Məhkumlar yeni rəisin qaydalarına etiraz olaraq intihara cəhd ediblər; şok təfərrüatlar var
Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.
Sayt yazıb ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Fikrət Qafarov məhbuslarla sərt şəkildə davranır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da iddia edilir.
Azinform.az isə 6 nəfər məhkumun intihar məqsədilə özünü doğraması ilə bağlı yayılan informasiyalar istiqamətində araşdırma aparıb. Saytın araşdırması zamanı məlum olub ki, bəzi məhkumların həbsxanada səs-küy salması məhz yeni təyin olunan rəisin xarizmatik xüsusiyyətləri ilə bağlıdır:
“Fikrət Qafarov cinayətkar aləmə qarşı ən sərt mövqedə olan rəislərdən sayılır. O, Qobustana 1 saylı ”zon”dan təyinat alıb. Ötən əsrin ortalarından həmin “zon” oğru qanunları ilə idarə edilirdi. Məhz Fikrət Qafarov rəis təyin ediləndən sonra həmin müəssisədə “polojeniya” ləğv edildi. Təbii ki, bu, böyük risk və cəsarət tələb edir.
Fikrət Qafarovun digər üstün cəhətlərindən biri də narkotiklərə qarşı amansız mübarizə aparmasıdır. Məhz bu səbəbdəndir ki, Qobustanda olan məhkumlar yeni rəisə qarşı bu cür kampaniyalar keçirməyə cəhd edirlər,”- deyə sayt yazıb.
Sayta açıqlama verən mənbənin sözlərinə görə, Qobustan həbsxanasında nisbətən çətin kateqoriyalı

məhkumlar cəza çəkir: “Oranın spesifikası ”zon”larda rejim qaydasına əməl etməyənləri tərbiyələndirməkdən ibarətdir. Qobustanda hər zaman “obşaq” qurumu olub. Artıq məhkumlar bilir ki, Fikrət Qafarov olan yerdə “obşaq”dan söhbət belə gedə bilməz.
Özünə xəsarət yetirənlər isə 6 nəfər yox , iki nəfərdi. Mirzə Əliyev və Şahin Məlikov adlı məhkumların özünü doğramaq istəməsi isə rəislə bağlı deyil. Oğru dünyasının məlumatlarının əks olunduğu xəbər (“praqon” deyilən kağız) məhz həmin adamların əlindən alınaraq həbsxananın əməkdaşları tərəfindən götürülüb.
Oğru qanunlarına görə, bunun bədəlini ödəmək həmin məhkumlar üçün ağır olacaq. Bu səbəbdən də məhkumlar oğru dünyası qarşısında günahlarını yumaq istəyirlər. Bax, məsələnin əsl mahiyyəti bundan ibarətdir”.
Məlumata görə, “praqon” ələ keçib və bundan məsuliyyətli olan məhkumlar intihara cəhd ediblər. Həbsxanada “praqon”un əldən verilməsi yaxşı hal sayılmır. O da söylənir ki, Azərbaycan həbsxanalarında “polojeniya”, “obşaq” istisna yerlərdə qalıb.
Hadisə ilə bağlı “Qafqazinfo” Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.