Tanınmış jurnalist, uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər departamentinin direktoru, ”Carçıfilm” Yaradıcılıq Birliyinin baş redaktoru, Səhər Proqramları Departamentinin direktoru vəzifələrində çalışmış, İTV-nin qızıl fondunda saxlanılan 800-ə yaxın sənədli film və verlişlərin ssenari müəllifi, redaktoru və müəllifi olan, araşdırmaçı jurnalist Rauf Rəcəbova qarşı Qulu Məhərrəmli Xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin iki – 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu iki telejurnalisyin bir-birinə açdığı davanın kökündə nəyin dayandığını bilməsək də, Rauf müəllimin özü ilə əlaqə saxladıq.
Məsələ ilə bağlı İctimai Televiziyanın “CarçıFilm”Yaradıcılıq Birliyinin direktor müavini Rauf Rəcəbov Miq.az-a açıqlama verərək bunları bildirdi:
“Qulu Məhərrəmlinin bu iddiaya düşməsi təkcə Rauf Rəcəbova qarşı deyil, jurnalistikaya qarşı bir təhdiddir. Sırf tənqidə və fərqli baxışa görə, hər birimiz cinayət məsuliyyətinə cəlb edilə bilərik…Amma bu iddianın boş və çürük bir iddia olması bəri başdan məlumdur.
Görünür “media eksperti” Azərbaycan Prezidentinin sərəncamından xəbərsizdir. Ölkə prezidenti 2011-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinə dair Sərəncam imzalayıb. Həmin proqramın 1.2.7.-bəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə olunub ki, 2012-ci il ərzində Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlasın və Parlamentə təqdim etsin. Məntiqlə Prezident bu Sərəncamı imzalamaqla Məhərrəmovun Rauf Rəcəbovu tutdurmaq istədiyi 147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını istəyib. Maraqlıdır, mətbuatda jurnalist həmrəyliyindən daima danışan Qulu bəyin bu addımı başa düşülən deyil!
-Rauf müəllim, Qulu Məhərrəmlinin sizin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin iki maddəsi ilə – 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Axi bildiyimizə görə, Səbael rayon məhkəməsində Qulu Məhərrəmlinin sizə qarşı başlatdığı mülki qaydada işə baxılır.
-İstənilən yazıda ittihamlar ola bilər və buna cavab haqqı vermək də təbiidir. Bilirsiz, qəribə bir məntiq yaranir. Sanki, Qulu Məhərrəmli hər kəsi tənqid, hətta təhqir edə bilər. Amma onun haqqında nəsə yazanda “media eksperti”nin hüquqları pozulmuş sayılır. Bəyəm Azərbaycan mətbuatını bunamı tapşırıblar? Çox təəssüflər olsun ki, bu gün bütün Azərbaycan ayaqdadır və cəbhədə yaranan 4 günlük gərginliyin, döyüşdə itirdiyimiz qəhrəman oğullarımızın şəhid olmalarının təsirindəyik. Və onların əziz xatirəsini yad edirik. Belə bir məqamda yalnız özünü fikirləşən və ölkə mətbuatında daima diqqət mərkəzində qalmağı xoşlayan Qulu Məhərrəmli mənə qarşı ikinci məhkəmə davasını açıb. Həmişə haqdan, ədalətdən danışan birisinin bu məntiqini başa düşmürəm! Əslində bəlkə də başa düşüləndir. Çünki uzun müddətdir efirlərdən uzaqlaşdırılan və hec bir televiziyada ona yer ayrılmadığını görən “media eksperti” gündəmdə qalmaq ücün bəlkə də hansısa addımı atmalıdır.
-Rauf müəllim, dünən Qulu müəllimin vəkili açıqlama verib ki, guya, siz məhkəmədən yayınırsınız? Bu doğrudurmu?
Xeyr! Məhkəmədən niyə yayınmalıyam ki? Dünən səhər saat 10.00 da hazırlıq iclası keçirilib. Amma bundan xəbərsiz olmuşam! Mənə bildiriş saat 11.45 də gəlib. İnanıram ki, növbəti bildiriş mənə vaxtında çatdıralacaq. Və gedib məhkəmədə iştirak edəcəyəm! Çox güman ki, məhkəmədə Qulu Məhərrəmlinin “psixoloji epilepsiya”sına bir aydınlıq gətiriləcək.




