F-16 qırıcılarının Polşa, Rumıniya və Slovakiyadakı hava bazalarından havaya qalxması bu ölkələrin Ukraynadakı münaqişədə iştirakına bərabər tutulur. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
“Biz qəti şəkildə xəbərdarlıq edirik ki, NATO-ya üzv olan ölkələrin ərazisindən qırıcılarının istifadəsi Moskva tərəfindən onların Ukraynadakı münaqişədə iştirakı kimi qiymətləndiriləcək və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək- Qavrilov bildirib.
Diplomatın fikrincə, Birləşmiş Ştatlar və onun peykləri artıq hərbi doktrinaların müstəsna müdafiə yönümünə dair tərtibatların arxasında öz siyasətinin aqressiv xarakterini gizlətmir və Rusiyanın qərb sərhədlərində təhlükəsizlik təhdidləri yaratmağa davam edir.
Qavrilov daha əvvəl bəyan edib ki, ABŞ və müttəfiqləri bu sahədə fundamental sənədlərin əsas müddəalarının pozulması səbəbindən silahlara nəzarət arxitekturasını məhv edirlər. Onun sözlərinə görə, onlar hətta atıcı və yüngül silahlar və onların münaqişə zonalarına ötürülməməsinə dair razılaşmalara da məhəl qoymurlar.
Havar Şəfiyeva






