Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qətər dövlətinin “Al Jazeera” telekanalının jurnalisti Omar Kaşrama müsahibə verib.
Sözügedən müsahibə BAXCP-nin qərargahında baş tutub.
Partiya sədrinin müsahibə verdiyi reportaj isə dekabrın 6-da “Al Jazeera” telekanalında ərəb dilində efirə yayımlanıb.
Həmin müsahibənin tam mətnini və efirə gedən reportajın videosunu oxuculara təqdim edirik:
– Hazırda Azərbaycanda görülməsi daha çox vacib əhəmiyyət daşıyan işlər hansılardır? Müxalifət partiyasının rəhbəri olaraq hansı məsələlərin daha tez həll olunmasını istəyirsiz?
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq biz Azərbaycanın gələcək inkişafını parlament respublika modelində görürük. Amma indiki halda düşünürük ki, ölkədə iqtisadi islahatlar daha da genişləndirilməlidir.
Azərbaycan iqtidarı ölkədə sahibkarlığın inkişafı üçün daha çox addımlar atmalıdır. Sahibkarların az faizli kreditlər almasına şərait yaradılmalıdır. Elə mühit yaradılmalıdır ki, Azərbaycanda xarici investorlar üçün də cəlbedici olmalıdır. Azərbaycanda turizmin inkişafı üçün qonşu və ərəb ölkələri ilə viza rejimi aradan qaldırılmalıdır. Yəni, Azərbaycan İslam dünyasının bir parçasıdır. Ona görə də müsəlman ölkələrindən Azərbaycana daha çox turistlərin gəlməsini təmin etmək olar.
Bundan əlavə, Azərbaycanda zamanla siyasi islahatlar da genişləndirilməlidir. Bu siyasətlərin nəticəsi olaraq ölkədə müxalifət güclənməlidir. Bura hökumətin siyasi partiyaları maliyyələşdirməsi və digər bu kimi məsələlər daxil ola bilər. Yəni, dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin miqdarı daha da artırılmalıdır ki, həmin partiyalar öz işlərini lazımı şəkildə qura bilsinlər.
Bundan əlavə, “İctimai” televiziyada müxalifət nümayəndələri üçün ayrıca vaxt ayrılmalıdır. Bununla da müxalifət partiyaları öz tərəfdarlarına fikirlərini çatdırmalıdır. Çünki müxalifət partiyalarının televiziya açmaq imkanları zəifdir. Bütün bunlar Azərbaycanda müxalifətin daha da güclənməsinə şərait yaradan amillərdir.
– Müxalifət partiyasının rəhbəri olaraq sizin hökumətlə fərqli düşüncələriniz əsasən nədən ibarətdir?
– Qarabağ məsələsində bizim hökumətdən fərqli mövqeyimiz var. Biz hökumətə deyirik ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə danışıqlar aparılmasın. Çünki artıq 25 ildir ki, Ermənistanla mənasız danışıqlar aparılır. Yəni, Ermənistan kimdir ki, biz onunla danışıq aparaq. Ermənistan istəsə belə Azərbaycanla sülh sazişi imzalaya bilməz. Mərhum prezident Heydər Əliyev hələ zamanında Ermənistan Kommunist Partiyasının birinci katibi olmuş Karen Dəmirçiyanla gizli danışıqlar aparıb və münaqişə həll olunmaq üzrə idi. Ancaq həmin vaxtı Rusiyanın kəşfiyyat orqanları bu danışıqlardan xəbər tutan kimi, münaqişənin həllini istəyən erməni deputatları parlament binasında güllələyib və həmin danışıqlar baş tutmayıb. Bununla da onlar Ermənistan rəhbərlərinə açıq mesaj verdilər ki, əgər kimsə bizdən icazəsiz danışıqlara getmək istərsə, onların da aqibəti eyni cür olacaq. Bu baxımdan da hesab edirəm ki, Rusiyanın icazəsi olmadan Ermənistan Azərbaycanla razılığa gəlməyəcək. Bizim partiyanın mövqeyi də odur ki, danışıqlar yalnız Rusiya ilə aparılmalıdır. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutarsa və problemin həllini istərsə, o zaman biz Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da üzv ola bilərik.
Eyni zamanda, Azərbaycan iqtidarı Rusiya ilə münasibətlərin vəziyyəti barədə də xalqa məlumat verməlidir ki, xalq öz seçimini edə bilsin. Biz bunu da hökumətdən hər zaman istəmişik. Hazırda da dəqiq bilmirik ki, Rusiya Azərbaycandan nə istəyir. Onu dəqiq bilirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməməklə Azərbaycanı və Ermənistanı özünün təsir dairəsində saxlamağa çalışır. Amma bizim partiya onu da bildirir ki, əgər Rusiya bu münaqişənin həllinə öz töhfəsini verməsə, daha 25 il də Azərbaycanın gözləmək imkanı yoxdur. Artıq bunun üçün xalq öz sözünü deməlidir. Əgər Rusiya bu münaqişənin həllini uzatmağa çalışsa, o zaman Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etməlidir. Hətta, Rusiya Ermənistana kömək etmiş olsa belə biz bunu etməliyik.
Digər tərəfdən isə onu deyim ki, Azərbaycan hökuməti Rusiya ilə münasibətlərə çox həssaslıqla yanaşır. Bu da başadüşüləndir. Çünki Rusiyada 2 milyon azərbaycanlı yaşayır və bu ölkə Azərbaycanın böyük qonşusudur. Biz istəyirik ki, Rusiyaya vasitəçi kimi yanaşılmasın. Rusiya Qarabağ münaqişəsinin həllində vasitəçi deyil, əksinə tərəfdir. Bizim hökumətlə fərqli düşüncələrimiz də bundan ibarətdir.
– Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bizə müsahibəsində bildirib ki, Rusiya bu münaqişənin həllinə nail olmasa, o zaman Azərbaycan dövləti güc yolu ilə torpaqları işğaldan azad edərək və münaqişəni həll edəcək. Düşünürəm ki, Vətən məsələsində müxalifətlə hökumətin mövqeyi eynidir?
– Bəli, tamamilə doğru dediniz. Vətən, dövlət məsələsində mövqelərimiz eynidir.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...




