Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xidməti avtomobillə yol hərəkəti qaydalarını pozması haqda yayılan xəbərlərə münasibət bildirib.
DYP rəsmisi açıqlamasında haqqında yayılan xəbərlərin qərəzli olduğunu, xidməti avtomobillə qaydaları pozmadığını bildirib.
V.Əsədov qeyd edib ki, qayda pozuntusu təsdiqlənərsə, cərimə ödəməyə hazırdır.
“Əgər orada qayda pozuntusu varsa, cəriməni ödəyəcəyəm. Belə sensasiya xarakterli məlumatlar yaymaq düzgün deyil. Yenə deyirəm ki, mən qaydaları pozmamışam. Qaydanı pozsam, cəriməni hamından əvvəl ödəyərəm. Hamı qanun qarşısında bərabərdir. Kimliyindən aslı olmayaraq, qaydanı pozan hər kəs cəzasını çəkməlidir”.
Qeyd edək ki, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. Həmin fotoda da V.Əsədova məxsus xidməti avtomobilin siren işqıları yanılıdır.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun beşinci fəslinin 52-ci maddəsinə əsaslanaraq piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda avtomobillə dayanmaq qadağandır.
Xatırladaq ki, aznews.az-ın yaydığı məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub.
Onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib.




