ölçüdə olurdu.
Artıq özüm də marağında idim bu ticarətin. İşimlə bir araya sığmasa da, varlanırdım. Doğrusu, hənaya, ətriyyata görə bizə bu qədər zəhmət haqqı verilməsi də məni düşündürmürdü. Hər şey yaxşı idi. Qardaşıma maşın da aldıq. Onun üçün bir ticarət obyekti açdıq. Evləndirdik.
Çay çoxdan qurtarıb; stolumuzdan nəzərini yayındırmayan gənc çayçıya işarə edirəm, çay gətirir. Araya sükut çökür.
– Və… – mövzuya qayıdıram.
– Bir müddətdən sonra qohumların zəng kəsildi. Bizə göndərilən malları gətirənlər də, aparanlar da qeybə çəkildi. Özümüz narahat olduq. İrana zəng etdik. Qohumumuzla danışdıq, səhhəti, işi ilə maraqlandıq. Dedi ki, başı bir qədər qarışıqdır, vaxt tapıb gələcək. Gəlmədi. Əvəzində isə evimizə polislər gəldi. Axtarış apardılar. İrandan gətirilən hədiyyələri tapdılar, məni və anamı şöbəyə apardılar. Məlum oldu ki, göndərilən hənanın, xurma bağlamalarının içində narkotik maddə varmış və biz özümüz də bilmədən bunun paylaşmasında, yayılmasında iştirakçı olmuşuq.
– Bəs iranlı qohum necə oldu? Həbs olundumu?
– Yox, o, guya ki indi də axtarışdadır. Amma bu məsələ ilə bağlı böyük bir dəstə həbs olundu.
Gülsüm xanım onu da dedi ki, qohuma inanması və zəhmət çəkmədən varlanmağa həvəsli olması onu həbsxanaya qədər gətirib çıxarıb və bu onu bir an da rahat buraxmır.
– Geridə qalan xoş və qara zolaqlı günlərimə heç qayıtmaq istəmirəm. Hər şeyi yenidən başlamaq istəyirəm, amma bacara biləcəmmi?
– Gülsüm xanım, bəs səninlə həbsxanada necə davrandılar, oraların qayda-qanunlarına necə uyğunlaşdın?
Gülsüm xanım üçün görüşümüzün ən ağır anı başladı. O, həbsinin baş verdiyi anı soyuqqanlı olaraq nəql edə bilmədi. Hərçənd bunun üçün çox çalışdı. Amma səsi titrədi, dodaqları əsdi: – İşə getməyə hazırlaşırdım. Qapının zəngi çalındı. Anam açdı. Evə bir neçə yad adam daxil oldu. Mülki geyimdəydilər. Evinizdə axtarış olacaq, dedilər. Səbəbini soruşduqda cavab məni şoka saldı: “Siz narkotik maddələrin yayımında günahkar bilinirsiniz”. İçimdə nə isə qırıldı. Bu, böhtan idi, ünvanı səhv salıblar əminliyi vardı məndə. Eyni zamanda dəhşətli bir qorxu içimdə ilan kimi qıvrıldı. İstər-istəməz ayaqyoluna tərəf getdim. Yekəpər gənc əli ilə tualetin qapısını qapadı, olmaz, dedi. Sonra özü girdi içəri, tualeti axtardı. Üst-başıma baxışları ilə “əl gəzdirdi”, acı-acı gülümsədi: – Keç… Keçmədim. İçimi sancı doğrayırdı amma. Sən belə şeyləri başa düşərsən, qorxurdum ki, üstümü isladam. Amma özümü yenə də tox tutdum. Axtarış aparıldı. Mənə ən çox pis təsir edən qonşularımızın şahid kimi dəvət olunması idi. Bizi istəyənlər də, istəməyənlər də vardı. Yataq otağını, mətbəxi, qonaq otağını, hamamı, tualeti axtardılar. Dediyim kimi, İrandan gələn, həna, qurudulmuş, limon, parça və bəzi ətriyyatdan başqa əllərinə bir şey keçmədi. Sonra anamla məni polisə apardılar. Qardaşıma zəng etməyi xahiş etdik ki, bilsin. Anamı axşam buraxdılar. Məni isə saxladılar. Həbs olunan adamları mən tanıyırdım və onlar ancaq mənimlə görüşdüklərini, məndən mal alıb pul verdiklərini dedilər. Deyilənlər, düzdür, dedim. Amma