Xatırlayırsınızsa, ötən ilin təxminən, bu vaxtlarında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov «Şamaxı-Ağsu aşırımından təsərrüfat xarakterli restoran və digər obyektlərin fəaliyyətinə son qoyulmalıdır», deyə açıqlama ilə çıxış etmişdi. Onun sözlərinə görə, bu obyektlərin sahiblərinə fəaliyyətlərini dayandırmaq üçün xəbərdarlıq olunub: «Onlara bu ərazilərin meşə fondunun nəzdində olduğu üçün müqavilənin vaxtını uzatmaq istəmədiyimizi söyləmişik».
Məhz bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin böyük təzyiqlərlə üz-üzə qaldığını vurğulayan Hüseynqulu Bağırov qeyd edib ki, restoran sahibləri bir vasitə taparaq nazirliyə qarşı təzyiqlər göstərir: «Onlar bizi çıxılmaz vəziyyətdə qoyurlar. Hətta KİV-lərdən istifadə edirlər. Biz bu halların əleyhinəyik. Çünki bu obyektlərin fəaliyyəti Ağsu aşırımında torpağın erroziyasına və sürüşmə hallarının baş verməsinə səbəb olur. Belə ki, bu obyektlərdə kanalizasiya sistemlərinin və boru xətlərinin olmaması istifadə olunan suyun və digər tullantılar əraziyə axıdılır və bu, neqativ halların baş verməsinə səbəb olur».
Qeyd edək ki, baş nazirin müavini Abid Şərifov da bir müddət öncə təxminən, buna bənzər açıqlama ilə çıxış etmişdi. Belə ki, o, sürüşmələrdən danışarkən Ağsu aşırımındakı sürüşməni orada iaşə obyektlərinin inşası ilə izah etmişdi: «Mən 60 ildir Ağsu aşırımından gedib-gəlirəm, ildə ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülərdi. İndi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki, orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti var, nə də suyun axması üçün başqa vasitə. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı, heç vaxt sürüşmə olmazdı».
Ümumiyyətlə, bu məsələ daim həm mətbuatın, həm də aidiyyəti qurumların gündəm mövzusu olub. Elə bu səbəbdən də bir müddət əvvəl Milli Məclis tərəfindən «Avtomobil yolları haqqında» Qanuna müəyyən dəyişikliklər edilib. Məhz həmin dəyişikliyə əsasən yol kənarında hər hansı bir tikinti işlərinin aparılmasına, biznes obyektinin inşasına imkan verilməyəcək. Bu günədək yol kənarında fəaliyyət göstərmiş qanunsuz tikililər isə onlara rəhbərlik edən hüquqi və fiziki şəxslərin hesabına söküləcək. Belə ki, «Avtomobil yolları haqqında» Qanunun müvafiq maddəsinə əsasən avtomobil yolunun sahibi onun razılığı olmadan yolun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi, eləcə də fiziki şəxslərdən bütün işləri dərhal dayandırmağı, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək və yolları əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu tələbin icrasından imtina edildikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirilmədikdə isə yolun əvvəlki vəziyyətinə qaytarılması avtomobil yolunun vəsaiti və qüvvəsi hesabına yerinə yetiriləcək. Belə olan halda isə bu işlər üçün çəkilən xərclər qanunsuz tikinti aparan və ya sifariş verən şəxslər tərəfindən ödənilməlidir. Görülən xərclər çəkilmədikdə isə avtomobil yolunun sahibi məhkəmələrdə müvafiq iddialar irəli sürmək hüququna malikdir. Həmçinin, sözügedən qanunda qeyd olunur ki, müvafiq razılığın və ya normativ-texniki şərtlərin tələblərinə riayət edilmədiyi halda avtomobil yollarının torpaq sahəsində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.
Heç şübhəsiz ki, bütün bunlar avtomobil yollarının mühafizə, onların genişlənirilməsi məqsədilə edilir. Məhz elə bu səbəbdən də «Avtomobil yolları haqqında» Qanuna edilən dəyişikliklər təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Lakin bu, həm də o deməkdir ki, artıq yol kənarlarında fəaliyyət göstərən obyektlərin böyük əksəriyyəti bağlanılacaq. Məhz bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin iddiasına görə, sözügedən qanunun qəbulundan sonra Ağsu «perevalı» deyilən ərazidə fəaliyyət göstərən obyektlərin bir çoxunun taleyi sual altına düşüb: «Yəqin artıq çoxlarına bəllidir ki, Ağsu «perevalı»nda yerləşən obyektlərin əksəriyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Mikayıl İsmayılova məxsusdur. Belə ki, Ağsu «perevalı», Şərədil kəndi ərazisində yerləşən əzəmətli malikanə, «Şərədil» istirahət kompleksi və yol kənarındakı digər bir sıra istirahət məkanları məhz Mikayıl İsmayılovundur. Yəni araşdırmalar nəticəsində bəlli olub ki, Ağsu aşırımında əsasən Mikayıl İsmayılovun özünün, qohumlarının və ona yaxın olan şəxslərin obyektləri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, məlum qərardan sonra Dövlət Neft Şirkətinin vitse-prezidentinin obyektləri də söküntüyə məruz qala bilər».
Məlumatlı şəxsin sözlərinə görə, Ağsu «perevalı»ndakı çayxanalar, restoranlar və digər bu tip məkanlar yol kənarında yerləşdikləri üçün qısa müddət ərzində bağlanıla, hətta tamamilə dağıdıla bilər: «Çünki həmin obyektlər ərazinin görkəminə zərər vurmaqla yanaşı, onsuz da çətin keçilən Ağsu «perevalı»nda avtomobillərin hərəkətini, eləcə də əhalinin gediş-gəlişini bir qədər də ağırlaşdırır. Bu isə haqlı olaraq aidiyyəti qurumların hərəkətə keçməsinə, «pereval»la bağlı müvafiq tədbirlər görməsinə səbəb olacaq. Bu həm də ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun böyük maliyyə itkisilə üzləşə biləcəyini deməyə əsas verir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
(Ardı var)



