Donbas separatçıları Ukrayna ordusunun itkiləri barədə məlumat yayıb.
Məlumatda son iki günlük savaş ərzində 80 ukraynalı əsgərin öldüyü, 70 əsgərin isə yaralandığı iddia edilir.
Donbas separatçılarının operativ komanda mərkəzinin rəhbəri Eduard Basurin bu rəqəmlərin Ukrayna Baş Qərargah rəisi Viktor Mujenkonun hesabatında əksini tapdığını bildirib. Basurin iddia edib ki, onların “kəşfiyyatı” bu məlumatı əldə edib.
“Bizdə olan təsdiqlənmiş məlumata görə, Selidovo şəhər morqunda 29, Krasnoarmeysk şəhər morqunda 41 meyit, Çasov Yare hərbi hospitalında 60 yaralı, “Novıy trud” hospitalında 8 meyit və 14 yaralı var”, – Basurin deyib.
Qeyd edək ki, Ukrayna ötən gün rəsmi olaraq qarşı tərəfin itkilərini açıqlayıb. Ukrayna ordusunun məlumatına görə, savaşda 100-dən çox separatçı öldürülüb ki, bunlardan 60-a qədəri rus əsgəridir. Onların meyiti Donetskin Kalinin rayon morqundadır.