mən heç bilmirdim ki, onlara verdiklərim, tiryək, yaxud digər narkotik mallar imiş. Sözsüz inanmadılar. Mənimlə “podelnik” kimi tutulanlar da dedilər ki, inanmırıq bilməsin. İki gündən sonra istintaqın gedişi və məhkəməyə qədər məni evə buraxdılar. İşə getdim. Hamı təəccüblə üzümə baxırdı, günahkar idim və heç kəsə fikir vermirdim. Kadrlar şöbəsinin əməkdaşı zəng edib məsləhət gördü ki, məzuniyyətə çıxım. Onsuz da əlim işə-zada yatmırdı. Razılaşdım. 3 aydan çox istintaq getdi. Qardaşım maşınını, ticarət obyektini satdı. Dayım kömək etdi. Axır ki məhkəməm baş tutdu və mən təqsirləndirildiyim maddənin ən yüngülü bəndi ilə üç il yarım həbs olundum. Gülsüm xanım danışır və danışdıqca da gözlərini tez-tez qırpır. Niyə? Bəlkə o günləri gözlərinin qarşısına gətirmək istəmir, kirpikləri ilə qovur? Günəşin şüası üstünə düşür. Yerini dəyişməyi təklif edirəm: – Stulunu bəri çək, gün səni “vurur”. – Qoy vursun, vurulmuşun qorxusu yoxdur, kaş elə gün işığı vursun, gün görməyənləri, şaxta-sazaq olmasın, – deyir və stulunu da dəyişir. Stəkanını onun qarşısına qoymazdan qabaq çayını təzələyirəm. O isə davam edir: – İnan, hakimin səsini eşidə bilmədim. Cavan, yaraşıqlı bir xanım olasan və səni gör nədə ittiham edələr. Nə isə, qoluma qandal vurmaq istədilər, hakim qəzəblə çımxırdı ki, etməyin. Məni gətirdilər Şüvəlan türməsinə. “Titanik” adlanan korpusda saxladılar. Kamerada məndən savayı 6 məhbus qadın da vardı. Gözüm qaraldı. Başıma dünya fırlandı sanki. – Səni pis qarşıladılar? Yer göstərdilər sənə? – Yox yer göstərmədilər. Qələt edərlər mənə yer göstərərlər, mən öz yerimi yaxşı bilən adamam. – Axı təcrübəsiz idin, türmə qanunlarını bilmirdin, vəzifə sahibi olmusan, dövlət işində çalışmısan, məmur olmusan. İçəridə pis baxırlar axı beləsinə. – Düz deyirsən… amma mənə oturmaq üçün yer verib, şponka ayırdılar, dedilər, təmizlik işlərinə növbəliliklə baxırıq. Bilirsən, o qadınlar da mənim kimi yazıqlar idi. Düzdür, biri kriminal aləmlə yaxınlığı ilə tanınırdı, amma heç biri dustaq həyatını özünün həyatının bir hissəsi kimi görmürdü. Bu baxımdan narahatlığım yox idi. Məni ən çox narahat edən türməyə girərkən üstümdə aparılan yoxlanış idi. Çox diqqətlə yoxladılar. Düzdür, qadın nəzarətçilər idi yoxlayanlar, amma özümü təhqir olunmuş kimi hiss edirdim. – Bu adi bir prosesdir, qanun belə tələb edir, üst-başın yoxlanılmalıdır. Özü də sən elə bir maddə ilə günahkar bilinibsən ki, bu, mütləq lazım idi. Gülsüm ilk dəfə zəiflik göstərdi. Ağladı. Səsi çıxmasa da, göz yaşları sifəti boyunca iz saldı. Əl dəsmalı ilə gözlərinin yaşını qurutdu. Davam etdi: – Bilirsən, mən də bilirəm yoxlamalıdırlar. Amma bu nəzarətçi qadınlar, məni təhqir etdilər. Soyun, dedilər. Qapını da bağlamayıblar. Dedim, qapını örtün, güldülər, bura heç kəs gəlməz dedilər. Soyunmaq istəmədim, üstümə çımxırdılar. Nəhayət, qapını örtdükdən sonra üst geyimimi soyundum, “tamam soyun”, – dedilər. Bəlkə harandasa narkotik maddə gizlətmisən deyib, özləri mənə əl atdılar. Ağladım, dedim, bu bir yanlışlıq