Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev: “Birinci bənddə qeyd olunur ki…”; “”Lavrov təklifləri” yeni bir şey deyil və mahiyyət etibarilə özündə yenilənmiş Madrid prinsiplərini ehtiva edir”
Qarabağ cəbhəsində baş verən son ağır toqquşmaların ardınca Cənubi Qafqazdakı bu münaqişənin dondurulmuş saxlanılmasının böyük təhlükə olduğunu artıq əksəriyyət etiraf etməkdədir. Rəsmi Bakı illər boyu “status-kvo”nun saxlanmasının riskli olduğunu bəyan etsə də, aparıcı güclər məsələnin ciddiliyini bu dərəcədə ağıllarına gətirmirdilər. Lakin 2-5 aprel döyüşləri göstərdi ki, Rusiya baş naziri Dmitri Medvedyevin dediklərinin əksinə olaraq, münaqişənin dondurulmuş saxlanılması çıxış yolu deyil, əksinə, növbəti faciələrə aparan yoldur.
Əməliyyatlardan sonra dünyanın əksər kəsiminin qənaəti budur ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi yeganə həll yolu ola bilər. Aprel döyüşlərindən sonra hərbi və diplomatik sahədə böyük üstünlük əldə etmiş Azərbaycanın mövqeyi isə indi daha uca səslə müdafiə olunmaqdadır.
Bu arada İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı (İƏT)Xarici İşlər Nazirləri Şurasının 13-cü zirvə toplantısına hazırlıq iclasında da Qarabağ məsələsi müzakirə mövzusu olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin prinsipial mövqeyini bir daha bəyan edərək deyib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ermənistanın son təxribatlarını pisləyən XİN başçısı əlavə edib ki, işğal davam etdikcə toqquşmalar da davam edəcək. Nazir deyib ki, İslam ölkələrinin bu məsələdə həmrəyliyi münaqişənin ədalətli həllinə töhfə verə bilər. M.Çavuşoğlu əlavə edib ki, İƏT-in İstanbul sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə öz növbəsində baş verənlərlə bağlı iştirakçıları məlumatlandırıb. “2 aprel 2016-cı ildə Ermənistan atəşkəsi kobud surətdə pozaraq Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla destruktiv siyasətini bir daha ortaya qoymuş oldu. Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilib və erməni silahlı qüvvələrinin hücumu dəf edilib”-E.Məmmədyarov deyib. E. Məmmədyarov bildirib ki, Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla, dünyaya öz əsas niyyətini nümayiş etdirir: “Fürsətdən istifadə edib, İƏT baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdikləri dəstəyə, Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm. Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair təmas qrupunun yaradılması barədə bu konfransın qərarını təqdir etmək istərdim”.

Göründüyü kimi, İslam dünyası növbəti dəfə Azərbaycana dəstək verir. Ancaq ölkəmizi passiv də olsa, dəstəkləyən dövlətlərin sayı faktiki olaraq təklənmiş, hətta hərbi-strateji müttəfiqi Rusiyanın da münasibətindən pərt vəziyyətə düşmüş Ermənistan hakimiyyətini çətin vəziyyətə salıb. Erməni hakimiyyəti bir tərəfdən ölkədə üsyanın baş verməməsi üçün müxalifət liderinin – Levon Ter-Petrosyanın ayağına gedir, digər tərəfdən də erməni kilsəsinin dəstəyini qazanmaq üçün cəhdlər göstərir.

Paralel olaraq Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşayan, qanunsuz yerləşdirilən mülki əhalinin də evlərini tərk etməməsi üçün cəhdlər göstərilir. Elə bugünlərdə xəbər yayılıb ki, Ermənistanın xüsusi təyinatlı polis dəstəsi Qarabağa ezam olunub. Virtualaz.org yazıb ki, BMT Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insanın, əsasən də qadınlar, uşaqlar və qocaların evlərini tərk etmək məcburiyyətində qaldıqları barədə məlumat yayıb. Məlumatda o da vurğulanırdı ki, “yerli hakimiyyət” BMT təmsilçilərinin əhali ilə təmasa girməsinə ciddi maneçilik törədib. Qeyd edək ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən Ali Komissarın Qaçqınlarla iş üzrə İdarəsinin (AKQİ) məlumatlarına istinadən bildirib ki, bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. Köçkünlərin əsas hissəsi regionun şimal-şərq hissəsindəndir.
