Problemin həlli nə dərəcədə münaqişə tərəflərinin və vasitəçilərin iradəsindən asılı duruma gəlib? Ekspert rəyləri
fərqlənir; amerikalı politoloq: “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın əlində uzun müddət üçün bir oyundur…”
2015-ci ilin daha bir ayı tarixə qovuşdu. Təəssüf ki, fevral da Dağlıq Qarabağ probleminin həllində irəliləyişə, yaxud status-kvonun müsbətə doğru dəyişikliyinə gətirmədi. Ötən ay da əvvəlkilərtək ATƏT-in Minsk Qrupu həmsədrlərinin ənənəvi qeyri-məhsuldar hərəkətliliyi, “quş” qoymaq üçün regiona səfərləri və artıq çoxdan önəm daşımayan növbətçi bəyanatları ilə yadda qaldı.
Bir çox siyasi müşahidəçilərə görə, sülh danışıqlarında onsuz da illərdir Moskvanın diktəsi ilə destruktiv mövqe tutan işğalçı Ermənistandan saxta “erməni soyqırımı”nın yaxınlaşan 100 illiyi ilə əlaqədar pozitiv nəsə gözləməyə, ümumiyyətlə, dəyməz. Deməli, yaxın bir neçə ayda nizamlama prosesində simvolik irəliləyiş belə olmayacaq, durğunluq davam edəcək. Paralel surətdə yeni müharibə ehtimalı və riskləri öz aktuallığını saxlayacaq və artıracaq.
Belə vəziyyət nə vaxtadək sürə bilər?
Analitiklərə görə, cavab həm də Ukraynada davam edən Qərb-Rusiya qarşıdurmasının aqibətindən asılı olacaq. Başqa sözlə, ixtilafın birdəfəlik həlli təkcə münaqişə tərəflərinin iradəsindən asılı da deyil. Ermənistan zatən, bütünlüklə Rusiyadan və onun iradəsindən asılıdır. Azərbaycan üçünsə münaqişənin hərbi yolla aradan qaldırmaq üçün əlverişli regional və qlobal şərtlər hələ yetişməyib.
***
Ekspertlərin və təhlilçilərinin Ukrayna böhranı fonunda Qarabağ məsələsi ətrafında yaranmış yeni situasiyadan dolayı təxminləri müxtəlifdir.
“Dağlıq Qarabağ münaqişəsinin həll perspektivi dumanlı olaraq qalır”. Musavat.com-un məlumatlına görə, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Kleper ABŞ Konqresinə beynəlxalq təhdidlər haqda dəyərləndirmə təqdim edərkən bildirib. Sözügedən qurumun saytında belə bir məlumat yerləşdirilib.
“2014-cü ildə erməni-Azərbaycan təmas xəttində gərginliyin artması və rekord sayda ölüm halları ilə yadda qalıb. Zorakılığın belə artımı göstərir ki, qarşı duran qüvvələrin bu dərəcədə bir-birinə yaxın olması özündə yanlış hesablamalar və gözlənilməz gərginliklər riskini daşımaqda davam edir. Yaxın perspektivdə konfliktin həlli dumanlıdır”, – deyə o qeyd edib.
***
“Əgər tərəflər Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı güzəştlərə getməsə, bunu onların yerinə fövqəldövlətlər edəcək, ancaq artıq onlara sərfəli olan şərtlərlə – necə ki, bunu Ukrayna böhranı ilə bağlı etdilər”. Belə bir proqnozu isə rusiyalı politoloq Andrey Yepifantsev erməni mətbuatına açıqlamasında dilə gətirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyət müharibə həddinə çatsa, Rusiya və Qərbin maraqları dərhal sual altına düşəcək. “Ən yaxşısı, münaqişə tərəflərinin özlərinin anlaşması və danışıqlar stolu arxasına oturmasıdır” – əlavə edib politoloq.
***
Bəs, Ukraynadakı kimi situasiya isti müharibə mərhələsinə keçsə, hansı variant işə düşə bilər, Rusiya və Qərbin Qarabağ konflikti ilə bağlı davranışları, yanaşması nədən ibarət ola bilər? Doğrudanmı Donbasdakı kimi, hansısa yeni format, ortaq mövqe mümkündürmü?