olub. Mən… mən… Susdu. Yenidən ağladı. Və stəkanda soyumaqda olan çaydan ovcuna süzüb, gözlərinə çəkdi. Tez kənar stoldakılara fikir verdim. Gülsümün ağlaması onlara da sirayət etmişdi. Baxışlarımı tutmasınlar deyə, gözlərini gizlədilər. Gülsüm isə ətrafın fərqində də deyildi. Onsuz da danışdığını heç kəs eşitmirdi. – Mən narkoman deyiləm dedim. Onlar mənim bədənimdə nə isə axtarmaq istədilər… təkcə onu deyə bildim ki, mən qız uşağıyam, toxunmayın mənə… “Geyin, – dedilər, – sonra da, hörmət elə”. Dedim götürün, cibimdən çıxan pul qarşılarında idi. 10 manat götürdülər. Sonra kameradakı qızlar dedi ki, gərək özün 5 manat təklif edəydin… mənə dedilər ki, hələ çox şey görəcəksən, eşidəcəksən… Gülsüm yenə də səssiz ağladı. Göz yaşlarının dodaqlarına düşənini bu dəfə dili ilə quruladı. – Məni bilirsən nə dəhşətə gətirdi? Axşam yoxlanışında nəzarətçi qadın “kormuşqa”nı açıb çağırdı: – Ey, bakirə, sənə bağlama var, qəbul elə, bura qol çək. Bilmədim kimi çağırır, tərpənmədim. İçəridə olan qadınlardan biri mənə tərəf döndü: – Səni çağırır… O gündən mənim ayamam “Bakirə” oldu. Axı sən bilirsən, hər dustağa qoyulan bir ad var…
– Məni bilirsən nə dəhşətə gətirdi? Axşam yoxlanışında nəzarətçi qadın “kormuşqa”nı açıb çağırdı: “Ey, bakirə, sənə bağlama var, qəbul elə, bura qol çək”. Bilmədim kimi çağırır, tərpənmədim. İçəridə olan qadınlardan biri mənə tərəf döndü:
– Səni çağırır…
O gündən mənim ayamam “Bakirə” oldu. Axı sən bilirsən, hər dustağa qoyulan bir ad var…
Gülsüm xanımın təklifi ilə ayağa qalxırıq:
– Bəlkə, bir az gəzişək, dənizə tərəf düşək?
Razılaşıram. Xidmətçi oğlanla sağollaşıb dənizə tərəf piyada gedirik. Sahil boyu salınmış parkın içində boş skamya görüb oturur:
– Bura yaxşıdır, dənizi o qədər də sevmirəm. Eləcə oradan durmaq istədim. Söhbətimi orada edə bilməzdim. Elə bildim ki, məni eşidirlər.
Mən də otururam. Gülsüm xanım özünü nə qədər tox tutsa da, arxada qoyduğu ağrılı anların içərisində çabaladığını gizləmək istəsə də, bu, mümkün olmur. Səsinin, dodaqlarının, çənəsinin titrəməsi içindəki təlatümdən xəbər verir. Bu, fırtına qabağı dənizin üstündə əmələ gələn xırda, qırçınlaşan ləpə kimidir, birazdan dalğaya dönəcək.
– Bilirsən, mən bu sözü təhqir kimi qəbul edirdim. Geriyə yol yox idi, məndən bəhs edəndə, söz deyəndə, çağıranda heç vaxt adımı çəkmədilər. “Bakirə haradadır”, “Bakirəyə de, belə olsun” və sair. Bu ayama Şüvalandan qadın koloniyasına, oradan da çölə qədər mənimlədir. İndi də kimsə məni çağıranda qorxuram, elə bilirəm ki, bu adla çağıracaq,“Ey, Bakirə” deyəcək. Sən təsəvvür edirsən? Mən qadın üçün təmizlik, başucalığı olan, adına şərəf gətirə bilən sözdən iyrənmişdim, indi də o sözün xofundan qorxuram. Artıq hamı məni bu adla tanıyırdı. Kişi nəzarətçilər, zabitlər də vardı, qadınların məni bu adla çağırmalarını eşidirdilər. Elə bilirdim ki, adıma Bakirə deyildikdə onlar gözlərini qurşağıma dikirlər… Utanırdım, heç kəsin görmədiyi bir küncə çəkilib ağlayırdım. “Niyə bu sözü işlətdim, niyə mənə bu adı verdilər”, – deyə qınayırdım özümü.
