– Yığışsın, ancaq o şərtlə ki, qanunlara əməl ediləcək. Zorakılıqla hakimiyyətin dəyişdirilməsinə cəhd olacaqsa, o halda dövlətin güc strukturları bunun qarşısını alacaq.
– Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin birinci vitse-prezident və vitse-prezident təyin etməsi məcburidir. Prezident bunu eləməlidir. Lakin konstitusiya dəyişikliyindən sonra prezident dərhal 7 illik səlahiyyət müddəti əldə etmir. Ona görə ki, prezident 2013-cü ildə Azərbaycan xalqı tərəfindən beş illiyə mandat alıb. Bu mandatın müddəti 2018-ci il prezident seçkilərinə qədərdir. Növbəti prezident seçkilərindən sonra prezidentlik müddəti 7 il olacaq. Lakin referendumdan sonra prezidentin səlahiyyəti olacaq ki, növbədənkənar prezident seçkisi təyin eləsin. Prezident bu səlahiyyətdən istifadə edə də bilər, etməyə də.
– Məlumatım yoxdur. İntuisiya və proseslərin təhlilinə əsasən fikirlər bildirmək mümkündür. Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək. Hesab edirəm ki, həm Azərbaycandakı, həm də beynəlxalq baxımdan şərait buna imkan verir. Şərtlər uyğundur.
– Buna gediləcəyini düşünmürəm. Parlamenti buraxmaq üçün gərək hüquqi əsaslar da olsun. İndiki parlamentdə çoxluq birmənalı şəkildə iqtidarın tərəfindədir. Ona görə də hansı bir əsas olacaq ki, parlamenti buraxmaq üçün? Parlament prezidentin hansısa təyinatına iki dəfə ard-arda yox deyəcəksə, Nazirlər Kabinetinin hesabatını parlament qəbul etməyəcəksə, bu halda parlament buraxıla bilər. Belə bir şeyin olması isə inandırıcı görünmür.
– Parlamentin bir üzvü kimi növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyərsinizmi?
– Əlbəttə. Hətta mən istərdim ki, parlament üzvlərinin sayı artırılsın. 125 deputat Azərbaycan üçün azdır. Cənubi Qafqazda yeganə ölkəyik parlamentimizdə fraksiya yoxdur. İstərdim ki, Azərbaycan parlamentində də fraksiya olsun, parlamentimiz dünyada daha yaxşı görünsün.
– Amma hakimiyyət parlamentin rolunu azaldır…
– Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini parlament iki dəfə təsdiq eləmirsə, prezident parlamenti buraxa bilər. Nazirlər Kabinetinin hesabatını parlament qəbul eləmirsə, prezident parlamenti buraxa bilər. O halda bu məsələləri parlamentə çıxarmağın, göndərməyin nə mənası var? Yaxşı olar ki, heç parlamentdə təsdiq olmadan prezident özü birbaşa təyin və təsdiq eləsin. Əgər bir deputat kimi bilirəmsə ki, mən buna yox desəm prezident parlamenti buraxacaq və mən də deputat mandatımı itirəcəyəm, yenidən seçkiyə qatılmalı olacağam, əlbəttə “yox” deməyəcəm. Elə məsələlər var ki, ona yenidən baxılmalıdır. Təəssüf ki, Referendum Aktı Milli Məclisdə müzakirəyə çıxarılmadı və birbaşa səsverməyə göndərildi. Müzakirəyə çıxarılsaydı təkliflərimizi verəcəkdik.
– Qərb niyə referendum məsələsinə qarşı kəskin mövqe ortaya qoymadı. Azərbaycanda özlərinə demokratlar deyən düşərgə çox məyusdur ki, demokratiya paytaxtları bu məsələyə qarşı çıxmadılar? Səbəb nədir?
– Qərbin özündə də müəyyən qüvvələr var ki, onlar Azərbaycanın hansı mürəkkəb coğrafiyada yerləşdiyini başa düşürlər. Düşünürlər ki, Azərbaycan üçün önəmli olan demokratik dəyərlərin genişləndirilməsindən daha çox bu ölkədə sabitliyi qoruyub saxlamaqdır. Amma Qərbdə elə qüvvələr də var ki, istəyirlər Azərbaycanı daim tənqid etmək üçün əllərində əsasları olsun. Düşünürlər ki, konstitusiya dəyişiklikləri də həmin əsaslardan biri ola bilər. İkincisi, müəyyən qüvvələr var, onlar düşünürlər ki, prezident institutu daha çox gücləndikcə prezidentə daha çox təzyiq etmək imkanları yaranacaq.
