Bakıdan Avropa İttifaqı rəsmisinin ünvanına sərt bəyanat
Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Dağlıq Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” kimi təqdim olunan şəxslə görüşünü qətiyyətlə pisləyir.
Bu barədə qurumun yaydığı bəyanatda deyilir. Bu görüş separatçı və terrorçu rejimin təbliğinə və işğalçı Ermənistanın maraqlarına xidmət edir. Təşkilat sədri Akif Nağının bildirdiyinə görə, onlar sənəddə qondarma rejimin hər hansı “nümayəndəsi” ilə görüşü İŞİD terror təşkilatının nümayəndəsi ilə görüşə bərabər sayıb. “Avropa İttifaqı özünü haqlı sayırsa, onda gedib İŞİD-çilərlə də görüşsünlər”-deyə, QAT-ın bəyanatında bildirilib.
Təşkilatın bəyanatında daha sonra bu fikirlər əksini tapıb: “Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub və hər hansı beynəlxalq qurumun nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək istəyirsə, onda Ermənistanın yaratdığı qondarma qurumla deyil, işğalçının özü ilə görüşməli və işğalçı hərəkətlərinə görə cavab tələb etməlidir. Biz Avropa İttifaqından atılan bu addıma görə cavab verməsini, qondarma rejimin nümayəndəsini hansı keyfiyyət halında qəbul etdiklərinə aydınlıq gətirilməsini, həmçinin bu cür görüşlərə son qoyulmasını tələb edirik”.
QAT rəsmi Bakının da məsələyə ciddi reaksiya verməsini istəyir: “Biz Azərbaycan hakimiyyətinin də bu məsələdə qətiyyətli mövqe tutmasını, Avropa İttifaqının bu cür təşəbbüslərinə yol verməməsini tələb edirik. Bir daha bəyan edirik ki, bu addımlar Azərbaycan XİN sözçüsünün dediyi kimi “icmalararası təmaslara” deyil, qondarma rejimin təbliğinə xidmət edir. Bunu hər kəs bilməli və bu məkrli planın həyata keçirilməsinə imkan verməməlidir”.