
Hörmətli redaksiya!
Saytınızda 5 sentyabr tarixində dərc olunan “Azərbaycanın ən gənc tələbəsi: “Qalmağa yerim yoxdur”” sərlövhəli yazıya cavab olaraq nəzərinizə çatdırırıq ki, 7 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir tələbə yataqxanasının açılışı olmuşdur. Kompleksin dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.
Eyni layihə əsasında digər yataqxananın tikintisi başa çatmışdır.
Universitetimizin ən gənc – 15 yaşlı tələbəsi Sadıqlı Elcan hələ avqust ayının əvvəllərində qeydiyyatdan keçərkən ona tələbə yataqxanasında yaşamaq təklif olunmuşdur. Lakin o, yataqxanada, ictimai yerdə yaşamaq istəmədiyini bildirmişdir.
Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanası bütün tələbələrimiz üçün açıqdır.