Məsələyə münasibət bildirən tanınmış amerikalı politoloq, vaxtilə Qarabağ münaqişəsinin həlli üçün irəli sürülmüş “ərazi mübadiləsi” variantının müəllifi Pol Qobl hesab edir ki, o halda Moskva təkid edəcək ki, münaqişə dayandırılmalı və regiona sülhməramlı qüvvələr gətirilməlidir (“Azadlıq” radiosu): “Və Moskva deyəcək ki, artıq bu qüvvələr var – yəni Rusiya qüvvələri. Təəssüflə, yəqin ki, Qərbi Avropa və bəlkə Amerikanın da bunu dəstəkləyəcəyini görəcəyik. O zaman Rusiya hərbi qüvvələrindən münaqişənin həlli deyil, Moskvanın nüfuzunun möhkəmləndirilməsi üçün istifadə ediləcək. Biz başa düşməliyik ki, ruslar sülh sözünü deyəndə bunu nəzərdə tutmurlar. Hərflərin yeri dəyişilsə, bu sözün mənası ”sülh” yox, bir “hissə” demək olur. Çünki onlar münaqişəni həll etmək deyil, burdan bir hissə, oradan bir hissə götürüb saxlamaq istəyirlər”.
Analitik inanır ki, Qarabağ münaqişəsi yaxın gələcəkdə qızışsa və yaxud Rusiya özü buna təhrik etsə, beynəlxalq ictimaiyyət bəyan edəcək ki, onu dayandırmaq lazımdır və bunu da yalnız Rusiya bacara bilər: “Ukraynada birgə fəaliyyət göstərə bilməyən beynəlxalq birlik, yəqin ki, o şəraitdə bunu Rusiyaya həvalə edəcək və o zaman Kremlin çoxsaylı hərbi qüvvəsini təkcə Ermənistan bazalarında deyil, Azərbaycanın ərazisində də görə biləcəyik. Moskva o zaman Bakıda hökumətə təzyiq göstərmək üçün daha artıq vasitələrdən istifadə edəcək ki, Moskvanın maraqları təmin olsun. Bu, uzun müddət üçün oyundur. Bir azərbaycanlı politoloqun bir neçə il əvvəl dediyi sözləri yada salmaq istəyirəm ki, Cənubi Qafqazda Gürcüstan vasitədir, Ermənistan alətdir, Azərbaycan isə mükafatdır”.
Amerikalı ekspert güman edir ki, Rusiyanın Cənubi Qafqazda maraqları Bakı üzərində olduqca böyük nüfuza, ya da nəzarətə malik olmaqdan ibarətdir: “Buna nail olmaq üçün Rusiya Gürcüstandakı kimi destruksiya daxil olmaqla, bu oyunun bir hissəsi olaraq, Ermənistanın tabe etdirilməsi və mümkün provokasiyalar kimi bacardığı bütün vasitələrdən istifadə edəcək. Çünki əgər Moskva Bakıda nəzarət, ya da dominant rola malik olsa, bu, Mərkəzi Asiyanın təcrid edilməsinə gətirib çıxaracaq. Bu, Moskvaya Tehrana, İrana birbaşa yol açmaq imkanı verəcək, Rusiya ərazisindən keçməyən şərq-qərb neft kəməri haqda bütün danışıqlara da son qoyacaq. O zaman bu, Qərb üçün ən böyük geosiyasi məğlubiyyət, Rusiya üçün isə qısa müddətə də olsa böyük qələbə olacaq”.
***
Göründüyü kimi, analitiklər Qarabağ məsələsinin həllində fövqəlgüclərin (Rusiya, Qərb) roluna böyük önəm versələr də, konkret olaraq Rusiya amilinin problemin ədalətli və uzunmüddətli nizamlanmasında hansısa pozitiv təsirinə olduqca skeptik yanaşırlar. Belə qənaət hasil olur ki, postsovet məkanı uğrunda mübarizənin Ukrayna timsalında yeni və həlledici fazaya keçdiyi zamanda Qərblə Rusiyanın toqquşan maraqları hələ uzun müddət Dağlıq Qarabağ konfliktinin çözülməsinə də neqativ təsirini göstərməkdə davam edəcək.