Dilavər Əzimov: “Tərtərdə yerləşən Talış kəndi indiki talış anlamında deyil”; Nizami Cəfərov: “Bu adların heç də hamısı o xalqları xarakterizə etmir”
Fazil Mustafa: “İnsanlar bu adlara bir kültür, mədəni miras kimi baxsınlar”
Tərtərdə gedən döyüşlər zamanı Talış kəndinin ermənilərdən alınması bu kəndin adı ətrafında müxtəlif suallar yaratdı. Azərbaycan ərazisində bu və digər millətlərin adını daşıyan kəndlər kifayət qədərdir. Buna misal olaraq Füzulidə, Göyçaydakı Kürd kəndi, Goranboydakı Safıkürd kəndi, Padarlar kəndi və s. göstərmək olar. Ümumiyyətlə, hər kəsə məlumdur ki, Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Lakin Azərbaycanın ərazilərindəki kəndlərin bu xalqların adını daşıması barədə deyilənlər nə dərəcədə doğrudur?
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimov bunun olduqca ciddi bir məsələ olduğunu dedi: “Kənd adları, ümumiyyətlə isə toponimlər məsələsi olduqca ciddi məslədir. Bu adlardan birinin dəyişdirilməsi üçün həmin sahə üzrə bütün mütəxəssislər dəvət olunmalıdır.
Bu günə qədər çox kəndin və şəhərin adını dəyişdirərkən ciddi səhvlərə yol veriblər. Adı dəyişənlər həmin ərazinin tarixini bilməlidir. Tərtərdə yerləşən Talış kəndi indiki talış anlamında deyil. Talış sözü o zaman ərazi bildirirdi. Bu ada uzaq Çindən tutmuş türklərin yaşadıqları bütün ərazilərdə də rast gəlinir. Bu söz protomonqol toponimidir. Bilirsiniz ki, bir zaman ərazi bildirən sözlər sonradan xalq adına çevrildi. Talış, ləzgi sözü də buradan qaynaqlanır. Vahid talış xalqı yoxdur. Orada yaşayanlar drığlar, brığlar, oyrtalar, zuvandlar və sairədirlər. Məsələn, dağlara Talış dağları deyirlər. Bu dağlara o ad monqolların gəlişindən sonra verilib. Ərəb mənbələrində belə ad yoxdur. Amma sıra dağlar kimi xatırlanır.
O cümlədən kürdlə bağlı adlar da buraya daxildir. Bir zaman bunların qurd adı ilə bağlı olduğunu deyirdilər. Sonradan kürdə çeviriblər. Orta əsrlərdə işlənən kürd bugünkü kürdü nəzərdə tutmur. O zaman dağlarda yaşayanlara kürd deyirdilər və onlar şəhər mədəniyyətindən uzaq idilər. Ona görə də oturaqlar onlara qarşı bu ifadəni işlədirdilər. Məsələn, dağlarda yaşayan türklərə də kürd deyirdilər. Hətta bəzi ərəb qövmlərində də bu ifadəni işlədiblər. Sonradan bunların mənasını təhrif ediblər. Kürdlərlə bağlı adların olması təbiidir. Amma bu o demək deyil ki, orada yalnız kürdlər yaşayıb”.
D.Əzimov dəyişilən bir çox yer adlarında ciddi səhvlərə yol verildiyini bildirdi: “Cəlilabadda ən qədim yerlərin adını dəyişib yeni adlar qoyanda ciddi səhvlərə yol verdilər və tariximizi təhrif etdilər. Məsələn, Tovuzda Ayıblı kəndi var idi. Onun adını dəyişdilər. Bu kəndin qədimdə adı Alplar olub. Adı dəyişənlər tarixi bilmədiyi üçün başa düşmədilər ki, bu adı sonralar təhrif edib türklərə qarşı işlədiblər. Onun tarixi adı olan Alpları qaytarmaq lazım idi. Adları gülüş doğuran kəndlərin tarixi qədim deyilsə, bu ad sonradan qoyulubsa, onu dəyişmək olar”.
Dilçi alim Nizami Cəfərov bildirdi ki, bu adların heç də hamısı o millətləri xarakterizə etmir: “Dünyanın hər yerində bu cür hallar var. Etnos adı ilə bu və ya başqa coğrafiyada toponimlər var. Buna etnotoponimlər deyilir. Ümumiyyətlə, hər hansısa yer adını, o cümlədən bu cür adları dəyişmək olmaz. Çünki bunlar tarixdir. Azərbaycanda vaxtilə ərəblər olub və çoxlu yerlərdə ərəbqədim və sairə kimi yer adları var. Bu, tarixdir və dəyişdirilməsi mümkün deyil. Dünyanın çox yerlərində, coğrafiyalarda türk adları var. Türk adı ilə kəndlər, yerlər var. Onu da kimsə dəyişərsə, əlbəttə ki, yaxşı qəbul olunmaz. Konkret olaraq talış adına gəlincə isə burada məsələ mürəkkəbdir. Çünki bu adların heç də hamısı indiki İran mənşəli o xalqın adı ilə bağlı deyil. Bunun müxtəlif formaları olub. Bu bizim toponomiya elmində də var. Törös deyilən bir türk tayfası olub. Eyni zamanda Asiyada Talas deyilən yerlər var. Yəni bunlar fonetik dəyişmələr hesab olunur. Əslində töröslər, talaslar türk tayfalarından birinin adıdır. Məsələn, bizdə talışlar Azərbaycan xalqının tərkib hissəsidir. Onların yaşadığı yerlərdə bu tipdə adlar ola bilər. Burada heç bir gərginləşdirici bir hal yoxdur. Amma bütün talış sözləri, içində talış sözü olan yer adları heç də talışları ifadə etmir. Dediyim kimi, bunlar fonetik dəyişmələrdir və bunu mən özümdən kəşf etməmişəm, dilimizdə mövcud olan bir şeydir. Buna görə də nəyisə nəyəsə uyğunlaşdırmağımız düzgün olmazdı”.
Deputat Fazil Mustafa bildirdi ki, bu adalara milli kültür, miras kimi baxmaq lazımdır: “Mən bu adların dəyişilməsində bir məna görmürəm. Daha yaxşı olardı ki, insanlar o adlara bir kültür, mədəni miras kimi baxsınlar. Bir siyasi vasitə və ya ad kimi qəbul etməsinlər. Məsələn, hər hansısa bir dövrdə Ərəblər, yaxud da Padarlar, Kürdlər adlı kəndlər var. Elə Talış kəndində də heç də talışlar yaşamayıb. Bu, tarixlə bağlı məsələdir. Bu adlarda heç bir təhlükə yoxdur və onlara bir kültür mirası kimi baxılmalıdır. Azərbaycan türklərlə yanaşı həm də çoxsaylı xalqların yaşadığı bir ölkədir. Bizim ölkəmiz çox zəngin mədəniyyətə sahib bir ölkədir. Bu adların olması da bizim zənginliyimizin göstəricisidir. Bu adları dəyişmək və ya hansısa korrektələr etməyə ehtiyac yoxdur”.
Azərbaycanda olan və qəribə səslənən, gülünc doğuran kənd adlarına gəlincə isə F.Mustafa bu adlarda müəyyən düzəlişlərə ehtiyac olduğunu dedi.