Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Antalyada jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlama vermişdi.
Qurum rəhbəri bəzi klubların daxilində “bazar” olduğunu bildirmişdi: “Bilirsiniz ki, transferlərin hamısı bizim imzamızın altından keçir. Əfsuslar olsun ki, klublara maliyyə buraxanlar komandada çalışan bəzi insanlara çox inanırlar. Həmin insanlar da bu inamdan istifadə edərək böyük alverə keçib. Bunu çəkinmədən deyirəm ki, klublarımızın əksəriyyətində işlər düzgün getmir”.
Komanda.az saytı R.Musayevin bu açıqlamasının ciddiliyini nəzərə alaraq klublar arasında sorğu keçirmək qərarına gəlib. Premyer-liqada mübarizə aparan klubların rəsmilərindən PFL rəhbərinin dediklərinə cavab almağa çalışıb.
Səbuhi Məmmədov, “İnter”in mətbuat xidmətinin rəhbəri: “Bizim klubun transfer işləri ilə məşqçilər korpusu və idman direktoru Roland Vromans məşğul olur. Digər klublarda vəziyyətin necə olduğu haqda danışa bilmərəm. Amma “İnter”də işlər düzgün, klubun nizamnaməsinə uyğun şəkildə görülür”.
Fikrət Hüseynov, AZAL-ın vitse-prezidenti: “Biz qış transfer pəncərəsi zamanı cəmi bir oyunçu transfer etmişik. Onun da sənədləri hələ də gəlib çıxmayıb. Çalışırıq ki, büdcəmizə görə səviyyəli oyunçular transfer edək. Bir sözlə, ayağımızı yorğanımıza görə uzatmağa çalışırıq”.
Gündüz Abbaszadə, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri: “Ramin Musayev həmin açıqlamanı verərkən yəqin ki, “Neftçi”ni nəzərdə tutmayıb. “Neftçi”də hansısa futbolçu altı ay oynamayıb. Flavinyo 5 ildir, Saşa Stamenkoviç artıq 5-ci ildir, Ernest Nfor 2-ci ildir, Julis Vobay 3-cü ildir “Neftçi”də oynayır. Buna görə də Ramin Musayevin “Neftçi”ni nəzərdə tutmadığını düşünürük”.
Yaşar Seyidov, “Bakı”nın vitse-prezidenti: “Mən heç vaxt “Bakı”nın transfer siyasətinə qarışmamışam. Ona görə də Ramin Musayevin bu məsələ ilə bağlı fikirlərinə münasibət bildirə bilmərəm. Amma Ramin bəyin sözlərində həqiqət var. Prinsipcə onun fikirləri ilə razıyam. Azərbaycanda belə hallar yaşanır”.
Nurlan İbrahimov, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri:“Qarabağ”da heç vaxt alver olmayıb, olmayacaq da. Ramin Musayevin açıqlamasının “Qarabağ”a aidiyyəti yoxdur. “Qarabağ” qara işlərlə məşğul deyil”.
Hüseyn Cəbrayıloğlu, “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri:“Hər bir klubun transfer siyasəti var. Eyni zamanda edilən transferin uğursuz çıxma ehtimalı da var. Məsələn, Fernando Torres son illər ərzində neçə klub dəyişdi və sonda “Atletiko”da özünü yaxşı tərəfdən göstərə bildi. Bu, o demək deyil ki, onu transfer edən klublar bazarla məşğul olub. Bu hallar qaçılmazdır. “Xəzər Lənkəran”da isə belə hallar baş verməyib. Ola bilər ki, hansısa məşqçinin dönəmində transfer edilən futbolçu yeni məşqçinin oyun sisteminə uyğun gəlmədiyindən göndərilsin. Ancaq bazardan söhbət gedə bilməz. Klubumuz qış transfer pəncərəsində ümumiyyətlə transfer etməyib”.