Ermənistan hakimiyyəti Dağlıq Qarabağın statusu haqqında referendum keçirilən günədək süni şəkildə sayını artırdığı erməni əhalini bölgədə saxlamağa çalışır. Ancaq mülki əhali anlayır ki, bu şərtlər altında işğal zonasında yaşamaq mümkün olmayacaq.
Erməni mediası bugünlərdə Ermənistan və “DQR”in uduzmasından yazır. İrəvanda çıxan “Lragir” qəzeti və “Noyan Tapan” agentliyi Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Xankəndində keçirdiyi mətbuat konfransında təşviş içində qalan, nədənsə qorxmuş, hətta mağmın təsir bağışladığını narahatlıqla vurğulayıb. (axar.az) “Bako Saakyan hələ də dərk etmir ki, belə primitiv bəyanatları ilə İrəvan restoranlarında ”rabis” (ara mahnıları-red.) oxuyan, sonra da televiziya ekranlarına hərbi paltarda çıxıb “Vətəni qoruyacağıq” deyən müğənnilər təki bambılı, yüngül adam təsiri bağışlayır”-agentlik yazıb.
****
Bu arada İrəvanin cidd-cəhdlərinə, Təl-Əvivə ünvanlandığı etiraz notasına baxmayaraq, İsrail Azərbaycana silah satışını davam etdirəcəyini bəyan etməklə işğalçı ölkəni rəzil vəziyyətinə salıb. “İsrailin Azərbaycanla məxsusi münasibətləri var və bunlar ilk növbədə həm İsrailə, həm də Azərbaycana tuşlanmış təhlükələrlə əlaqədardır”.
Bunu virtualaz.org-a müsahibəsində İsrailin “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib. Onun sözlərinə görə, İsrailin Azərbaycana satdığı silah növləri Azərbaycanın regional təhlükələrdən müdafiəsi məqsədini güdür. “Əgər İsrail bu növ silahları Azərbaycana satmasa, Azərbaycan onları Avropanın, Asiyanın və Amerikanın digər ölkələrindən alacaq. Azərbaycanla Ermənistan arasındakı münaqişə problemi bu və ya digər ölkənin silahlarından qaynaqlanmır. Düşünürəm ki, İsrail Azərbaycana, əvvəllər olduğu kimi, silah satmaqda davam edəcək” deyib.
Moskva da İrəvanın arzusunu gözündə qoyub. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib ki, silah satışı dayandırılmayacaq: “Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Əgər Rusiya bundan əl çəksə, onun yerini ABŞ və başqa ölkələr tutacaq”. Çarəsiz qalan Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir. Ermənistanın baş naziri Ovik Abramyanın 12-13 aprel tarixli Moskva səfərində çox güman ki, silah satışı da müzakirə mövzusu olacaq.
****
Ermənistanın keçmiş rəhbərliyi təcrübədən çıxış edərək hazırkı hakimiyyəti qeyr-konstruktiv mövqedən əl çəkməyə çağırmaqdadır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib ki, Azərbaycan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qarşıdan gələn danışıqlarda mövqelərini gücləndirməyə çalışacaq. Ter-Petrosyan əmin olduğunu bildirib ki, qarşıdan gələn danışıqlar prosesində Ermənistan sərt, lakin konstruktiv mövqedən çıxış etməlidir.
“Dağlıq Qarabağ münaqişəsində danışıqları dalana dirəmək Ermənistanın maraqlarına uyğun deyil. Mütləq danışıqlar masasına oturmaq və məsələni yalnız diplomatik yolla həll etmək lazımdır”. Bunu isə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib. Eks-nazir bildirib ki, Qarabağ münaqişəsi yeni mərhələyə keçib. Oskanyan etiraf edib ki, hazırda zaman Ermənistanın əleyhinə işləyir: “Biz indi hər şeyi qısa zamanda etməliyik. Müharibənin qarşısını almaq və böyük itkilərdən qaçmaq lazımdır. 1994-cü ildə əldə olunan atəşkəs rejimi danışıqların aparılmasına imkan yaradırdı. Ancaq iki ölkə arasında hərbi-siyasi və iqtisadi balansın həddən artıq pozulması Azərbaycana üstünlüklər verib. Qarşı tərəf böyük xərclər hesabına öz hərbi üstünlüyünə inanmağa başladı”.
V.Oskanyan xəbərdar edib ki, Azərbaycanın güclü orduya arxalanaraq hərbi əməliyyatları həyata keçirməsi Ermənistan üçün böyük itkilərə gətirib çıxara bilər: “Diplomatik səviyyədə danışıqları dalandan çıxarmaq lazımdır. İndiki vəziyyət bizim maraqlarımıza əsaslanmır”.
