
“Sülh dənizi” niyə müharibə meydanına çevrilir?
Dünən Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirib. Bu hadisə əslində Rusiyanın Xəzər dənizi ilə bağlı indiyədək göstərdiyi mövqeni alt-üst etdi. Belə ki, Rusiya rəsmiləri dəfələrlə Xəzər dənizini “sülh dənizi” adlandırmışdı və Xəzərdə hərbi əməliyyatların aparılmasının mümkünsüzlüyünü qeyd etmişdi.
Bəs Rusiya öz mövqeyindən niyə döndü?
Başqa diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya başqa formada İŞİD hədəflərini rahat şəkildə vura bilərdi. Bunun üçün Aralıq dənizi daha optimal variant kimi görsənir. Belə ki, Aralıq dənizi vasitəsilə Suriya ərazisindəki İŞİD hədəflərinin vurulması daha effektli ola bilərdi. Çünki, Aralıq dənizi həmin hədəflərə daha yaxındır və orada Rusiyanın hərbi bazası var. Femida.az sualları cavablandırmaq üçün politoloq və siyasi şərhçilərin fikirlərini öyrənib:
“Burada siyasi mesaj var” – deyə politoloq Elxan Şahinoğlu münasibət bildirdi:

“Bu əslində Rusiyanın xarici siyasətindəki ziddiyyətli məqamın göstəricisidir. Çünki, bir tərəfdən Prezident Putin, xarici işlər naziri Lavrov Xəzər dənizi bəyan edir ki, Xəzər dənizi “sülh dənizi” olmalıdır. Bu dəniz əməkdaşlıq üçün platforma rolunu oynamalıdır. Lakin hazırkı məqamda Rusiya Xəzər dənizi vasitəsilə Suriya ərazisinə raketlər atır. Bu zaman isə sahilyanı dövlətlər böyük təşvişə düşür və həmin dövlətlərin təhlükəsizliyi ciddi təhdid altında qalır. Həmin raketlərdən biri qüsurlu olsa, Azərbaycanın, eyni zamanda digər xəzəryanı dövlətlərin neft və qaz yataqları üzərinə düşə və ciddi itkiyə səbəb ola bilər. Təbii ki, Rusiya bu hərbi əməliyyatları Aralıq dənizi üzərindən də edə bilərdi. Rusiyanın hətta Aralıq dənizində hərbi bazaları da mövcuddur. Bu əslində bir siyasi mesajdır. Rusiya əslində bildirmək istəyir ki, bu dəniz Rusiyanın nəzarəti altındadır. Yəni Qərbə siyasi mesajdır. Rusiya bir növ əzələ nümayişi etdi. ABŞ və Türkiyə son zamanlar genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirirdi. Rusiya bir növ bildirmək istədi ki, onların hərbi gücü heç də ABŞ-dan, NATO ölklərindən, Türkiyədən geri qalmır”.
“Rusiya təhlükəli bir oyuna girişib” deyən Elxan Şahinoğlu aşağıdakı fikirləri səsləndirdi:
“Əslində Rusiyanın son dövrlər yeritdiyi xarici siyasət Rusiya-Türkiyə münasibətlərini gərginləşdirib. Bütün bu faktları bir yerə yığdıqda görə bilərik ki, Rusiya çox təhlükəli bir oyuna girişib. Rusiya bir tərəfdən İŞİD mövqelərini bombardman edir. Buna əslində bir irad yoxdur. Lakin Rusiya eyni zamanda Əsəd rejiminə yardım etmək istəyir. Buna görə də Rusiya-Türkiyə münasibətləri çox pis vəziyyətdədir. Düşünürəm ki, Rusiya bu hərbi əməliyyatları İranla razılaşıb həyata keçirir. Çünki həmin raketlər İran və İraq ərazisindən Suriya ərazisinə keçir. Lakin Rusiya digər xəzəryanı dövlətləri də xəbərdar etməli idi”.
Siyasi şərhçi Rasim Musabəyov isə bildirdi ki, Rusiya İŞİD hədəflərinə yox, Suriya müxalifətinə zərbələr endirir:

“Rusiya əslində Əsədə qarşı vuruşan Suriya müxalifətini darmadağın edir. ABŞ Dövlət Departamenti belə bir bəyanatla çıxış edib ki, Rusiya zərbələrinin 90%-i heç də İŞİD hədəflərinə gedib çatmır. Rusiyanın Xəzər dənizini “sülh dənizi” adlandırmasına heç kəs inanmırdı. Xəzər vasitəsilə Rusiyanın Suriya ərazisini bombardman etməsi əslində əzələ nümayişindən başqa bir şey deyil”.
“Moskva Xəzərdəki hərbi əməliyyatlarla bağlı izahat verməlidir” deyə politoloq Fikrət Sadıqov münasibət bildirdi:

“Təbii ki, Xəzər dənizinin hərbi əməliyyatlar meydanı kimi istifadə edilməsi Xəzəryanı dövlətlər üçün böyük təhlükədir. Rusiya bəyan edir ki, bu mübarizə bəşəriyyətə ciddi təhlükə törədən terrorizmə qarşı yönəlib. Lakin düşünürəm ki, Rusiya Xəzərdəki hərbi əməliyyatlarla bağlı izahat verməlidir”. Qeyd edək ki, ümumilikdə İŞİD-in mövqelərinə 26 raket atılıb. Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib. Rusiyanın prezidenti Putin və müdafiə naziri Sergey Şoyqu Xəzər dənizi üzərindən hərbi əməliyyatlarlın aparılmasını təsdiq etmişdi.



