Rusiyanın maliyyə naziri Siluanov ölkəsinin qeyri-neft və təbii qaz gəlirlərində artım müşahidə etdiyini ifadə edərək, “Problem neft və qaz gəlirlərindədir. Şərtləri və endirimləri nəzərə alsaq, onların hələlik planların arxasında olduğunu görürük”,-deyib.
Elchi.az xəbər verir ki, Anton Siluanov Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən hökumətin iclasında dəyərləndirmələr edib.
Büdcə gəlirlərinin ümumi planlaşdırılan illik gəlirlərin 30 faizinə çatdığına diqqət çəkən Siluanov, “Büdcə xərcləri 39 faizlə reallaşıb. Ona görə də büdcədə müvəqqəti balanssızlıq var ki, onu düzəltmək lazımdır”,-deyə bildirib.
Siluanov qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərində artım olduğunu ifadə edərək, “Qeyri-neft və təbii qaz gəlirləri planlaşdırıldığı kimi artır. Beləliklə, biz, yəqin ki, ilin sonuna kimi qeyri-neft və qaz gəlirlərində cüzi artım gözləyə bilərik”.
2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
Çin və Hindistan başda olmaqla, Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər istəyir.
Nuranə Məmmədova