Yanpörtü, üzünü mənə tərəf çevirərək oturdu, dizləri dizlərimə toxunacaq qədər yaxın oldu, kənardan baxanların nəzərində doğma adamlar kimi müşahidə oluna bilərdik.
– Bilirsən də, cəmiyyətimiz necə baxır adının üstündə həbs damğası olanlara. Bayırda yüz oyundan çıxanlar içəridə olanlara necə baxır. Sən özün yaxşı bilirsən bunları, nə deyim sənə. Mənə içəridə də pis baxdılar. Yaxın qoymadılar məni. Haqqımda ən əxlaqsız sözlər danışıldı. Gəlib qulağıma çatırdı, deyirdilər, cavandır, vəzifədə işləyib, əlbəttə, kiminsə qayğısı olub, kiminsə könlünü xoş edib. Bir dəfə cavan zabit qadına dedim ki, rütbən kapitandır, neçə nəfərin könlünü almısan? Dedi, heç kimin, dedim, bəs mənim haqda niyə belə düşünürsən?
Gülsüm sözünə ara verdi və birdən əsəbi halda davam etdi:
– Bilirsən, məni əsəbiləşdirən nə idi? Cəza evində yüz oyundan çıxanlar, bir-biri ilə kişi-qadın münasibəti yaşayan qadınlar da mənim bakirəliyimə gülürdülər, lağ edirdilər, hətta mənə inanmırdılar da. İnanmırdılar mənim səmimi olmağıma. Başa düşürsən, bunlar oturub “srok”larını çəkmirdi, sanki, məni müzakirə edirdilər. Ardımca gülürdülər…
– Nə bilirsən sənin ardınca gülürdülər?
– Mənə elə gəlirdi. Kimin dişi ağarırdısa, elə bilirdim, mənim barəmdə danışırlar. Qorxurdum hamıdan.
– Səni incidirdilər? Nə isə təklif edirdilər?
– Bəlkə də incitmirdilər. Amma mən çox incik idim…
Birdən həyəcanla üzümə baxdı:
– Sən nəyi nəzərdə tutursan? Nə təklif?
– Nə bilim, işbirliyi, qurmaq, bir söz-söhbət olsa, xəbər elə və sair- dilimi sürüdüm.
Sözləri dilimin ucunda sürüdüyümü görüb incik və qətiyyətli halda:
– Yox, sən bunu nəzərdə tutmurdun, – dedi.
– Hə, başqa şey fikirləşirdim. Bilirsən, gözəl və gənc qadın olubsan, adın da hallanıb. Özün–özünü seksual şəkildə təqdim edibsən, bəlkə, xoş münasibət göstərmək istəyən–zad olub. Axı içəridə müxtəlif xarakterli adamlara da təsadüf olunur. Bunu demək istədim.
Gülsüm xanım onsuz da başa düşmüşdü nə demək istədiyimi. Onun bu haqda danışacağına da əmin idim.
– Olub. Bir dəfə mənə sovqat gəlmişdi. Arasına da bir kağız parçası atılmışdı. Eşq naməsi idi. Yazırdı ki, burada “nadzor” işləyirəm, səni bəyənirəm. İstəsən, sevə bilsən, özümü göstərə bilərəm, burdan çıxarsan, ailə də qurarıq.
Gülsüm yenə də susdu, danışmadı. Fikirlərinin ardınca gözləri də uzaqlara yol aldı. Xəyal dünyasında var-gəl etməyinə bir çəkim siqaretin ayırdığı zamana qədər vaxt verdim, ona mane olmadım. Siqareti barmaqlarımın arasından mancanaqdan çıxan daş kimi kənar tolazladım:
– Aha, sonra nə oldu? Bildin kimdir o nəzarətçi?