– Siz vitse-prezidentin kim olması ilə bağlı adlar çəkənlərdən ilk şəxssiniz. Bu da intuisiyadan doğurdu, yoxsa məlumata əsaslanırdı?
– Heç bir məlumata əsaslanmırdı. Biz peşəkar siyasətlə uzun illərdir məşğul olan adamlarıq. Baxırıq prezidentin komandası uzun illərdir gözümüzün önündədir. Kimlər prezidentə daha çox sadiqdirlər, kimlər bacarıqlıdırlar, kimlərin təcrübəsi var, hamısını görürük. Mən də adlar çəkəndə prezidentə sadiqlik, işgüzarlıq və təcrübə prinsipini əsas götürmüşdüm. O zaman söyləmişdim ki, bu adamların içərisindən kiminsə birinci vitse-prezident təyin olunması ehtimalı böyükdür. Amma orada da vurğulamışdım ki, hər şey prezidentin iradəsindən asılıdır, elə ola bilər ki, bizim, heç kimin tanımadığı bir adam vitse-prezident gətirilə bilər. Amma düşünürəm ki, vitse-prezidentlik institutu o qədər əhəmiyyətlidir ki, proseslərin içində olmayan, təcrübəsi olmayan, böyük siyasətdə olmayan adamın həmin posta gətirilməsi az ağlabatandır. Amma siyasətdə hər şey mümkündür.
– Yeni prezident seçkiləri olacaqsa, namizədliyinizi verəcəksiniz?
– Vəziyyətdən asılı olaraq qərar verəcəyəm. İndidən dəqiq nəsə söyləmək tezdir. Bizim partiyanın mövqeyi həmişə belə olub ki, hər zaman seçkilərə qatılmaq lazımdır. Seçkilərə qatılmaq partiyanın ideyalarını ictimaiyyətə çatdırmaq üçün əlavə bir imkandır. Hətta seçkilərdə qalib gəlmək şansın azdırsa da seçki prosesindən kənarda qalmaq yanlışdır. Siyasi partiya, siyasətçi siyasi proseslərin içində olmalıdır. Ən güclü rəqibin olsa da seçkilərə qatılmalısan.
– İddialar var ki, referendumdan sonra prezident idarəetmə strukturlarını yeniləyib, gücləndirib açılımlara, islahatlara gedəcək. Bunun tam əksini də iddia edənlər var, deyirlər ki, referendumdan sonra iqtidar daha da sərtləşəcək, repressiyalar başlayacaq, monarxiya yaranacaq. Sizin düşüncəniz nədir?
– Müəyyən tələblərlə çıxış eləyəndə gərək xalqının inkişaf səviyyəsini nəzərə alasan. BMT hər il araşdırmalar aparıb hər bir ölkənin sosial inkişaf indeksini müəyyənləşdirir. Azərbaycan, səhv etmirəmsə, 74-76-cı yerləri tutur. Sosial inkişaf həmin ölkənin təhsilini, səhiyyəsini, mədəniyyətini, iqtisadiyyatını nəzərdə tutur. Əlbəttə, bizim xalqın bu gün potensialı Qərb standartlarına cavab verən ölkə qurmağa yetərli olmasa da, o səviyyədən də aşağı deyil ki, burada krallıq qurmaq mümkün olsun.

Ona görə də bu monarxiya, krallıq söhbəti boş söhbətdir. Açılıma, islahatlara gəlincə, radikal islahatların aparılmasının tərəfdarıyam. Parlamentdə çıxışlarımda dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanın neft gəlirlərindən asılılığını azaltmaq lazımdır, ölkədə ciddi islahatlar həyata keçirilməlidir, özəlləşdirilmə həyata keçirilməlidir. Məsələn, səhiyyə obyektləri, universitetlərin əksəriyyəti özəlləşdirməyə çıxarılmalıdır, icbari tibbi sığortaya keçilməlidir. İqtisadi azadlıqlar genişləndirilməlidir. Bax, indi korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma bu gün gedib bir rayonda antisanitariya mənbəyi olan, mazutlu-gölməçəli bir yeri götürmək və abadlaşdırıb nə isə tikmək istəsən həmin yeri pulsuz almaq mümkün olmayacaq. Pul verməkdən başqa da gərək oranın icra başçısına kimlərsə beş dəfə xahiş etsin ki, razılaş. Mən bütün icra başçılarını qaralamaq istəmirəm, amma demək istəyirəm ki, bu cür problemlər hələ də var. Mənzillərin tikilməsi üçün sərəncam vermək hüququ Bakı Şəhər İcra Hakimiyyətindən alındı rayon icra hakimiyyətlərinə verildi.

