“Lionel Messinin 2022/2023-cü illər mövsümü üçün “Qızıl top”la mükafatlandırılması gözlənilməz olmadı. Şübhəsiz, onun ötən ilin dekabrında Argentinaya 36 illik fasilədən sonra dünya çempionluğunu qazandırması ən yaxşı seçilməsində mühüm rol oynadı”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin karyerasında 8-ci dəfə bu mükafatı qazanmasını şərh edərkən deyib.
36 yaşlı forvardın cari ildə əldə etdiyi uğurları da xatırladan jurnalist onun mükafata layiq olduğunu bildirib: “Messi Qətərdəki mundialda həm turnirin ən yaxşı oyunçusu, həm də 7 qolla (+3 məhsuldar ötürmə) “Gümüş buts”un sahibi oldu. Eyni zamanda 1/8, 1/4 və 1/2 finallarda da rəqib qapılarından top keçirdi. Fransa ilə final matçında isə həm 2 qol vurdu, həm də penaltilər seriyasında fərqləndi. Həmçinin Messinin ABŞ-da ardıcıl 7 oyunda fərqlənməklə o qədər də güclü olmayan “İnter Mayami” klubuna Liqa Kubokunu qazandırması da yaddan çıxmayıb”.
“Qızıl top” uğrunda mübarizədə L.Messinin əsas rəqibi hesab olunan norveçli Erlinq Holannın da məhsuldar mövsüm keçirdiyini söyləyən R.Mövsümzadə İngiltərənin “Mançester Siti” komandasında çıxış edən hücumçunun bu il bir çox titul qazandığını vurğulayıb: “23 yaşlı hücumçu həm klubu ilə, həm də fərdi şəkildə xeyli mükafata layiq görülüb. Amma fikrimcə, onun ötən mövsüm Çempionlar Liqasının yarımfinal və final qarşılaşmalarında sönük oyun göstərib qol vura bilməməsi, üstəlik, Norveç millisinin AVRO-2024-dən kənarda qalması seçimdə həlledici olub”.
Qeyd edək ki, “Qızıl top” uğrunda mübarizədə Erlinq Holann ikinci, Fransa millisi və PSJ-nin forvardı Kilian Mbappe isə 3-cü olub.