– Yox, bilmədim. Heç o söhbətin başına ip də salmadım. Bilirdim ki, kimdirsə, mənə fırıldaq gəlmək niyyətindədir. Ömrü boyu məni almaz. İkinci tərəfdən də, əksəriyyəti evli idi. Bu bir qurğu ola bilərdi, ona görə də heç kəsə bu haqda bir söz demədim. Cırıb tualetə atdım. O məktub yandırıla bilməzdi, murdarlanmalı idi. Mən çox hadisələrlə üzləşdim. Bilirsən, mənə qadınların da gözü düşmüşdü. Biri vardı, qayğıma qalmağa başladı. Qoymadı iş görəm, başqalarına tapşırırdı işimi. Özündən iyrənirdim. Barmaqlarında döymə vardı. Siqaret çəkirdi. Qaşı tatu idi, burnunun üstündə ziyil vardı, sifətindən fahişəlik yağırdı. Qadından çox, özünü kişi kimi aparırdı.
Yenə də susdu. Yenə də sinəsi korük kimi qalxıb–endi. Dolu bədəni üşüyürmüş kimi yırğalandı. Bu dəfə qəzəbinin, hirsinin üstünə özü su çilədi, gülümsər çöhrəsinə işıq düşdü:
– Bir dəfə məni “kupesinə” dəvət etdi. (Kupe – dustağın yatdığı çarpayının digər çarpayı ilə arakəsməsinə deyilir. Və dustaq buranı özünün evi sayır. Heç kəs kupe sahibinin dəvəti olmadan ora girə bilməz – F.B) Ayaqqabımı soyunub içəri keçdim. Döşəməyə xalça sərilmişdi. “Kupe”nin bir tərəfi divar idi, o biri tərəfi isə pərdə ilə örtülmüşdü. Girişdəki pərdəni də özü çəkdi. Əslində, bunlar olmamalıdır. Lakin özünü tanıyan, hörmət sahibi olan, hörmət etməyi bacaran dustaqlar özləri üçün belə bir guşə yarada bilirdi. Nə isə, bir az söhbət etdikdən sonra üst paltarlarını soyundu. “Belim ağrıyır, məni masaj elə”, – dedi. Dedim, bacarmıram axı. – Öyrən, sən çox şeyləri öyrənməlisən, – dedi. Çox eybəcər görnüşü vardı. Qarnının piyi qat-qat qurşağına tərəf sallanmışdı. Bədəni ət xalları ilə əhatələnmişdi. Arxasını mənə çevirib işarə etdi ki, busqalterini açım. Açdım. Oturdu koykada, məni də məcbur etdi ki, arxa tərəfdən oturub, çiyinlərini ovum.
Danışığına ara verdi. Bu dəfə ürəkdən güldü. Bu gülüş ürəkdən gəlsə də, hirsə, qəzəbə büküldüyü də hiss olunurdu. Gözlərini əl dəsmalının ucu ilə sıxdı, quruladı sanki.
– Əlimi onun çiyinlərinə apardım, balaca ovmuşdum ki, bundan kişi səsinə bənzər səs çıxdı. Nırıldayırdı, elə bil, bu kişi mən isə onun arvadı idim. Tez ayağa durdum. “Kupe”dən çıxmaq istədim, biləyimdən tutub geri dartdı, dizinin üstündə oturtdu. Əli ilə ovurdumu sıxdı, “sən bu gündən mənimsən”, dedi. İtələyib, əlindən çıxdım. Qaçdım. Barakdan çıxanda, bir neçə həyasız qadın ardımca səsləndi:
– Deyəsən, bu, bakirə çıxmadı, axı…
Gülsümü ağlamaq tutdu. Oturacaqda aşağı əyildi, dizlərini dirsəklərinə, əllərinin içini isə çənəsinə dəstək etdi. Kök bədəni aşağı əyildiyindən, əynindəki koftası arxadan yuxarı dartılmışdı. Ağ bədəni görünürdü. Koftasını aşağı çəkdim. Heç dönmədi də. Xeyli susduqdan sonra dilləndi:
– O gündən sonra məni qadın nəzarətçilər incitməyə başladı. Yatağımın altından müxtəlif əşyalar, porno şəkillər, müxtəlif eybəcər fiqurları və sair çıxırdı… Cəzadan qurtulmaq üçün pul verirdim. Mən ordan çıxana qədər təzyiqlər oldu. Özümə, gözəlliyimə baxa bilmədim. Bir də onda gördüm ki, əvvəlki Gülsümdən əsər-əlamət qalmayıb. 30 kilo kökəlmişəm. Həm də istəmirdim ki, gözəl görünəm, diqqət çəkəm…
– See more at: http://axar.az/news/69462#sthash.k2o8XNvv.dpuf



