Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının beşinci turu çərçivəsində səfərdə “Əl-Həzm”i qəbul edən “Əl-Nəsr” 5:1 hesabı ilə qalib gəlib.
Elchi.az xəbər verir ki, qaliblər sırasında portuqaliyalı hücumçu Kriştiano Ronaldo fərqlənib. Hücumçu üçün bu qol karyerasında rəsmi oyunlarda 850-ci qol olub. Ronaldo bu göstərici üzrə rekordçudur.
İkinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi (818) tutur.
Ronaldonun 38 yaşı var, o, beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real Madrid” komandasının tərkibində 450 qol vuran futbolçu klubun rekordçusudur. Həmçinin futbolçu İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində hücumçu 123 dəfə fərqlənib.
Ronaldo 2022-ci ilin dekabrından “Əl Nəsr”də çıxış edir. Komandanın tərkibində o, artıq 26 qol vurub və klub tarixində səkkizinci qolçudur. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.
“Əl-Nəsr” beş turun yekunlarına görə Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində altıncı yeri tutur. Komanda növbəti oyununu sentyabrın 16-da səfərdə “Əl Raed”ə qarşı keçirəcək.
Nuranə Məmmədova




