Qərb-Rusiya qarşıdurması və rəqabəti siyasi, iqtisadi, hərbi müstəvilərlə yanaşı, hüquqi müstəvidə də davam edir. Rusiya ilə bağlı beynəlxalq məhkəmələrin icraatında olan işlərə baxış son həftələrdə birdən-birə sürətlənib. Bunların başında YUKOS-in sabiq səhmdarlarının iddiası əsasında Haaqa məhkəməsində Rusiya dövlətinin 50 milyard dollar məbləğində cərimələnməsi məsələsi gəlir.
Məlum olduğu kimi, Putinin tapşırığı ilə dövlət tərəfindən zorla ələ keçirilmiş (ekspropriasiya edilmiş) şirkətin keçmiş sahibləri artıq beynəlxalq məhkəmənin qərarı əsasında Avropa ölkələrində Rusiya dövlətinin əmlakına həbs qoydurmağa başlayıblar. Növbə ABŞ-a da çatıb. Bu günlərdə ABŞ-ın Moskvadakı səfirliyi bu işlə bağlı Kolumbiya dairə məhkəməsində (Vaşinqton) qaldırılan iddiaya dair məhkəmə sənədlərini Rusiya hökumətinə təqdim edib. İddia Haaqa məhkəməsinin YUKOS haqqında qərarının ABŞ ərazisində tanınması və məcburi icrası tələbini ehtiva edir. Rusiya hökumətinə ünvanlanmış məhkəməyə çağırış vərəqəsi ABŞ Dövlət Departamentinin xətti ilə çatdırılıb. Rusiya tərəfi avqustun 20-nə qədər iş üzrə müdafiəsini təqdim etməlidir. Lakin Rusiyanın müdafiəsinin haqlı sayılması və qəbul olunması ehtimalı sıfıra yaxındır. Rusiyanın ABŞ-dan çıxarmağa macal tapmadığı, diplomatik immunitetə malik olmayan əmlakına və aktivlərinə həbs qoyulması ehtimalı çox yüksəkdir. Amerikalı məhkəmə icraçıları əgər Rusiyanın hər hansı aktivinə rast gəlməsələr, o zaman ABŞ hava limanlarına enən Rusiya təyyarələrinə və ABŞ ərazi sularına daxil olan Rusiya gəmilərinə həbs qoyula bilər.
Başqa bir önəmli hüquqi məsələ 2014-cü ilin iyulunda Ukraynanın şərqində, hərbi əməliyyatlar gedən zonada Amsterdam-Kuala Lumpur reysi ilə hərəkət edən, Malayziya Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsinin vurulması ilə bağlıdır. Hollandiya dövləti 298 nəfərin ölümü ilə nəticələnən bu dəhşətli cinayətin təhqiqatını artıq başa çatdırmaq üzrədir. Hadisənin səbəbləri haqqında Hollandiya Milli Təhlükəsizlik Şurası ekspertlərinin apardığı təhqiqatın nəticələrinə dair qeyri-rəsmi hesabat Rusiya da daxil olmaqla, maraqlı dövlətlərə göndərilib. Malayziya isə günahkarların müəyyənləşdirilib, cəzalandırılması üçün beynəlxalq tribunal yaradılmasını nəzərdə utan qətnamə layihəsi hazırlayaraq BMT-də yayıb. Maraqlıdır ki, bu hadisədə Ukrayna tərəfini günahlandıran, hətta “Boeing”i Ukrayna əsgərlərinin vurduğu haqda müxtəlif “sübutlar”la çıxış edən Rusiya beynəlxalq tribunal yaradılmasının əleyhinə olduğunu bəyan edib. Rusiya tərəfi Hollandiyanın apardığı təhqiqatın nəticələrindən məmnun olmadığını da bildirib. Rusiyanın bu reaksiyasından sonra cinayətin separatçılar tərəfindən törədildiyinə şübhə qalmayıb. Cinayətin izi isə Rusiyanın özünə gedib çıxır, çünki separatçıların təyyarəni vurmaq üçün istifadə etdiyi “Buk” zenit-raket kompleksi məhz Rusiyadan göndərilib.
Hollandiyanın apardığı təhqiqatın nəticələri rəsmən açıqlandıqdan sonra beynəlxalq tribunal yaradılsa da, yaradılmasa da, faciə qurbanlarının ailələri beynəlxalq məhkəmələrdə Rusiya əleyhinə iddialar qaldırmaq üçün hüquqi əsas əldə etmiş olacaqlar. Bu iddialar nəticəsində yaxın gələcəkdə Rusiyanın ağır təzminat cəzalarına məruz qalacağı şübhə doğurmur. Məsələnin Rusiya üçün siyasi nəticələri də xoşagələn olmayacaq, belə ki, Ukraynadakı separatçıların əməli terror kimi qiymətləndiriləcək və onlara açıq dəstək verən Rusiya dolayı da olsa terrorçuları dəstəkləyən dövlət kimi qınanacaq. Bu fakt Rusiya dövlətinin beynəlxalq imicinə növbəti ağır zərbə olacaq.
Rusiya üçün növbəti hüquqi problem 2004-cü ilin sentyabrında Beslan şəhərindəki orta məktəbdə terrorçular tərəfindən girov götürülən 1200 nəfəri azad etmək üçün əməliyyat keçirən Rusiya xüsusi təyinatlılarının törətdikləri cinayətlə bağlıdır. Həmin “xilas” əməliyyatı zamanı 334 nəfər (180-dən çox uşaq) ölmüşdü. Övladını itirən və bu qeyri-insani əməliyyatdan zərər çəkən şəxslər (477 nəfər) Avropa İnsan Haqları Məhkəməsinə üz tutmuşdu. Bu günlərdə məhkəmə ilkin qərarını açıqlayıb və bütün şikayətləri haqlı sayıb. Qərarda Rusiya xüsusi təyinatlıları tərəfindən əməliyyat zamanı qumbaraatanlar və alovsaçan (oqnemyot) silahlardan istifadə olunduğu və girovların saxlanıldığı idman zalında baş verən partlayışların da terrorçuların yox, məhz hökumət qüvvələrinin günahı ucbatından baş verdiyi bildirilir. Rusiya dövləti məhkəməyə bunu əksini sübut edən dəlillər təqdim edə bilməyib. Rusiyanın bu iş üzrə də təzminat cəzalarına məhkum olunacağı gözləniləndir.
Rusiya üçün növbəti bəd xəbər Rumıniyadan gəlib. Bu ölkədə məhkəmə tərəfindən “Lukoil” neft şirkətinin bank hesablarına həbs qoyulub. Həbs qoyulmuş aktivlərin məbləği 2 milyard dollar məbləğində qiymətləndirilir. Qərar çirkli pulların yuyulması və vergidən yayınmalarla əlaqədardır. Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi olan şirkətin hüquq pozuntuları nəticəsində dövlətə 230 milyon avro həcmində ziyan vurulub.
Rusiyaya qarşı bütün cəbhələrdə, o cümlədən hüquq müstəvisində hücumlar davam edəcək. Yaxın gələcəkdə Ukrayna dövlətinin və Krımın ilhaq nəticəsində zərər görmüş özəl şirkətlərin Rusiyaya qarşı iddiaları əsasında beynəlxalq məhkəmə instansiyalarında qəbul olunacaq qərarların da şahidi olacağıq.
Şahin Cəfərli, politoloq




