“Amazon” online ticarət platformasının yaradıcısı Ceff Bezosun sərvəti “qara cümə” günü həyata keçirilən satışlar nəticəsində 2,4 milyard dollar artaraq, 100,3 milyard dollara çatıb.
Elchi.Az Lent.az-a istinadən xəbər verir ki, bu, irihəcmli satışlar sayəsində sərmayəçilərin nikbinliyi nəticəsində şirkət səhmlərinin dəyərinin 2% yüksəlməsindən sonra baş verib. Bundan əvvəl 100 milyardlıq həddi keçə bilən şəxs 1999-cu ildə “Microsoft”un yaradıcısı Bill Qeyts olmuşdu.
Ümumilikdə 24 noyabrda “Amazon”un satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% artıb.
Xatırladaq ki, C. Bezos “Forbes”in milyarderlər siyahısında B.Qeytsi ötərək 1-ci sıraya yüksəlib. Son reytinqdə “Amazon”un sahibinin sərvəti 92 milyard dollar, “Microsoft”un təsisçisinin sərvəti isə 90 milyard dollar həcmində qiymətləndirilib.



