“Rusiya bütün gücünü işə salaraq, Azərbaycanı “Gömrük İttifaqı”na sürükləmək istəyir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.
Onun sözlərinə görə, Kreml Ukraynadakı itkidən sonra Azərbaycan və digər postsovet ölkələrinin hesabına bu boşluğu doldurmağa çalışır: “Rusiya başa düşür ki, sürətlə nüfuzdan düşməkdədir. Artıq Rusiyadakı hakimiyyəti bütün dünya diktator rejim kimi qəbul edir. Əslində çoxdan belə qəbul olunurdu. Son vaxtlar isə bu rəsmi şəkildə dilə gətirilir. Belə bir vəziyyətdə Rusiya hücuma keçməklə, özünə qarşı yönələn təzyiqləri dayandırmağa çalışır. Təbii ki, demokratik qaydalar işləmədiyindən, güc, təzyiq yolundan istifadə edilir. Hazırki situasiyada Kreml əsas gücünü məhz bu istiqamətə yönəldib. Azərbaycana qarşı təzyiq rıçağı kimi isə Dağlıq Qarabağ kartından və Rusiyadakı azərbaycanlı miqrantlardan istifadə olunur. Azərbaycan tərəfi Rusiya ilə münasibətlərdə bir balaca soyuqluq yaradan kimi, Kremlin sifarişi ilə Ermənistan atəşkəs rejimini pozur, Rusiyadakı miqrantlara təzyiqlər artır. Lakin Putin unudur ki, artıq təzyiq, təhdid yolu ilə dövlətləri geri çəkilməyə təhrik etmək mümkün deyil və bu siyasət onun özünü məhvə aparır. Ukraynanın timsalında biz bunu aydın gördük”.




