Bakının Qaradağ rayonunda iki qardaşı güllələyən şəxs tutulub.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən şəxsin 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanov olması müəyyən edilib və o saxlanılıb. Öldürülən qardaşlar 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovlardır. Onlar Sahil qəsəbəsinin sakinləridir
Polisdən həmçinin bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı cinayət işi başanıb, istintaq tədbirləri davam etdirilir.
* * *19:20
Bakıda güllələnərək öldürülən qardaşların adları məlum olub.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.
Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.
* * *18:33
Bakıda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 18:00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Faktla bağlı aparılan ilkin araşdırma nəticəsində atışmanın bəzi detalları məlum olub. Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.
Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır (APA).