Rüşvətin BŞİH, yoxsa rayon icra hakimiyyəti tərəfindən alınmasının nə fərqi var? Heç nə. Problem yenə də qalır. Ona görə də deyirəm ki, köklü radikal islahat addımları atılmalıdır. Tədricən də siyasi islahatlar aparılmalıdır. Əminəm ki, Qarabağ problemi ilə bağlı sülh sazişi imzalanandan sonra Azərbaycanın parlamentli respublika modelinə keçməkdən başqa yolu qalmayacaq. Gürcüstan artıq bu modelə keçib. Ermənistanda da artıq parlamentli respublika modelinə keçilir. 2017-ci ilin yazında parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq. Bu isə indi də olmasa, gələcəkdə Ermənistanın da demokratikləşməsinə yol açacaq. Əminəm ki, Qarabağ problemi həll olunandan sonra Azərbaycanda siyasi islahatların sonu kimi parlamentli respublika modelinə keçəcəyik. Biz 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin hüquqi varisiyik. O zaman da öndərlərimiz Xalq Cümhuriyyətini parlamentli respublika kimi qurmuşdular.
– Qarabağ probleminin həlli ilə bağlı sazişə, sizcə, nə qədər qalıb? Qarabağla bağlı hazırkı vəziyyət nə yerdədir?
– Bu ilin 2 aprel savaşından sonra Ermənistan sarsıdıcı zərbə alıb. 2 apreldən sonra Ermənistandakı əhalinin bir hissəsi soyuq başla düşünməyə başlayıb. Onların havadarları da düşünməyə başlayıb ki, Qarabağ probleminin dondurulmuş saxlanılması artıq mümkün deyil, bu, böyük bir müharibəyə yol aça bilər. Əvvəllər Qərbin və Rusiyanın yanaşması belə idi ki, bu konfliktin qalması onların hər iki ölkəyə təsir imkanlarını əlində saxlamağa şərait yaradır.
Amma indi görəndə ki, Azərbaycan əvvəlki status-kvo ilə barışmır, deməli, Ermənistanı güzəştlərə vadar eləməlidirlər ki, problem sülh yolu ilə həll olunsun. Rusiya da istəyir ki, yaranmış vəziyyətdə təşəbbüsü öz əlinə alsın. Bu da Qərbi qıcıqlandırır. Qərb istəyir ki, bu konflikt Ermənistanın xeyrinə həll olunsun. Ona görə ki, birincisi, xristian həmrəyliyi faktoru var, ikincisi, ABŞ-da və Fransa da çox güclü erməni lobbisi var. Bu lobbi həmin ölkələrdə istənilən hakimiyyət üçün ciddi problemlər yarada bilir.

Qərb istəyirdi ki, Qarabağ məsələsini Rusiyanın əli ilə Ermənistanın xeyrinə həll eləsin. Rusiya da bunu başa düşdüyü üçün buna getmir. Konflikt qaldıqca onsuz da Rusiya hər iki ölkəyə təsir edir. Moskva bilir ki, Ermənistanın xeyrinə sülh sazişi imzalatsa Azərbaycanı tamamilə itirəcək, Azərbaycan tamamilə Qərbə yönələcək. Beləliklə, Qərb iki istəyinə çatır – Qarabağ Ermənistana verilir, Azərbaycan Rusiyadan tamamilə üz döndərir, şimal qonşusu ilə düşmən olur və Qərbə sığınmaqdan başqa yolu qalmır.

Rusiya da bunu bildiyi üçün Qarabağı de-yure Ermənistana alıb vermir. Vəziyyət bu şəkildə qalırdı. 2 apreldən sonra Azərbaycan bu reallığı dəyişib və onlar Azərbaycan faktoru ilə hesablaşmaq zorundadırlar. Azərbaycan Ermənistana və həmsədr ölkələrə təzyiqi bir az da artırmalıdır. Ermənistana açıq mesaj verilməlidir ki, müharibə istəmirsinizsə, problem beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Ona görə də, ola bilsin ki, növbəti “2 aprel” baş versin. Burda da bizim Rusiya ilə münasibətləri necə qurmağımızdan çox şey asılı olacaq…
– Ortada Azərbaycan xalqına elan olunmayan, gizli tutulan bir saziş layihəsi varmı?
– …
(davamı var)
Hazırladı: Etibar SEYİDAĞA