****
Bəs hazırda hansı proses gedir, Moskvanın moderatorluğu ilə gizli məsləhətləşmələr, yaxud danışıqlar, hansısa sənədin müzakirəsi aparılırmı?

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, hazırda hər hansı danışıq prosesi getmir:“Hazırda hər hansı danışıqların getdiyini demək çətindir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanda oldular. Eyni zamanda son illərdə ilk belə hadisəydi ki, Minsk Qrupu tam tərkibdə Vyanada toplaşdı. Hansı ki, Azərbaycan dəfələrlə belə bir təşəbbüslə çıxış edirdi. Bir daha Azərbaycanın dedikləri öz təsdiqini tapdı ki, Ermənistanın işğalçı qoşunları işğal olunmuş torpaqları azad etməsə, vəziyyət hər an gərginləşə bilər. Biz Ermənistanın 2 apreldən başlayan təxribat əməlləri zamanı da növbəti dəfə bunun şahidi olduq”. H.Hacıyev Moskvada Məmmədyarov-Nalbəndyan görüşünün olduğunu təkzib etdi: “Görüş olmayıb, diplomatik protokol xarakterli və diplomatik etikadan çıxış edərək belə bir salamlaşma olub. Bütün tədbir iştirakçıları bir-biri ilə salamlaşıblar”.
Rusiya XİN başçısı S.Lavrovun danışıqların bütün komponentərinin hazır olması barədə açıqlamasını şərh edən H.Hacıyev bunları bildirdi: “Əslində hər şey aydındır. Münaqişənin həlli ilə bağlı ümumi baxış və razılıq var. Bu da yenilənmiş Madrid prinsipləridir. Razılaşdırılmış bu təkliflərin mahiyyəti odur ki, münaqişə mərhələli şəkildə həll edilir. Birinci bəndində qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların mərhələli şəkildə azad edilməsi ilə bağlı bir proses həyata keçirilməlidir. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir halda müzakirə mövzusu deyil. Sadəcə, Azərbaycan konstruktiv mövqedən çıxış edərək, münaqişənin mürəkkəbliyini nəzərə alaraq mərhələli həll formasını yeganə mümkün həll yolu kimi görür. Yenilənmiş Madrid prinsipləri də bu prosesdə yol xəritəsidir”. Həll prosesinin dalana dirənməsinin səbəblərinə gəldikdə, XİN rəsmisi dedi ki, Ermənistan cəzasızlıq mühitindən istifadə edərək konstruktiv mövqedən çıxış etmirdi: “Azərbaycan dəfələrlə bəyan edirdi ki, Ermənistana təzyiq olmalıdır. Biz bu məsələlərdə beynəlxalq ictimaiyyətin ümumi bir mövqeyini gördük. Son hadisələr Ermənistanın siyasi təcriddə olduğunu göstərdi. İkincisi də Azərbaycan Silahlı Qüvvələri mülki vətəndaşlarımıza qarşı təxribatın qarşısını alaraq düşmənin atəş nöqtələrini susdurdu. Nəticə etibarilə bununla da Azərbaycan ”status-kvo”nun dəyişməsinə gətirib çıxarıb. Bu, özlüyündə artıq Ermənistanı sülhə məcbur edəcək bir addımdır”.

H.Hacıyev Qarabağın azad olunmasında 5+2 formulundan istifadənin Azərbaycana tələ olub-olmamasına da münasibət bildirdi: “”Lavrov təklifləri” deyilən fikirlər var idi və keçən il KİV-də geniş yayılmışdı Özlüyündə bu da yeni bir şey deyil və mahiyyət etibarilə özündə yenilənmiş Madrid prinsiplərini ehtiva edir. Sadəcə olaraq, burada konfiqurasiyalar fərqli ola bilər. Yəni 5 rayonun azad edilməsi, növbəti mərhələdə daha 2 rayonun azad edilməsi və s. Bəli, bunlar danışıqlar prosesində gündəmdə olan məsələlərdir. Rəsmi Bakı bu əsasda ciddi və hərtərəfli müzakirələrə hazırdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Azərbaycan danışıqlar prosesində ona görə iştirak edir ki, yekunda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilir. Azərbaycan prosesdə bu məntiqlə iştirak edir və sülhməramlı, konstruktiv mövqe nümayiş etdirir”.
Ermənistanın hazırkı mövqeyinə gəldikdə, XİN sözçüsü bu barədə məlumatlı olmadığını qeyd etdi. Onu da əlavə etdi ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə qaldıqca müharibə və gərginlik hər zaman baş verə bilər.