“Ukrayna müharibəsinin tərəflər baxımından mahiyyətinin anlaşıldığı andan bu müharibənin nəticəsinin necə olacağını proqnoz etmək olar.
Məsələ əslində işğalçı tərəf və ya işğala qarşı mübarizə məsələsi deyildir. Burda hər şey anlaşılandır. Əsas məsələ bu prosesin davam etdiyi ərazi və bu əraziyə uyğun tərəflərin yürütdüyü strategiyadır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
Politoloqun sözlərinə görə, Rusiyanın planı artıq məlumdur: “Dörd vilayəti işğal edib, özünə qatdı və artıq irəli getməyə gücü olmadığı üçün də yerində duracağı aydınlaşır, yəni müdafiə mövqeyinə keçir. 100 mindən, səfərbərlikdın sonra bəlkə 200 mindən çox əsgərlə bu əraziləri qoruyacaq.
Ukrayna da qarşı tərəfə bundan çox əsgər yığıb. Ukraynanın əlində olan top və raket sistemlərinin atış radiusu daha uzundur və daha dəqiqdir. Rusiyada isə uzaqmənzilli yeni və köhnə nəsil dəqiq və nisbətən dəqiq raketlər var. Fərq ondadır ki, Ukraynanın istifadə etdiyi mərmi və raketlərin məbləği Rusiyanın istifadə etdiyindən dəfələrlə ucuzdur, amma daha effektlidir. Ukraynanın toplardan atdığı mərmini Rusiya gəmilərdən raket şəklidə atır. Bunların miqdarı da məhdud saydadır, istehsalı da sanksiyalar sayəsində məhdud və ya yox səviyyəsindədir. Ukraynanın getdikcə daha da güclü sistemlərlə təchizatı artırılır.
İndi, məhdud bir ərazidə, yüz minlərlə rus ordusu və onların məlum toplaşma yerlərinin dəqiq və güclü mərmi və raketlərlə vurulması durumunu təsəvvür etsək, hər belə atışda nə qədər rus əsgər və texnikasının məhv edilməsini təsəvvür etmək elə də çətin deyildir. Ukrayna ordusunun isə öz ərazisində manevr imkanları çox geniş olacaq. Rus silahının atəş radiusunda dayanmadan da döyüş aparacaq. Bir sözlə rus ordusu kütləvi məhv olacağı bir ərazidə nə qədər duruş gətirə biləcək, bu çox maraqlıdır.
İnsan və silah itkisi Rusiyanın mənəvi çöküşünü, sanksiyalar isə maddi çöküşünü şərtləndirəcək.
Gələk nüvə məsələsinə. Rusiyanın işğal etdiyi ərazilərin qarşısında taktiki nüvə silahı işlətməklə bufer zona yaratmasından və bununla da müharibənin taleyini öz xeyrinə həll edəcəyini proqnoz edirlər. Tutaq ki, bu, baş verdi və ordular arasında nüvə radiasiyalı bufer zona əmələ gəldi, eyni zamanda, bu radiasiyalı ərazilərin rusların əlində olan ərazilərə təsir etməyəcəyini fikirləşmək də sadəlövhlükdür. Ukrayna ordusu bu ərazilərə daxil ola bilmədi. Onda Qərb Ukrayna ordusuna daha uzun mənzilli raketlər verəcək. Məsələn bu günə kimi atəş məsafəsi 70-80 km olan HAYMARS-lar vermişdi, indi 300 km olanını verəcək və s. Belə şəraitdə hansı rusun və ya rusyönlünün bu ərazilərdə yaşayacağı sual doğuracaq. Buralar ölü və insansız ərazilərə çevriləcək. Bunlar məsələnin texniki tərəfləridir.
Bir müddətdən sonra Rusiya bu ərazilərdən çəkilmək məcburiyyətində qalacaq. Amma bu çəkilmə sovet ordusunun Əfqanıstandan çəkilməsinə bənzəyəcək, sadəcə daha ciddi nəticələri ilə fərqlənəcək, çünki Rusiya vətəndaş müharibəsinə cəlb olunacaq. Oliqarxlarla sadə rusların müharibəsinə. Ən yaxşı halda Putinin devrilməsi ilə”.
Yeganə




